Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

MÜƏLLİFLƏR ÜÇÜN QAYDALAR

  • Oxunub 15995 dəfə

 1. “AMEA-nın Xəbərləri İqtisadiyyat seriyası” jurnalında məqalələrin çapı üçün qaydalar (yüklə)

 -----------------------------------------------------------------------------------

 2. "İqtisadi Artım və İctimai Rifah" jurnalında məqalələrin çapı üçün qaydalar (aşağıda verilib)

Redaksiyanın ünvanı:

AMEA İqtisadiyyat İnstitutu, AZ 1143, H.Cavid prospekti, 115

Baş redaktor: i. e. d., prof. Nazim Müzəffərli (İmanov)

Baş redaktorun müavini: i. e. d., prof. Müşfiq Atakişiyev 

Məsul katib: i. f. d., dos. Nəsimi Əhmədov 

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Telefon: (+994 012) 510 37 92;   (+994 012) 537 22 78

  "İqtisadi Artım və İctimai Rifah" jurnalında (Journal of Economic Growth and Social Welfare) yeni elmi məqalələr, elmi informasiyalar, aktual tənqidi rəylər və tematik araşdırmalar nəşr olunur. Əlyazmanın məzmunu və yazılışı üçün yalnız müəlliflər cavabdehlik daşıyırlar. Əlyazmanın məzmunu yeni olmalı, jurnalın qaydalarına uyğun tərtib olunmalıdır. Məqalələr azərbaycan, ingilis, rus və türk dillərində nəşr olunur. Əlyazmaların qəbulu prosesində yarana biləcək problemlərin qarşısını almaq üçün əlyazmalar qrammatik və dil baxımından düzgün tərtib olunmalıdır.

 Jurnal ildə 4 dəfə (rüblük) nəşr olunur. 

Əlyazmanın redaksiyaya təqdim olunması

 Əlyazmalar elektron formada jurnalın redaksiyasının elektron poçtuna göndərilməlidir. Əlyazma mükəmməl redaktə edilmiş halda təqdim edilməlidir. Məqalələrin tərtibatı qaydalarına cavab verməyən əlyazmalar qəbul edilmir.

 Müəlliflər əlyazmanı Müəlliflərin Bəyannaməsi (elektron formada doldurulub çap edildikdən sonra imzalanmış və scan edilmiş formada) ilə birlikdə elektron formada təqdim etməlidirlər (jurnalın elektron poçtuna göndərilməlidir).

Müəlliflər əlyazmanın (həmçinin onun yenidən işlənmiş variantları və rəyçilərə göndərilən qoşma məktubun) anonimliyinin saxlanması üçün tam məsuliyyət daşıyırlar.

Məqalənin əlyazmasında onun müəllif(lər)ini tanıdan hər hansı bir məlumat olmamalıdır. Özünüzə hər hansı bir istinad etməkdən çəkinin və ya bunu minimuma endirməyə çalışın. Əgər öz işinizə istinad etmisinizsə, öz əsərlərinizə üçüncü şəxsdə istinad etdiyinizdən əmin olun; məsələn, “Biz müəyyən etmişik ki,… (Məmmədli və Quliyev, 2012)" ifadəsinin yerinə, “Məmmədli və Quliyev (2012) müəyyən etmişdir ki,…" yazılmalıdır.

 Əlyazmalara rəy verilməsi və dərci qaydaları

 Baş redaktor tərəfindən qiymətləndirmə - Baş redaktor əlyazmanın jurnal üçün uyğun, kifayət qədər yeni (orjinal) və maraqlı olub-olmadığını yoxlayır. Əgər bunlar yoxdursa, əlyazmaya baxılmasından imtina edilə bilər.

Redaksiyaya daxil olan məqalələr Redaksiya Heyəti tərəfindən nəzərdən keçirilir. Jurnala təqdim edilən əlyazmalara rəylərin verilməsində qarşılıqlı gizlilik prinsipi tətbiq olunur ki, bu da müəlliflərin və rəyçilərin rəyvermə prosesi zamanı bir-birlərinə anonim olması deməkdir. Jurnalın tələblərinə cavab verən məqalələr Redaksiya Heyəti tərəfindən ən azı 2 gizli rəyə göndərilir. Rəylər daha sonra qəbul (dəyişiklik olmadan, kiçik düzəlişlər, əhəmiyyətli düzəlişlər) və ya imtina edilmək tövsiyəsi ilə jurnala təqdim olunur. Baş redaktor ümumi qərar qəbul etməzdən əvvəl verilmiş rəyləri nəzərdən keçirir. Rəylər bir-birindən əhəmiyyətli şəkildə fərqlənirsə (və ya biri müsbət, digəri mənfi olarsa), redaktor əlyazmanı üçüncü rəyçiyə göndərə və ya rəyləri nəzərdən keçirərək son qərarı verə bilər. Redaktor rəyləri, məqalənin elmi əhəmiyyətini və Redaksiya Heyəti üzvlərinin tövsiyələrini nəzərə alaraq məqalələrin dərcinə dair qərar qəbul edir. Rəyçilərin adları məxfi qalır və rəylər beş il arxivdə saxlanılır.

Rəyçilərin rəyi yekunda aşağıdakı kimi formalaşır:

-  Məqalə çapa qəbul edilsin;

-  Məqalə kiçik düzəlişlər tələb edir;

-  Məqalə əhəmiyyətli düzəlişlər tələb edir;

-  Məqalənin çapından imtina edilsin.

Redaksiya heyəti məqalənin müəllifi ilə yalnız e-mail vasitəsilə əlaqə saxlayır. Müəllif məqalə haqqında Redaksiya Heyətinin qərarını e-mail vasitəsi ilə alır. 

  MƏQALƏNİN STRUKTURU VƏ FORMATI

-  Məqalələrin həcmi xülasələr və ədəbiyyat siyahısı da daxil olmaqla 7000 sözdən çox olmamalıdır. Ən çox üstünlük verilən orta həcm isə 3000-4000 sözdür (təxminən 8-12 səhifə). Məqalənin adının qısa və informativ olması (100 hərfi və ya 12 sözü keçməməsi) tövsiyə olunur;

-  Məqalənin olduğu faylın adı müəllifin (əgər bir neçə müəllif olarsa, yazışma aparan müəllifin) soyadını  özündə əks etdirməlidir (məsələn, Həsənli.doc);

-  Əlyazmanın mətni dəqiq strukturlaşdırılmalı, bir sətir buraxılmaq və yeni sətirdən başlamaqla, ardıcıllıqla “Müəllifin soyadı, adı və atasının adı”, “Müəllifin elmi dərəcəsi”, “Müəllifin işlədiyi təşkilatın adı və ünvanı”, “Müəllifin vəzifəsi”, “Yazışmanı aparan müəllifin elektron poçt ünvanı və telefon nömrəsi”, “Orcid kodu”, “Məqalənin adı”, “Xülasə”, “Açar sözlər”, “JEL”, “UOT”, “Giriş”, “Əsas mətn”, “Son nəticə”, “Ədəbiyyat siyahısı” və xarici dillərdə Xülasə və Açar sözlər – “Аннотация”, “Ключевые слова” və “Abstract”, “Key words” strukturunda tərtib edilməlidir;

 - Əgər əlyazmanın bir neçə müəllifi varsa, yalnız redaksiya ilə yazışma aparan müəllifin e-mail ünvanı göstərilməlidir. Üç və daha çox müəllifi olan əlyazmada ən azı iki müəllifin Orcid (azərbaycanca “orkid” oxunur) kodu göstərilməlidir. ORCID elmi məqalə müəllifinin unikal kodu hesab olunur. ORCID ID kodunu əldə etmək üçün sadəcə olaraq onun rəsmi səhifəsində (https://orcid.org/register) qeydiyyatdan keçmək tələb olunur. ORCID kodundakı informasiyanı hər kəsin (həm də jurnalın) əldə edə bilməsi üçün “Everyone” və ya “Публичный доступ» bölməsini seçməlisiniz.

Xülasə

 Xülasə elmi məqalənin məqsədi, metodu və nəticələrini  qısa şəkildə ifadə etməlidir (200 sözdən çox olmamaq şərtilə). Onun mətni elmi və qrammatik baxımdan ciddi redaktə edilməli, burada tədqiqatın məqsədi, metodologiyası, nəticələri, məhdudiyyətləri, praktiki əhəmiyyəti, orijinallığı və elmi yeniliyi öz əksini tapmalıdır. Xülasədə məqalənin bütün əsas faktları təsvir edilməli və əsas ədədi məlumatlar (statistik qiymətləndirmələr daxil olmaqla) göstərilməlidir. Xülasə azərbaycan, rus və ingilis dillində yazılmalı, əvvəlcə ardıcıl olaraq müəllif(lər)in soyadı, adı, atasının adı, elmi dərəcəsi, işlədiyi qurumun adı, vəzifəsi və məqalənin başlığı göstərilməlidir.     

İndeks və açar sözlər

 Məqalənin elmi istiqamətləri JEL (Journal of Economic Literature – azərbaycanca “İqtisadi Ədəbiyyat Jurnalı”) və UOT (Universal Onluq Təsnifat) təsnifat kodları vasitəsilə göstərilməlidir. JEL və UOT kodları Açar sözlərdən (5-10 söz) sonra verilir.

JEL və UOT kodlarını aşağıdakı veb ünvanlardan müəyyən edə bilərsiniz:

JEL (https://www.aeaweb.org/econlit/jelCodes.php?view=jel)

UOT (https://teacode.com/online/udc/33/33.html

Giriş

Girişdə tədqiq edilən sahədə tədqiqatların indiki vəziyyəti haqqında məlumat verilməli, seçilmiş ədəbiyyat mənbələrinə istinadlar edilməlidir. Burada tədqiqat qısa şəkildə əsaslandırılır, problemin araşdırılacaq məsələləri və ya yoxlanılacaq hipotezlər (ehtimallar, fərziyyələr) aydın şəkildə müəyyən edilir və məqsəd(lər) göstərilir.

 Əsas mətn

Ümumiyyətlə, empirik tədqiqatları əks etdirən elmi məqalələrə Ədəbiyyatların təhliliMetodologiyaNəticələrMüzakirə və Son nəticə bölmələri daxil edilməlidir (lakin bununla məhdudlaşdırılmır və əlavə bölmələr də ola bilər).

 Material və metodlar

 Yalnız yeni olduğu təqdirdə bütün metodologiya təsvir edilməlidir; digər hallarda metodun müəllifini göstərmək və xüsusi fərqləri qeyd etmək kifayətdir. Məqalədə istifadə olunan rəqəmlər dəqiq ifadə olunmalı və mənbələri ədəbiyyat siyahısında verilməlidir. Statistik işlənmə üsulları, həmçinin istifadə olunan proqram təminatı sadalanmalıdır. Statistik təhlil metodları və modelləri göstərilməli, kifayət qədər statistik məlumatlar verilməlidir.

 Müzakirə

 Müəllif alınan nəticələrə münasibət bildirməli, onları şərh etməlidir. Məlumatlar, rəqəmlər və faktlar təhlil edilməli, nəşr edilmiş digər müvafiq nəticələrlə müqayisə edilməli, fərqli cəhətləri göstərilməlidir. Müzakirə bölməsində nəticələrin əhəmiyyəti araşdırılmalı, onlar təkrarlanmamalıdır. Burada dərc edilmiş ədəbiyyatlara istinadlardan və onların müzakirəsindən çəkinmək lazımdır.

Son nəticə

Son nəticədə məqalənin əsas müddəaları ümumiləşdirilir və onun müvafiq tədqiqat sahəsinə gətirdiyi elmi yenilik, tədqiqatın əhəmiyyəti göstərilir. 

ƏLYAZMANIN TƏRTİB EDİLMƏ QAYDALARI

 Əlyazmanın mətni Microsoft Office Word proqramında A4 formatda, Times New Roman – 12 şriftində (qara rəngdə), abzas - 1.25 sm, 1 intervalda yığılmalı, səhifələrin bütün kənarlarında 2 sm boş sahə buraxılmalıdır.

Əlyazmanın başlığı böyük hərflərlə (ən çox 10-12 sözdən ibarət), yarımbaşlıqları isə yalnız ilk hərfi böyük olmaqla, qalın hərflərlə yazılmalıdır. Başlıq və yarımbaşlıqlardan, cədvəl və şəkillərdən əvvəl və sonra bir sətir ara boşluğu buraxılmalıdır. Səhifələr ardıcıl olaraq aşağıda və ortadan nömrələn­məlidir.

Cədvəl və şəkillərin adı olmalı və ad cədvəllər üçün cədvəlin üstündə sol küncdə, şəkillər üçün şəklin altında sol küncdə yerləşdirilərək, ərəb rəqəmlərilə ardıcıl nömrələnməli, müvafiq olaraq “cədvəl” və “şəkil” sözündən sonra yazılmalıdır. Cədvəl və şəkillərin başlıqları ilk hərfləri böyük olmaqla qalın şriftlə yazılmalıdır. Cədvəlin sətir və sütunlarının adları qısa olmalı, ölçü vahidləri mötərizədə göstərilməlidir.

 Şəkillər elektron formatda “jpg”, “tif” tipində CMYK rəng rejimində, 300 dpi-dən az olmayan ölçüdə, qrafik illüstrasiyalar Word Excell, Adobe İllustrator, Photoshop, CorelDRAW VƏ PowerPoint proqramlarından birində təqdim edilməlidir.

Cədvəl, şəkil, diaqram və s. biri-birini təkrarlamamalı, göstəricilər Beynəlxalq vahidlər sistemində (BS) verilməlidirlər. Əlyazmada bir cədvəl, bir şəkil və s. verildikdə, onlar da nömrələnməli, “Cədvəl”, “Şəkil” və s. yazılmalıdır. Əlyazmada istifadə olunan düsturlarda rast gəlinən simvolların və ədədi əmsallarının kəmiyyəti və izahı, onların düsturdakı yerləşmə ardıcıllığı nəzərə alınaraq, bilavasitə düsturun aşağısında verilir. Düstur sağ tərəfdən mötərizə daxilində nömrələnməli, hər bir sim­vo­­lun və ədədi əmsalın qiyməti yeni sətirdə yerləşdirilməli və izahatın birinci sətri “burada” sözü ilə yazılmalıdır.

Tənliklər və düsturlar mətndən boş sətirlər vasitəsilə ayrılmalıdır. Hər düsturun yuxarı və aşağı hissəsində bir boş sətir olmalıdır.

Məqalənin mətnində sözlər, ümumi qəbul edilmiş bir neçə ixtisarlar və çox işlənən akronimlər (və s., məs., ABŞ, BMT) istisna olmaqla, tam açıq verilməlidir.   

ƏDƏBİYYAT SİYAHISI VƏ İSTİNADLAR

Ədəbiyyat siyahısının tərtib edilməsi

Ədəbiyyat siyahısının hazırlanması və istinad edilmə qaydaları APA   üslubunda olmalıdır. Siyahıda ən azı on elmi ədəbiyyat göstərilməlidir. Yalnız əlyazmada istinad edilmiş elmi məqalələrin ədəbiyyat siyahısına daxil edilməsi tövsiyə olunur. İqtisadi Artım və İctimai Rifah jurnalında nəşr edilmiş məqalələrin ən çox ikisi Ədəbiyyat siyahısına daxil edilə bilər. İstifadə edilmiş bütün mənbələr Ədəbiyyat siyahısında əlifba sırası ilə verilməlidir.

Elmi ədəbiyyat  mənbələri müəllif(lər)in soyadı, ad(lar)ının ilk hərf(lər)i, nəşr ili, mənbənin adı, cildi (çoxcildli əsərlər üçün sayı), nəşr yeri, nəşriyyatın adı və səhifələrin sayı göstərilməklə verilməlidir.

Mətndə istinad olunan bütün mənbələr “Ədəbiyyat siyahısı” hissəsində aşağıdakı nümunələrdə verilən qaydada göstərilir:

 1. Bir və ya bir neçə müəllifi olan kitablar:

Müzəffərli N. (2014). İqtisadiyyatın sosialyönlüyü sağçı və solçu sistemlər­də. Bakı: “Şərq-Qərb” Nəşriyyat evi.

Musayev A.F., Qəhrəmanov A.Q. (2011). Ekonometrikaya giriş. Bakı: Çaşı­oğ­­lu, 173 səh.

 2. Dörddən çox müəllifi olan kitablar:

Məmmədov F.Ə. və başqaları (2011). Vergitutmanın nəzəri və metodoloji əsas­ları. Bakı: Ozan, 416 s.

 3. Toplulardakı məqalələr (konfrans, simpozium və digər):

Hüseynli M.S. (2010). Azərbaycanda fiskal siyasətin bəzi məsələləri. Azərbaycan iqtisadiyyatının aktual problemləri mövzusunda respublika elmi-praktiki konfransının materialları (s.216-221). Bakı: “Şərq-Qərb”.

Əgər konfrans, simpozium və digər materiallardakı məqalə veb səhifədən əldə edilmişdirsə:

Əliyev S.N. (2009, mart). Azərbaycan sənayesinin innovasiyalı inkişaf perspektivləri. İqtisadi inkişafda innovasiya problemləri mövzusunda beynəlxalq elmi konfransın materialları. http://actualecon.sd.u7/3/Aliyev24/pdf.

 4. Jurnal məqalələri: Həsənli S.A., Quliyev A.K. (2018). Azərbaycanda maliy­­­­yə baza­­­rı­­nın inkişaf xüsusiyyətləri. İqtisadiyyat və audit, 2, 83-87.

5. Elektron jurnal məqalələri, məlumat bazalarına istinadlar tarix göstərilmək şərtilə (doi kodu olanlarda tarix göstərilmir) tam ünvan (link) şəklində olmalıdır:

İsmayılov M.Ə. (2018). Aqrar münasibətlərin sosial aspektləri. Aqrar iqtisadiyyat4, 131–137https://doi.org/10.1093/ai/576;

Quluzadə A.R. (2014) Azərbaycanın xarici ticarətinin əsas xüsusiyyətləri. İqtisadi inteqrasiya, 3, 28-34. http://integ.ab.ed/43/34/pdf_file/0110. 8noyabr 2019-cu ildə əldə edilmişdir.

Ədəbiyyatlara istinad qaydaları

Mətndə istinadlar aşağıdakı qaydada olmalıdır:

Müzəffərli (2014)

Məmmədov və b. (2011)

(Musayev və Qəhrəmanov, 2011, s.38)

(Əliyev, 2009, s.10)

Hüseynli (2010, s.38); Quluzadə (2014, s.93)

Məsələn:

Həsənli və Quliyev (2018, s.17) göstərirlər ki, kapitalın hərəkətliliyinin aşağı olması daxili investisiyaların daxili yığımlar hesabına maliyyələşdirilməsinə səbəb olur.

Və ya

Kapitalın hərəkətliliyinin aşağı olmasının daxili investisiyaların daxili yığımlar hesabına maliyyələşdirilməsinə səbəb olması müəyyən edilmişdir (Həsənli və Quliyev, 2018, s.17).

Elmi əsərin müəlliflərinin sayı üç və daha çox olarsa, mətndəki istinadlarda “birinci müəllifin soyadı və başqaları” yazılmalıdır. Məsələn, Nadirov və b. (2003).

Əgər müəllifin eyni ildə nəşr olunmuş birdən çox əsərinə istinad edilirsə, onlar ədəbiyyat siyahısı və istinadlarda “nəşr ili, a; nəşr ili, b; nəşr ili, c” kimi göstərilməlidir. Məsələn:

Nəbiyev, 2002, a

Nəbiyev, 2002, b

Digər mənbələri (statistik toplular, qanunvericilik aktları, dövlət proqramları, hesabatlar, internet-nəşrlər və s.) ədəbiyyat siyahısında göstərmək və onlara istinadlar vermək üçün onların adından əlverişli abbreviaturalar yaratmaq lazımdır.

Məsələn, “Azərbaycanın sənayesi. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Bakı: Səda, Statistik məcmuə, 2015, 344 s.” məcmuəsini Ədəbiyyat Siyahısında ”ARDSK AS (2015). Azərbaycanın sənayesi. Statistik məcmuə. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Bakı: Səda, 344 s.”, uyğun olaraq “Azərbaycanın Statistik Göstəriciləri 2015” statisitik məcmuəsini “ARDSK ASG (2015)...” kimi göstərmək lazımdır və yaxud “İllik Hesabat 2017. Azərbaycan Respublikası Dövlət Neft Fondu” “ARDNF (2017). İllik Hesabat. Azərbaycan Respublikası Dövlət Neft Fondu” kimi yazılmalıdır.

Mətndə belə mənbələrə istinadlar aşağıdakı qaydada olmalıdır:

ARDSK ASG (2015) və ya ARDNF (2017, s.18).

 ETİK NORMALAR

Müəlliflər "İqtisadi Artım və İctimai Rifah" jurnalının aşağıdakı etik normalarına əməl etməlidirlər:

- Təqdim edilmiş əlyazma yenidir, əvvəllər dərc olunmamışdır və hazırda nəşr olunmaq üçün başqa bir yerdə nəzərdən keçirilmir.

- Müəllif redaksiyaya təqdim olunan əlyazmanın, istifadə olunan materialların, göstəricilərin həqiqiliyinə və tədqiqatın orijinallığına (yeniliyinə) görə tam məsuliyyət daşıyır.

- Başqa müəlliflərin elmi işlərindən istifadə zamanı mütləq elmi mənbələrə istinad olunmalıdır.

- Jurnalda plagiatlıq yolverilməzdir. Müəllif plagiatlığa görə tam məsuliyyət daşıyır və təqdim olunan əlyazmanın plagiat olmaması haqqında yazılı təminat verməlidir (Müəlliflərin Bəyannaməsi).

- Plagiatlıq aşkar edilən əlyazma qəbul edilmir və həmin müəllifin hər hansı məqaləsinin jurnalda dərc edilməsinə qadağa qoyulur (2 il ərzində).

         Müəlliflərin bəyannaməsi

Müəlliflərin Bəyannaməsi imzalanmış və skan edilmiş formada əlyazma ilə birlikdə jurnalın elektron poçtuna göndərilməlidir. Bu sənəd elektron formada doldurulub çap edildikdən sonra imzalanmalı və scan edilməlidir. Müəlliflərin Bəyannaməsini buradan yükləyə bilərsiniz -  Müəlliflərin bəyannaməsi  (yüklə)