- Oxunub 1113 dəfə
HAQQINDA
İqtisadiyyatın solluğu (sağlığı) indeksi – İS(S)İ – Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq dərc etdiyi illik göstəricidir. Birinci mərhələdə İndeks Şərqi Avropa və Mərkəzi Asiya (ŞAMA) regionu dövlətləri və bir sıra inkişaf etmiş ölkələr üçün (cəmi 37 ölkə) hesablanmışdır.
İqtisadiyyatın solluğu-sağlığı konsepti və İS(S)İ üzrə təhlillərlə bu kitabda daha
ətraflı tanış olmaq mümkündür: N.Müzəffərli. İqtisadiyyatın sosialyönlüyü sağçı
və solçu sistemlərdə. – Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2014.
= = =
Hansı siyasi-iqtisadi məfkurəni rəhbər tutmalarından asılı olmayaraq, bütün dövlətlər və siyasi qruplar ictimai rifahın yüksəlməsini özlərinin son məqsədi elan edirlər. Solçu siyasi-iqtisadi məfkurəyə görə, həmin məqsədə çatmağın ən “qısa” və düzgün yolu dövlətin fəal tənzimləmə tədbirləri həyata keçirməsindən, sağçı məfkurəyə görə isə, iqtisadiyyatın “sərbəst buraxılması”ndan keçir. Bu iki fəlsəfə (solçuluq və sağçılıq) arasındakı rəqabət müasir dünyada siyasi-iqtisadi inkişafın əsas təkanverici qüvvələrindəndir.
Solçuluq və sağçılıq təkcə dünyagörüşlərini deyil, real iqtisadiyyatları da səciyyələndirir. İqtisadiyyat özü də solçu və ya sağçı ola bilər və olur. İqtisadiyyatın solluğu-sağlığı ölçüyəgələndir. Hər bir konkret ölkə (və ya ölkələr qrupu) üçün İS(S)İ bunu ifadə edir ki, onun iqtisadiyyatı hansısa konkret başqa bir ölkənin (ölkələrin) iqtisadiyyatına nəzərən daha solçu, digərinin (digərlərinin) iqtisadiyyatına nəzərən daha sağçı iqtisadiyyatdır. İndeks həm də iqtisadiyyatın solluq-sağlıq dərəcəsini ölçür, yəni onu qiymətləndirməyə imkan verir ki, “A” ölkəsinin iqtisadiyyatı “B” ölkəsinin iqtisadiyyatına nisbətən nə qədər solda və ya sağdadır.
= = =
Hər ölkədə və konkret zaman kəsiyində dövlətin iqtisadiyyata müdaxiləsi bəlli bir səviyyədə olur. Müxtəlif ölkələrin iqtisadi sistemləri (modelləri) həm də iqtisadiyyata dövlət müdaxiləsinin səviyyəsindən asılı olaraq fərqlənir. Bəzi müdaxilə formaları solçu və sağçı siyasi-iqtisadi qruplar (ilk növbədə siyasi partiyalar) arasında siyasi rəqabət mövzusudur, digərləri – deyil. Siyasi rəqabət mövzusu olan müdaxilə formalarının real, faktik dərəcəsi (dərinliyi) iqtisadiyyata solluq-sağlıq əlamətləri verir. Belə müdaxilə formaları üzrə dövlətin iqtisadiyyata müdaxiləsi nə qədər yüksəkdirsə (çoxdursa), iqtisadiyyat bir o qədər daha soldadır və əksinə, nə qədər aşağıdırsa (azdırsa), bir o qədər daha sağdadır.
İqtisadiyyatın solluğu (sağlığı) indeksinin bütün dövlətlər üçün optimal sayıla biləcək bir qiyməti mövcud deyil. Solçu və sağçı iqtisadiyyatlara sahib olan müxtəlif dövlətlər istər iqtisadi inkişaf sahəsində, istərsə də sosial rifahın yüksəldilməsi sahəsində eyni dərəcədə uğur qazana bilir. Bir ölkəyə sağçılıq uğur gətirirsə, digərinin müvəffəqiyyətə doğru yolu solçuluqdan keçir. Üstəlik, İndeksin optimallıq nöqtəsi həm də zaman içində (ildən-ilə) dəyişir.
Lakin bu və ya digər ölkədə İndeksin optimallığa nə dərəcədə yaxın olduğunu indikativ metodla, ilk növbədə iqtisadi artım tempi əsasında müəyyənləşdirmək mümkündür. İndikativ üsulla iqtisadiyyatın ayrı-ayrı sahələrinin solluq-sağlıq optimallığı da qiymətləndirilə bilər. Ölkə öz iqtisadiyyatının hansısa sahəsində idarəetməni liberallaşdırdıqda (və ya sərt tənzimləmə tədbirləri həyata keçirdikdə) onun inkişaf tempi digər sahələrlə müqayisədə yüksəlirsə, deməli, bu tədbirlər düzgün seçilmişdir və davam etdirilməlidir.
= = =
İqtisadiyyatın solluğu (sağlığı) üzrə araşdırmaları İqtisadiyyat İnstitutunun aşağıdakı ekspertləri aparırlar:
Nazim MÜZƏFFƏRLİ – i.e.d., prof.;
Mayis GÜLALIYEV – f.f.d., Koordinator;
Allahyar MURADOV – i.f.d., dos.;
Rəsmiyyə ABDULLAYEVA – i.f.d., dos.;
Emin MƏMMƏDZADƏ – i.f.d.; dos.;
Fərqanə MUSAYEVA – i.f.d., dos.;
Rüfət EFENDİYEV – i.f.d., dos.
Yardımçı analitik işlər Bəhruz Əhmədov, Mahir Zeynalov, Əli Vəliyev və Ruzi Məmmədov tərəfindən yerinə yetirilir.