Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

azexport.az portalının təqdimat mərasimi keçirilib

  • Oxunub 1406 dəfə

 Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları da iştirak ediblər

 Dekabrın 20-də ADA Universitetində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan "azexport.az" portalının təqdimat mərasimi keçirilib. Portal Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanmış sərəncamı əsasında yaradılıb. Portalın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma yaradılmasıdır.

 Portalın meneceri Zaur Qardaşov onun mahiyyəti və imkanları barədə təqdimat edib. Portalın funksionallığı, Azərbaycan istehsalçıları barədə vahid məlumat bazasının işləmə prinsipi, eyni zamanda portalın ixracatçılara təklif etdiyi əlavə imkanlardan, portala inteqrasiya olunmuş milli və beynəlxalq odəniş sistemləri, nəqliyyat və logistika xidmətləri, real rejimdə tərcümə xidməti və Azərbaycan məhsullarının beynəlxalq ticarət platformalarında yerləşdirmə imkanları barədə də məlumat verilib.

 Portalda Azərbaycanda istehsal olunan mallar barədə məlumatlar bir bazada toplanacaq. Məlumatlar Azərbaycan, rus və ingilis dilində olacaq ki, bu da xarici ölkələrdə fəaliyyət göstərən sahibkarların yerli istehsal olan məhsullarla tanış olmasına imkan verəcək. Portalda yaradılacaq "şəxsi kabinet"ə sahibkarlar daxil olmaqla öz məlumatlarını sayta yerləşdirə biləcək. Bu sahədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ölkədə elektron ticarətin inkişafına öz töhfəsini verəcək.

 Sonda "Azexport.az" resursuna aid video-çarx nümayiş etdirilib. Təqdimat mərasimində AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d. Aqil Eyvazov və böyük elmi işçi, i.f.d. Səbinə Şıxəliyeva da iştirak ediblər (economics.com.az).