Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

  • Oxunub 14189 dəfə

METODOLOGİYA


2017-ci il üçün İqtisadiyyatın solluğu (sağlığı) indeksi altı sub-indeks əsasında hesablanmışdır:

• Dövlət maliyyəsi sub-indeksi (DM),
• Qiymətlərin tənzimlənməsi sub-indeksi (QT),
• Xarici ticarət sub-indeksi (XT),
• Lisenziyalaşdırma sub-indeksi (L),
• Məşğulluğun tənzimlənməsi sub-indeksi (MT),
• Minimum əmək haqqı sub-indeksi (MƏH).

İqtisadiyyatın solluğu (sağlığı) indeksi, onun bütün sub-indeksləri və bunların alt-indeksləri 0-1 aralığında dəyişir. “0” – iqtisadiyyatın “mütlə́q sağlığını” (dövlətin iqtisadiyyata heç bir müdaxilə etməməsini), “1” – “mütlə́q solluğunu” (iqtisadiyyatın bütünlüklə dövlət tərəfindən idarə edilməsini) göstərir. Xarici ticarət sub-indeksinin hər üç alt-indeksi və Məşğulluğun tənzimlənməsi sub-indeksinin Məşğulluğun tənzimlənməsinin sərtliyi alt-indeksi istisna olmaqla, bütün göstəricilər 0-1 aralığına (Vi - Vmin) / (Vmax - Vmin) düsturu ilə gətirilmişdir. Adı çəkilən alt-indekslər isə baza göstəricinin mahiyyətinə uyğun olaraq, (Vi - Vmax) / (Vmin - Vmax) düsturu ilə indeksləşdirilmişdir.

Bəzi ölkələrdə iqtisadi tənzimləmənin ayrı-ayrı formaları üzrə (yəni ayrı-ayrı sub-indekslər üzrə) mütlə́q sağlıq və ya mütlə́q solluq halları olsa da, ümumən, hər hansı bir ölkə iqtisadiyyatının “mütlə́q sağ” və ya “mütlə́q sol” nöqtəyə düşməsi mümkünsüzdür. Odur ki, bütün ölkələr üzrə İS(S)İ “0” və “1” nöqtələrindən müəyyən kənarlaşmada yerləşir.

2015-ci və 2016-cı illərdə olduğu kimi, 2017-ci il üzrə hesablamalarda da sub-indeksləri formalaşdıran alt-indekslərin hər biri üzrə mümkün (və ya ehtimal edilən) minimal göstərici “Vmin”, mümkün (və ya ehtimal edilən) maksimal göstərici “Vmax” olaraq qəbul edilmişdir.

= = =

Dövlət maliyyəsi sub-indeksi gəlirlərin vergilər vasitəsi ilə yenidən bölünməsinin səviyyəsini ifadə edir və öz növbəsində iki alt-indeksin – Büdcə xərcləri alt-indeksininMüəssisələrin vergi yükü alt-indeksinin cəbri ortası kimi hesablanmışdır. Büdcə xərcləri alt-indeksi büdcə xərclərinin ÜDM-də faizlə ifadə edilən pay göstəriciləri əsasında hesablanmışdır. Faktik informasiya BVF-in statistik bazasından əldə edilmişdir (World Economic Outlook Database). Vergi yükü alt-indeksi, modelləşdirilmiş özəl şirkətin bir il ərzində ödədiyi vergilərin onun illik mənfəətinə nisbəti göstəricilərinin əsasında sayılmışdır. Statistik məlumatlar Dünya Bankının “Paying Taxes 2018” hesabatından götürülmüşdür.

Əgər təhlil olunan ölkələr arasında resurs ixracatçıları olmasaydı, büdcə xərclərinin ÜDM-ə nisbəti müəssisələrin vergi yükünü (və ümumiyyətlə vergi yükünü) də adekvat əks etdirərdi. Büdcə vəsaitlərinin mühüm bir qismi neft-qaz fondlarından trasfertlərlə formalaşanda vergi yükü göstəricilərinin ayrıca nəzərə alınmasına ehtiyac yaranır.

Bəzi araşdırma mərkəzləri vergi yükünü gəlir və mənfəət vergilərinin yuxarı həddi əsasında hesablayır, lakin yuxarı hədlə vergi ödənməsi əksər ölkələr üçün tipik deyil. Buna görə də Vergi yükü alt-indeksinin hesablanması üçün hipotetik şirkətin vergi yükü göstəricilərindən istifadə olunmuşdur. Nəzəri baxımdan, Dövlət maliyyəsi sub-indeksi gəlir vergisi vasitəsi ilə yenidən bölünən milli gəliri də əks etdirməlidir, amma bəzi ölkələrdə proporsional, digərlərində isə proqressiv vergi sistemi tətbiq edilir və onları vahid bir ölçüyə gətirmək yanlışdır.

Hər iki alt-indeks üçün Vmin = 0, Vmax = 100 götürülmüşdür.

= = =

Qiymətlərin tənzimlənməsi sub-indeksi qiymətlərin nə dərəcədə sərbəst əmələgəlməsini (sağ qütb) və eyni zamanda, dövlətin qiymətlərin formalaşmasına nə dərəcədə müdaxilə etməsini (sol qütb) ifadə edir. Sub-indeksin sıfıra yaxınlaşması qiymətqoymada liberallığın artmasını, birə yaxınlaşması isə qiymət tənzimlənməsinin güclənməsini ifadə edir. 2014-cü və 2015-ci illər üzrə tədqiqatlarda bu Sub-indeks iki alt-indeksin – Qiymət azadlığı alt-indeksininMonetar azadlıq alt-indeksinin sadə hesabi ortası kimi hesablanmışdı.

2016-cı və 2017-ci illər üzrə hesabatlarda isə nisbətən daha geniş anlamda həm monetar, həm qeyri-monetar, həm formal, həm də qeyri-formal qiymət tənzimləmələrini özündə əks etdirən alıcılıq qabiliyyəti pariteti (AQP) əmsallarından istifadə olunmuşdur. Hər bir ölkə üçün bu əmsal AQP ilə hesablanmış (Beynəlxalq dollarla ifadə olunmuş) ÜDM həcminin cari ABŞ dolları ilə ifadə olunmuş ÜDM həcminə nisbəti kimi müəyyən edilmişdir. Hər iki göstərici sırası BVF-in statistik bazasından (World Economic Outlook Database) götürülmüşdür. AQP əmsalları, ölkələr üzrə qiymətlərin ümumi səviyyəsi ilə ABŞ-dakı qiymət səviyyəsinin müqayisəsini ifadə etməklə, həm də ölkələr arasındakı qiymət səviyyəsi fərqlərini müəyyənləşdirməyə imkan verir.

Ölkələr arasında qiymət səviyyəsi fərqlərinin determinantları sırasında monetar qiymət tənzimləməsi (ən ümumi şəkildə iqtisadiyyatın monetizasiya səviyyəsi – milli valyuta ilə pul kütləsinin ÜDM-ə nisbəti) və bəzi strateji məhsullar (məsələn, enerji) üzrə qiymətlərə yuxarı hədd məhdudiyyətlərinin tətbiqi ilk sıralarda dayanır. Hansı ölkələrdə monetizasiya səviyyəsi daha aşağı (bu, monetar qiymət tənzimləməsinin sərtliyini ifadə edir), eyni zamanda dövlət tərəfindən bir sıra məhsullar üçün rəsmi qaydada müəyyən olunmuş “tavan qiymət məhdudiyyətləri” həmin məhsulların real bazar qiymətindən daha aşağıdırsa (bu qeyri-monetar qiymət tənzimləməsinin sərtliyini ifadə edir), həmin ölkələrdə qiymətlərin səviyyəsi daha aşağıdır, başqa ifadə ilə, AQP əmsalı daha yüksəkdir. Bu baxımdan AQP əmsalı qiymət tənzimlənməsinin səviyyəsi üzrə beynəlxalq müqayisələr aparmaq üçün hazırda əlçatan olan göstəricilər arasında mənzərəni nisbətən daha dəqiq ifadə edənidir. 

AQP əmsallarının indeksləşdirilməsi zamanı Vmin = 0,1, Vmax = 10 götürülmüşdür.

= = =

Xarici ticarət sub-indeksi xarici ticarətin liberallıq səviyyəsini (sağ qütb) və dövlətin bu sahədəki tənzimləmə tədbirlərinin sərtliyini (sol qütb) ölçür. Sub-indeksin sıfıra yaxınlaşması şirkətlərin xarici ticarət sərbəstliyinin artmasını, birə yaxınlaşması isə bu sahədə dövlət tənzimlənməsinin sərtləşməsini ifadə edir.

Üç konseptual müddəa üzərində qurulmuşdur. Birincisi, xarici ticarət azadlığını ixracın yox, idxalın sərbəstliyi ilə ölçmək lazımdır. İkincisi, idxalın sərbəstliyi yüksəldikdə, daxili bazarın qorunması, bir qayda olaraq, zəifləyir. Üçüncüsü, təbii resurs ixracının iqtisadiyyatda əhəmiyyətli paya malik olduğu ölkələrdə xarici ticarət azadlığını ixrac-idxal əməliyyatlarının mütlə́q və nisbi həcm göstəriciləri ilə (məsələn, ixrac və idxal həcminin ÜDM-ə nisbəti ilə) ölçmək olmaz.

Xarici ticarət sub-indeksi üç alt-indeksin – Xarici ticarət azadlığı alt-indeksinin, İdxalın iqtisadi qiyməti alt-indeksininTicarətin azadlığı alt-indeksinin sadə hesabi ortası kimi hesablanmışdır. Xarici ticarət azadlığı alt-indeksi Freyzer İnstitutunun eyniadlı göstəriciləri əsasında (Economic Freedom of the World 2018), İdxalın iqtisadi qiyməti alt-indeksi Dünya İqtisadi Forumunun “Beynəlxalq ticarətdə iştirak” hesabatının materialları əsasında (World Economic Forum – The Global Enabling Trade Report 2016), Ticarətin azadlığı alt-indeksi isə He-ritage Fondu ilə The Wall Street Journal’ın birlikdə hazırladığı “İqtisadi Azadlıq İndeksi” hesabatındakı eyniadlı göstəricilər əsasında (2017 İndex of Economic Freedom) hesablanmışdır.

Xarici ticarət azadlığı alt-indeksi üçün Vmin = 0, Vmax = 10, İdxalın iqtisadi qiyməti alt-indeksi üçün Vmin = 0, Vmax = 7, Ticarətin azadlığı alt-indeksi üçün Vmin = 0, Vmax = 100 götürülmüşdür.

= = =

Lisenziyalaşdırma sub-indeksinin hesablanması zamanı dörd parametri nəzərə almaq lazımdır: a) lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı; b) lisenziyalaşdırılan fəaliyyət növlərinin çeşidi; c) lisenziyaların keçərlilik müddəti; ç) lisenziyaların verilmə qaydaları. Bu göstəricilər iş sahibləri üçün nə qədər əlverişlidirsə (yəni say azdırsa, çeşid məhduddursa, müddət uzundursa və qaydalar sadədirsə), iqtisadiyyat bir o qədər daha sağdadır. Lakin hazırda bu göstəricilərin heç biri üzrə elmi tutarlılığı şübhə doğurmayan dövlətlərarası müqayisə aparmaq mümkün deyil.

Ona görə də Lisenziyalaşdırma sub-indeksi Dünya Bankının metodologiyası əsasında – modelləşdirilmiş müəssisənin hipotetik bir tikinti üçün aldığı lisenziyalara sərf etdiyi vaxt və xərc göstəricilərinin indeksləşdirilməsi əsasında (Doing Business 2017: Dealing with Construction Permits), bu alt-indekslərin hesabi ortası kimi hesablanmışdır. Dünya Bankının istifadə etdiyi üçüncü göstərici – prosedurların sayı ümumi mənzərəni təhrif etdiyi üçün nəzərə alınmamışdır.

Vaxt alt-indeksi üçün Vmin = 0, Vmax = 1000, Xərc alt-indeksi üçün isə Vmin = 0, Vmax = 100 götürülmüşdür.

= = =

Məşğulluğun tənzimlənməsi sub-indeksi iş sahibi ilə muzdlu işçi arasında əmək prosesinin təşkili ilə bağlı münasibətlərə dövlətin nə dərəcədə müdaxilə etməsini ölçür. Ənənəvi sosial proqramlardan fərqli olaraq, bu müdaxilə birbaşa sosial müdafiə məqsədləri güdür. İşçinin birbaşa sosial müdafiəsinin gücləndirilməsi, bir qayda olaraq, iş sahibinin sərbəstliyini məhdudlaşdırmaq hesabına başa gəlir.

İki alt-indeks – Məşğulluğun tənzimlənməsinin sərtliyi alt-indeksiİşdənçıxarma xərcləri alt-indeksi əsasında hesablanmışdır. 2015-ci il hesabatında Məşğulluğun tənzimlənməsinin sərtliyi alt-indeksi, üç göstərici – işəgötürmənin asanlığı (çətinliyi), iş vaxtının tənzimlənməsinin sərtliyi işdənçıxarmanın asanlığı (çətinliyi) əsasında hesablanmış, birinci alt-indeksin 3 komponentdən ibarət olduğu və məşğulluğun tənzimlənməsində bunların toplam rolunun daha yüksək olduğu nəzərə alınaraq, ona 0,75, İşdənçıxarma xərcləri alt-indeksinə isə 0,25 çəkiləri verilmişdi. 2017-ci il hesabatı hazırlanarkən iş vaxtının tənzimlənməsi ilə bağlı məlumatlar əlçatan olmadığından Məşğulluğun tənzimlənməsinin sərtliyi alt-indeksi işəgötürmə və işdənçıxarmanın asanlığı (çətinliyi) göstəricisi əsasında hesablanmış, yekun sub-indeksin hesablanmasında isə Məşğulluğun tənzimlənməsinin sərtliyi alt-indeksi və İşdənçıxarma xərcləri alt-indeksinə, uyğun olaraq 2/3 və 1/3 çəkiləri verilmişdir. Statistik mənbə Dünya İqtisadi Forumunun 2016-cı il üçün məlumat bazasıdır (The Global Competitiveness Report 2016-2017).

Məşğulluğun tənzimlənməsinin sərtliyi alt-indeksi üçün Vmin = 0, Vmax = 7, İşdənçıxarma xərcləri alt-indeksi üçün isə Vmin = 0, Vmax = 78 götürülmüşdür. İşdənçıxarma xərcləri alt-indeksinin baza göstəricisi işçinin işdən çıxarılma xərclərinin həmin işçinin neçə həftəlik əmək haqqına bərabər olduğunu ifadə edir. Ölkə¬lər üzrə bu göstəricinin maksimum səviyyəsinin 58,5 olduğunu nəzərə alaraq şərti olaraq 78 həftə (1,5 ildəki həftələrin sayı) bu göstərici üçün maksimum (mütlə́q sol qütb nöqtəsi) kimi qəbul edilmişdir. 

= = =

Minimum əmək haqqı sub-indeksi dövlət tərəfindən müəyyənləşdirilən illik minimum əmək haqqının adambaşına ÜDM-ə nisbətinin indeksləşdirilmiş variantıdır. Minimum əmək haqqının səviyyəsi iqtisadiyyatın solluğuna-sağlığına bilavasitə təsir edir, çünki bəzi başqa göstəricilər kimi, onun da yüksəldilməsi eyni vaxtda iqtisadiyyatın həm sollaşmasını, həm də sosialyönlüyünün güclənməsini ifadə edir.

Bir sıra dövlətlərdə MƏH qanunvericiliklə təsbit edildikdə belə, kollektiv razılaşmalarla yenidən müəyyənləşdirilir. Bu hallarda razılaşdırılmış minimum, qanunla təyin ediləndən daha yüksək olur və dövlətin qoyduğu minimum, bir növ, əmək haqqı minimumunun minimal həddi rolunu oynayır. Həm iqtisadiyyatın solluğu-sağlığı dövlət müdaxiləsi ilə şərtləndiyinə görə, həm də qanunvericiliklə təsbit edilən minimum son aşağı həddi ifadə etdiyinə görə bu araşdırmada ondan istifadə olunmuşdur.

Minimum əmək haqqının nə qanunvericiliklə, nə də kollektiv müqavilələrlə tənzimlənmədiyi ölkələrin iqtisadiyyatı bu sub-indeksə görə mütlə́q sağ qütbdə (sıfır nöqtəsində) yerləşir. Minimum əmək haqqı yalnız kollektiv müqavilələrlə tənzimləndikdə ölkənin iqtisadiyyatı şərti olaraq 0,050 nöqtəsinə, dövlət tərəfindən, amma məhdud sayda işçilər üçün müəyyənləşdirildikdə isə, əhatə etdiyi işçi qrupunun xüsusi çəkisindən asılı olaraq, ya 0,050, ya da 0,080 nöqtəsinə qoyulmuşdur.

İllik minimum əmək haqqı üzrə statistik baza wageindicator.orgminimum-wage.org saytlarının məlumatlarıdır. 

Vmin = 0, Vmax = 100 götürülmüşdür.

= = =

İqtisadiyyatın solluğu (sağlığı) indeksinin (İnteqral indeksin) hesablanması zamanı Dövlət maliyyəsi sub-indeksi digərlərindən fərqləndirilmiş və ona daha böyük xüsusi çəki verilmişdir:

İS(S)İi = 0,30*DMi + 0,14*QTi + 0,14*XTi + 0,14*Li + 0,14*MTi + 0,14*MƏHi

= = =

Dünya Bankı biznes mühitini qiymətləndirərkən ölkələri bir növ “yaxşıdan pisə” doğru, iş adamlarına daha rahat şərait yaradanlardan onun işini tənzimləyici qaydalarla çətinləşdirənlərə doğru sıralayır. İqtisadiyyatın sağlığı-solluğu üzrə təhlillərdə “pis” və “yaxşı” ölkələr yoxdur, sağçı və solçu iqtisadiyyata malik olan ölkələr var. Birincilər üçün şirkətlərin operativ sərbəstliyi, ikincilər üçünsə işçilərin sosial müdafiəsi daha yüksək prioritetdir.