- Oxunub 1487 dəfə
SUB-İNDEKSLƏR ÜZRƏ NƏTİCƏLƏR
Sub-indekslər üzrə cədvəlləri yuxarıdan aşağıya “oxuduqda” ölkələr dövlət tənzimləməsinin az olduğu ölkələrdən daha sərt olduğu ölkələrə doğru, başqa sözlə – sağdan sola, aşağıdan yuxarıya “oxuduqda” isə soldan sağa sıralanmış olur. Adambaşına ÜDM-i (AQP ilə) 35 min Beynəlxalq dollardan artıq olan ölkələr rəng fonunda kursivlə verilmişdir.
= = =
Dövlət maliyyəsi sub-indeksi üzrə nəticələr
Cədvəl 1. Dövlət maliyyəsi sub-indeksi – 2015
Şkala 1. Dövlət maliyyəsi sub-indeksi üzrə iqtisadiyyatın solluğu-sağlığı (2015)
Dövlət maliyyəsi sub-indeksinə görə ən sağçı iqtisadiyyat Sinqapurun (0,183), ən solçu iqtisadiyyat Fransanın (0,601) iqtisadiyyatıdır. Azərbaycan (0,381) nisbi mərkəz nöqtəsinin və median’ın yaxınlığındadır. Nisbi mərkəzlə median arasındakı fərqin kiçikliyi ölkələrin nisbi mərkəz ətrafında sayca bərabər paylandığını göstərir.
İstər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrin nisbi mərkəzdən sağa və sola təqribən bərabər paylanması belə bir nəticə çıxarmağa əsas verir ki, dövlət maliyyəsi sub-indeksi ilə iqtisadi inkişaf arasında sərt asılılıq yoxdur. Bu parametr üzrə dövlətin iqtisadiyyata müdaxilə dərəcəsi ölkənin iqtisadi inkişaf səviyyəsini şərtləndirmir və onunla şərtlənmir.
= = =
Qiymətlərin tənzimlənməsi sub-indeksi üzrə nəticələr
Cədvəl 2. Qiymətlərin tənzimlənməsi sub-indeksi – 2015
Şkala 2. Qiymət tənzimlənməsi sub-indeksi üzrə iqtisadiyyatın solluğu-sağlığı (2015)
Qiymət tənzimlənməsi sub-indeksinə görə ən sağçı iqtisadiyyat Yeni Zelandiyanın (0,112), ən solçu iqtisadiyyat isə İran İslam Respublikasının iqtisadiyyatıdır (0,657). Azərbaycanın iqtisadiyyatı (0,301) median’a yaxın, nisbi mərkəzdən sağda yer alır.
Nisbi mərkəzin həndəsi ortadan sıfıra doğru sürüşməsi onu göstərir ki, bu sub-indeks üzrə ölkələr ümumən sağ qütbə, yəni qiymətlərin nisbətən dar çərçivədə tənzimlənməsinə meyl edir. Lakin bu o anlama gəlmir ki, həndəsi orta ilə sıfır nöqtəsi arasında yer alan iqtisadiyyatlar bu sub-indeks üzrə sağçı iqtisadiyyatlardır. İS(S)İ-nin nəzəri əsaslarına görə, bu və digər sub-indekslər üzrə (həmçinin inteqral İS(S)İ üzrə) alınmış nəticələr iqtisadiyyatların yalnız bir-birinə nəzərən solluq-sağlığını qiymətləndirməyə (ölçməyə) imkan verir.
Qiymətlərin tənzimlənməsi sub-indeksi üzrə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin üstünlük verdiyi “iqtisadi modellər” ciddi fərqlənir. Birincilərdə qiymətlər, bir qayda olaraq, daha liberaldır (dövlət qiymətləri daha məhdud çərçivədə tənzimləyir).
= = =
Xarici ticarət sub-indeksi üzrə nəticələr
Cədvəl 3. Xarici ticarət sub-indeksi – 2015
Şkala 3. Xarici ticarət sub-indeksi üzrə iqtisadiyyatın solluğu-sağlığı (2015)
Xarici ticarətin tənzimlənməsi üzrə ən liberal iqtisadiyyat Sinqapurun (0,070), ən solçu iqtisadiyyat isə İranın iqtisadiyyatıdır (0,698). 62 ölkə arasında xarici ticarət əməliyyatlarının dövlət tərəfindən ən sərt tənzimləndiyi 10-cu ölkə Azərbaycandır (0,337). Median nisbi mərkəzdən sağdadır, yəni sıralanan ölkələrin çoxunda xarici ticarət nisbi mərkəz nöqtəsinin göstərdiyindən daha liberaldır.
İnkişaf etmiş ölkələrdə xarici ticarət fəaliyyətinə dövlət müdaxiləsi inkişaf etməkdə olan ölkələrə nisbətən daha azdır. Bu, əlbəttə, anlaşılandır: inkişaf etmiş ölkələrdə istehsal edilən əksər məhsul və xidmətlərin rəqabət qabiliyyəti, bir qayda olaraq, daha yüksəkdir və həmin ölkələr beynəlxalq ticarətin liberallaşmasında daha dərindən maraqlıdır. İnkişaf etməkdə olan ölkələr isə öz daxili bazarlarını daha sərt qorumağa çalışır, lakin daxili bazarın qorunması üzrə tədbirlər iqtisadi inkişafı yalnız müəyyən şərtlər daxilində stimullaşdıra bilir.
= = =
Lisenziyalaşdırma sub-indeksi üzrə nəticələr
Cədvəl 4. Lisenziyalaşdırma sub-indeksi – 2015
Şkala 4. Lisenziyalaşdırma sub-indeksi üzrə iqtisadiyyatın solluğu-sağlığı (2015)
Sinqapur bu sub-indeks üzrə də 62 dövlət arasında ən sağçı iqtisadiyyata malik ölkədir (0,015), ən solçu iqtisadiyyat isə Kiprin iqtisadiyyatıdır (0,345). Azərbaycan iqtisadiyyatı (0,096) 29 ölkəninkindən sağda, 32 ölkəninkindənsə solda yerləşir və nisbi mərkəzdən sağa düşməsi onunla əlaqədardır ki, sağ qütbdəki iqtisadiyyatlarla müqayisədə sol qütbdəki iqtisadiyyatlar nisbi mərkəzdən daha aralıdır (2014-cü il üçün 37 ölkə üzrə hazırlanmış Hesabatda Azərbaycan iqtisadiyyatı nisbi mərkəzdən solda yer alırdı).
= = =
Məşğulluğun tənzimlənməsi sub-indeksi üzrə nəticələr
Cədvəl 5. Məşğulluğun tənzimlənməsi sub-indeksi – 2015
Şkala 5. Məşğulluğun tənzimlənməsi sub-indeksi üzrə iqtisadiyyatın solluğu-sağlığı (2015)
Sahibkarla muzdlu işçi arasındakı əmək münasibətlərinin tənzimlənməsində ən liberal ölkələr ifrat sağ nöqtəyə yaxın yerləşən İsveçrə və Danimarkadır (0,025). Bu sub-indeks üzrə ən solçu ölkə isə İndoneziyadır (0,525). Lüksemburq (0,448), Fransa (0,446) və Meksika da (0,430) işçilərin sosial haqlarının qorunmasına ən çox önəm verən və qarşılığında şirkətlərin sərbəstliyini ən çox məhdudlaşdıran ölkələr sırasındadır. ABŞ (0,050), Çex Respublikası (0,051), İrlandiya (0,083), Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstan isə (hər biri – 0,086), əksinə, iş sahiblərinə bu sahədə geniş hüquqlar verir, amma əvəzində işçilərin hüquqlarını məhdudlaşdırır. Azərbaycan (0,179) bu sub-indeks üzrə liberal dövlətlər sırasındadır və nisbi mərkəzdən də, mediandan da xeyli sağdadır.
İnkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatların stoxastik sıralanması təsdiq edir ki, iş vaxtının, işəgötürmə və işdənçıxarma qaydalarının liberallığı və ya dövlət tərəfindən, müəyyən həddlər daxilində, sərt tənzimlənməsi iqtisadi inkişafı şərtləndirmir və onunla şərtlənmir.
= = =
Minimum əmək haqqı sub-indeksi üzrə nəticələr
Cədvəl 6. Minimum əmək haqqı sub-indeksi – 2015
Şkala 6. Minimum əmək haqqı sub-indeksi üzrə iqtisadiyyatın solluğu-sağlığı (2015)
Birləşmiş Ərəb Əmirliklərində minimum əmək haqqı heç bir şəkildə – nə dövlət tərəfindən, nə də kollektiv müqavilələrlə – tənzimlənmir. Ötən ilin Hesabatı hazırlanarkən Sinqapurda da vəziyyət bu cür idi. 2014-cü ilin yanvar ayından etibarən Sinqapurda küçə təmizliyi işçiləri üçün dövlət 1000 ABŞ dolları həcmində MƏH müəyyənləşdirmişdir. Bu işçilər qrupunun sayca çox kiçik olduğu nəzərə alınaraq, BƏƏ ilə yanaşı, Sinqapur da “0” nöqtəsinə qoyulmuşdur. (2016-cı ilin sentyabrından etibarən mühafizə xidməti əməkdaşlarına da minimum əmək haqqı təyin ediləcəyi gözlənilir). MƏH sub-indeksi üzrə bu ölkələr mütlə́q göstərici ilə ən sağçı iqtisadiyyata malikdirlər.
Avstriya, Danimarka, Finlandiya, İsveç, İsveçrə, İtaliya və Norveçin iqtisadiyyatları şərti olaraq 0,050 nöqtəsinə qoyulmuşdur. Bu ölkələrdə dövlət minimum əmək haqqını qanunvericiliklə təsbit etməsə də, MƏH kollektiv müqavilələrlə hər halda tənzimlənir. Cənubi Afrika Respublikası, Misir və Kipr iqtisadiyyatlarının yeri də şərtidir (0,080). Bu ölkələrdə MƏH dövlət tərəfindən, amma məhdud sayda işçilər üçün müəyyənləşdirilir.
Bir sıra dövlətlərdə MƏH qanunvericiliklə təsbit edildikdə belə, kollektiv razılaşmalarla yenidən müəyyənləşdirilir. Bu hallarda razılaşdırılmış minimum qanunla təyin ediləndən daha yüksək olur və dövlətin qoyduğu minimum, bir növ, əmək haqqı minimumunun minimal həddi rolunu oynayır. Həm iqtisadiyyatın solluğu-sağlığı dövlət müdaxiləsi ilə şərtləndiyinə görə, həm də qanunvericiliklə təsbit edilən minimum son aşağı həddi ifadə etdiyinə görə bu araşdırmada ondan istifadə olunmuşdur.
MƏH üzrə sıralamanın sağ qütbündə müəyyən şərtiliyə yol verildiyi üçün nisbi mərkəz və median nöqtələrinin təhlili daha az əhəmiyyət kəsb edir. Lakin bu şərtilik iqtisadiyyatların bir-birinə nəzərən sağlığına-solluğuna xələl gətirmir. Azərbaycan nisbi mərkəzdən də, mediandan da sağdadır.