- Oxunub 1585 dəfə
SUB-İNDEKSLƏR ÜZRƏ NƏTİCƏLƏR - 2014-cü il üzrə
Bütün sub-indekslər üzrə cədvəllərdə ölkələr sağdan sola, yəni dövlət tənzimləməsinin az olduğu ölkələrdən daha sərt olduğu ölkələrə doğru düzülmüşdür. Cədvəlləri aşağıdan yuxarıya “oxuduqda” ölkələr soldan sağa düzülmüş olur. İnkişaf etmiş ölkələr rəng fonunda kursivlə verilmişdir.
= = =
Dövlət maliyyəsi sub-indeksi üzrə nəticələr
Dövlət maliyyəsi sub-indeksinə görə ən sağçı iqtisadiyyat Sinqapurun, ən solçu iqtisadiyyat Fransanın iqtisadiyyatıdır. Azərbaycan nisbi mərkəz nöqtəsinin yaxınlığındadır və median’ayaxındır. Nisbi mərkəzlə median arasındakı fərqin kiçikliyi ölkələrin nisbi mərkəz ətrafında sayca bərabər paylandığını göstərir.
= = =
Sosial xərclər sub-indeksi üzrə nəticələr
Sosial xərclər sub-indeksi üzrə Azərbaycan ən sağ nöqtədə, Yeni Zelandiya (ümumən sağçı iqtisadiyyata malik olsa da) ən sol nöqtədə yerləşir. Nisbi mərkəz hipotetik ortadan solda, median isə ondan da soldadır.
Digər sub-indekslərdən fərqli olaraq, Sosial xərclər sub-indeksi üzrə şkalanın ifrat sağ nöqtəsi dövlətin iqtisadiyyata müdaxilə etmədiyini deyil, sosial proqramlara yönəldilən xərclərin nisbi azlığını göstərir. Büdcədə sosial xərclərin sıfıra bərabər olduğu bir ölkə mümkünsüz olduğuna görə hansısa dövlətin ifrat sağ mövqeyə (sıfır nöqtəsinə) düşməsi də qeyri-mümkündür. Ona görə də hesab etmək olar ki, hazırda Azərbaycan iqtisadiyyatı bu göstərici üzrə ifrat dərəcədə sağdadır.
= = =
Qiymətlərin tənzimlənməsi sub-indeksi üzrə nəticələr
Qiymət tənzimlənməsi sub-indeksinə görə ən sağçı iqtisadiyyat Yeni Zelandiyanın, ən solçu iqtisadiyyat Rusiyanın iqtisadiyyatıdır. Yeni Zelandiyada qiymət azadlığı ifrat sağ nöqtənin yaxınlığındadır. Nisbi mərkəzin həndəsi ortadan sıfıra doğru sürüşməsi onu göstərir ki, bu sub-indeks üzrə ölkələr sağçılığa meyl edir. Makedoniyadan başqa, Yuqoslaviya Federasiyasının parçalanması zəminində yaranmış bütün dövlətlərin iqtisadiyyatı Qiymət tənzimlənməsi sub-indeksinə görə solçu iqtisadiyyatdır. Azərbaycanın iqtisadiyyatı median nöqtəsində, nisbi mərkəzdən sağda yer alır.
= = =
Xarici ticarət sub-indeksi üzrə nəticələr
Xarici ticarətin tənzimlənməsi üzrə ən liberal iqtisadiyyat Sinqapurun iqtisadiyyatıdır: onun sub-indeksi sıfıra bərabərdir və ifrat sağ nöqtənin üzərindədir. Ən solçu iqtisadiyyat isə Rusiyanın iqtisadiyyatıdır. Xarici ticarət əməliyyatlarının dövlət tərəfindən ən sərt tənzimləndiyi dördüncü ölkə Azərbaycandır. Median nisbi mərkəzdən sağdadır, yəni sıralanan ölkələrin çoxunda xarici ticarət nisbi mərkəz nöqtəsinin göstərdiyindən daha liberaldır.
= = =
Lisenziyalaşdırma sub-indeksi üzrə nəticələr
Lisenziyalaşdırma sub-indeksinə görə sıralama sağçılığın-solçuluğun nisbi olduğunu yaxşı sərgiləyir. Məsələn, Azərbaycan iqtisadiyyatı Lisenziyalaşdırma sub-indeksinə görə sağçı iqtisadiyyat kimi görünür, əslində isə solçu iqtisadiyyatdır. 5-ci Şkalada Azərbaycan cəmi 7 ölkədən sağda, 29 ölkədənsə soldadır və təbii ki, nisbi mərkəzdən də, mediandan da solda yerləşir. Təhlil göstərir ki, Azərbaycanda icazə və razılaşdırmalara sərf edilən vaxtın qısaldılması və xərclərin azaldılması üzrə islahatların davam etdirilməsi aktualdır.
= = =
Məşğulluğun tənzimlənməsi sub-indeksi üzrə nəticələr
Sahibkarla muzdlu işçi arasındakı əmək münasibətlərinin tənzimlənməsində ən liberal ölkə ifrat sağ nöqtədə yerləşən ABŞ, ən solçu ölkə isə İsveçdir. Fransa, Xorvatiya və Almaniya da işçilərin sosial haqlarının qorunmasına böyük önəm verir və qarşılığında şirkətlərin sərbəstliyini məhdudlaşdırır. Avstraliya, Danimarka, Yeni Zelandiya və Gürcüstan isə, əksinə, iş sahiblərinə bu sahədə geniş hüquqlar verir, amma əvəzində işçilərin hüquqlarını məhdudlaşdırır. Azərbaycan bu sub-indeks üzrə liberal dövlətlər sırasındadır və nisbi mərkəzdən də, mediandan da xeyli sağdadır.
= = =
Minimum əmək haqqı sub-indeksi üzrə nəticələr
Minimum əmək haqqı sub-indeksi üzrə Sinqapur mütləq göstərici ilə ən sağçı iqtisadiyyata malikdir. 5 ölkənin (Danimarka, İsveç, İtaliya, Norveç və Kiprin) verilən yerlər şərtidir. Sol qütb 0,800 sub-indeksi ilə sərhədləndirilmişdir. Bu nöqtəyə Yeni Zelandiyanın iqtisadiyyatı düşür. MƏH üzrə sıralamanın həm sağ, həm sol qütblərində müəyyən şərtiliyə yol verildiyi üçün nisbi mərkəz və median nöqtələrinin təhlili daha az əhəmiyyət kəsb edir. Lakin bu şərtilik iqtisadiyyatların bir-birinə nəzərən sağlığına-solluğuna heç bir xələl gətirmir. Azərbaycan nisbi mərkəzdən də, mediandan da sağdadır.
Bir sıra dövlətlərdə minimal əmək haqqı qanunvericiliklə təsbit edildikdə belə, kollektiv razılaşmalarla yenidən müəyyənləşdirilir. Bu hallarda razılaşdırılmış minimum qanunla təyin ediləndən daha yüksək olur və dövlətin qoyduğu minimum, bir növ, əmək haqqı minimumunun minimal həddi rolunu oynayır. Həm iqtisadiyyatın solluğu-sağlığı dövlət müdaxiləsi ilə şərtləndiyinə görə, həm də qanunvericiliklə təsbit edilən minimum son aşağı həddi ifadə etdiyinə görə bu araşdırmada ondan istifadə olunmuşdur.
= = =
İqtisadiyyatın solluğu (sağlığı) indeksi (İnteqral indeks) iki variantda hesablanır. Birinci variantda sub-indekslərin hamısı nəzərə alınır, ikinci variantda isə Sosial xərclər sub-indeksi nəzərə alınmır, amma Dövlət maliyyəsi sub-indeksinə daha böyük xüsusi çəki verilir.
Birinci variant:
İS(S)İi = 0,15*DMi + 0,15*SXi + 0,14*QTi + 0,14*XTi + 0,14*Li + 0,14*MTi + 0,14*MƏHi
İkinci variant:
İS(S)İi = 0,30*DMi + 0,14*QTi + 0,14*XTi + 0,14*Li + 0,14*MTi + 0,14*MƏHi
Hesabatdakı təhlillər İS(S)İ-nin ikinci variantı əsasında aparılmışdır.