- Oxunub 1195 dəfə
ÖLKƏVİ NƏTİCƏLƏR
2015-ci il üçün İqtisadiyyatın solluğu (sağlığı) indeksləri, 2014-cü ildən fərqli olaraq, iki variantda deyil, bir variantda hesablanmışdır. Sosial xərclər sub-indeksi nəzərə alınmamış, amma Dövlət maliyyəsi sub-indeksinə daha böyük xüsusi çəki verilmişdir.
İS(S)İi = 0,30*DMi + 0,14*QTi + 0,14*XTi + 0,14*Li + 0,14*MTi + 0,14*MƏHi
İS(S)İ üzrə cədvəlləri yuxarıdan aşağıya “oxuduqda” ölkələr dövlət tənzimləməsinin az olduğu ölkələrdən daha sərt olduğu ölkələrə doğru, başqa sözlə – sağdan sola, aşağıdan yuxarıya “oxuduqda” isə soldan sağa sıralanmış olur. Adambaşına ÜDM-i 35 min Beynəlxalq dollardan artıq olan ölkələr rəng fonunda kursivlə verilmişdir.
= = =
Cədvəl 1. İqtisadiyyatın solluğu (sağlığı) indeksi (2015-ci il)
Şkala 1. İqtisadiyyatın solluğu (sağlığı) indeksi (2015-ci il)
Ölkələr nisbi mərkəz ətrafında sayca təxminən bərabər paylanır. Sağçı və solçu iqtisadiyyatlar nisbi mərkəzdən təqribən bərabər kənarlaşmada yerləşir.
Ayrı-ayrı sub-indekslər üzrə olduğuna nisbətən, yekun indeks üzrə iqtisadiyyatlar nisbi mərkəz ətrafında daha sıx cəmləşir, çünki müxtəlif meyarlar üzrə aparılmış təsnifatlar bir-birini müəyyən qədər balanslaşdırır. Məsələn, Dövlət maliyyəsi sub-indeksi üzrə İsveç iqtisadiyyatı solçu (0,504), Minimum əmək haqqı sub-indeksi üzrə isə sağçı (0,050) xarakterə malikdir, MƏH sub-indeksi üzrə sağ cinahda yerləşən Kipr iqtisadiyyatı (0,080) Lisenziyalaşdırma sub-indeksinə görə 62 dövlət arasında ən sol (0,345) mövqe tutur. Sub-indekslərin bir-birini balanslaşdırması nəticəsində İS(S)İ üzrə bu iqtisadiyyatların hər ikisi nisbi mərkəzin yaxınlığında yer almışdır (İsveç – 0,272, Kipr – 0,271).
Təhlil edilən iqtisadiyyatların sayı 2014-cü illə müqayisədə 2 dəfəyə yaxın artsa da, onların Şkala üzərindəki “sıxlığı” xeyli yüksəlmiş, nisbi mərkəzdən kənarlaşmalar kiçilmişdir. 2014-cü ildə təhlil edilən ölkələrin İS(S)İ-ləri 0,145-0,656 aralığında, 2015-ci ildə isə 0,107-0,416 aralığında yerləşir. Səbəb – indeksləşdirmə metodikasındakı dəyişiklikdir: 2014-cü ildən fərqli olaraq, 2015-ci il üzrə hesablamalarda sub-indeksləri formalaşdıran alt-indekslərin hər biri üzrə Vmin qismində mümkün minimal göstərici, Vmax qismində isə mümkün maksimal göstərici qəbul edilmişdir.
= = =
62 ölkə arasında ən sağçı iqtisadiyyat Sinqapurun iqtisadiyyatıdır (0,107). Sinqapurda dövlətin iqtisadiyyata müdaxiləsi minimal səviyyədədir. Birləşmiş Ərəb Əmirliklərinin (0,160), Gürcüstanın (0,163), İsveçrənin (0,188) və Danimarkanın da (0,190) iqtisadiyyatı sağçılıqla səciyyələnir. Ən solçu iqtisadiyyat Fransanın iqtisadiyyatıdır (0,416). İqtisadiyyatı sol qütbə ən yaxın olan digər ölkələr İran (0,412), Ukrayna (0,399), Hindistan (0,394) və Serbiyadır (0,389).
Azərbaycan (0,273) 62 ölkə iqtisadiyyatının sağdan sola sıralamasında 26-cı, soldan sağa sıralamasında isə 37-ci yeri tutur və nisbi mərkəzdən (0,292) sağdadır. Bu o deməkdir ki, tədqiq edilən 62 ölkənin çoxuna nisbətən Azərbaycanda dövlət iqtisadiyyata daha az müdaxilə edir.
= = =
Son iki ildə İS(S)İ-nin müxtəlif ölkələrdəki dəyişikliklərini qiymətləndirmək məqsədi ilə 2014-cü ildə tədqiq olunmuş 37 ölkə üçün İS(S)İ, 2015-ci ildə istifadə olunmuş məlumat bazaları əsasında və tətbiq edilən indeksləşdirmə metodikası ilə bir daha hesablanmış və iki ilin nəticələri eyni ölçüyə gətirilmişdir.
Cədvəl 2. İqtisadiyyatın solluğu (sağlığı) indeksi
(ŞAMA dövlətləri və bəzi inkişaf etmiş ölkələr, 2014-2015-ci illər)
Qısa bir müddətdə iqtisadiyyata müdaxilənin ümumi səviyyəsində böyük dəyişikliklərin baş verməməsi təbiidir. İqtisadiyyatın solluğu-sağlığı şkalasının nisbi mərkəzi praktik surətdə dəyişməz qalmışdır (2014 – 0,283, 2015 – 0,284). 2014-cü ildə olduğu kimi, 2015-ci ildə də Sinqapur, Gürcüstan, Danimarka və Makedoniya ən sağçı, Fransa, Ukrayna və Serbiya isə ən solçu iqtisadiyyata malikdir.
Bununla belə, araşdırılan ölkələrin hamısında iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi səviyyəsində müəyyən dəyişikliklər baş vermişdir. Ən çox sollaşmış iqtisadiyyat Avstraliyanın iqtisadiyyatıdır. Bunun əsas səbəbi – ölkədə əmək münasibətlərini tənzimləyən qanuna, yəni “Ədalətli Əmək Aktına” (The Fair Work Act) 2014-cü ildə edilən düzəlişlərin nəticəsi olaraq, Məşğulluq sub-indeksinin kəskin surətdə (+0,247) artmasıdır. Almaniyada Məşğulluğun tənzimlənməsi, Qiymətlərin tənzimlənməsi və Dövlət maliyyəsi sub-indeksləri üzrə sağlaşmaya baxmayaraq (müvafiq surətdə, -0,175, -0,003 və -0,005), bütövlükdə iqtisadiyyat sollaşmışdır (+0,030). Səbəb – 2015-ci ildən etibarən minimum əmək haqqının dövlət tərəfindən təsbit edilməsi və nəticədə Minimum əmək haqqı sub-indeksinin kəskin şəkildə yüksəlməsidir (+0,397).
Ən çox sağlaşmış iqtisadiyyat Kiprin iqtisadiyyatıdır. Səbəb – büdcə xərclərinin ÜDM-dəki xüsusi çəkisinin 47%-dən 40%-ə düşməsi və özəl sektora məşğulluq üzrə xidmət göstərən agentliklərin (Private-Sector Employment Agencies) fəaliyyətini tənzimləyən hüquqi aktlara edilmiş dəyişikliklərdir. Nəticədə Dövlət maliyyəsi və Məşğulluğun tənzimlənməsi sub-indeksləri azalmışdır. İspaniya və Latviyada da iqtisadiyyat sağlaşmışdır, çünki əmək qanunvericiliyi islahatları sayəsində məşğulluğun tənzimlənməsi indi sahibkarlar üçün daha əlverişlidir.
Hətta bu və digər ölkə üçün İS(S)İ-nin 2014-2015-ci illərdə eyni səviyyədə olması belə, iqtisadiyyata müxtəlif modelformalaşdırıcı tənzimləmə növləri üzrə müdaxilənin dəyişməz qalması anlamına gəlmir. Məsələn, 2014-cü və 2015-ci illərdə Azərbaycanda İS(S)İ eyni qiymətlə ifadə olunur (0,273). Lakin bu müddətdə dövlət tənzimləməsinin bütün formaları üzrə iqtisadiyyata müdaxilə səviyyəsində müəyyən dəyişiklik baş vermişdir. Dövlət maliyyəsi, Qiymət tənzimlənməsi, Xarici ticarətin tənzimlənməsi və Lisenziyalaşdırma sub-indeksləri üzrə iqtisadiyyatın sağlaşması (liberallaşması), Məşğulluğun tənzimlənməsi və Minimum əmək haqqı sub-indeksləri üzrə isə, əksinə, sollaşması (tənzimləmənin sərtləşməsi) müşahidə olunmuşdur. Əksyönlü dəyişikliklər bir-birini tam tarazlaşdırdığı üçün İS(S)İ dəyişməz qalmışdır.
37 iqtisadiyyatın sağdan sola sıralamasında Azərbaycan 2014-cü ildə 17-ci yeri tutmuş, 2015-ci ildə isə Latviya ilə 18-19-cu yerləri bölüşdürmüşdür və onun iqtisadiyyatı hər iki halda nisbi mərkəzə yaxın mövqelərdə yer alan iqtisadiyyatlar qrupuna daxil olmuşdur.
= = =
Əgər bu və ya digər göstərici üzrə (bu halda İS(S)İ üzrə) sıralamada ölkələr “məntiqli” düzülürsə, yəni müxtəlif iqtisadi inkişaf səviyyəsinə malik olan dövlətlər (məsələn, adambaşına ÜDM-i müəyyən bir həddən – bizim araşdırmada 35 min Beynəlxalq dollardan – aşağı və yuxarı olan dövlətlər) ayrı-ayrı qruplarla sıralanırsa, bu o deməkdir ki, müqayisələri qruplar daxilində aparmaq, inkişaf etmiş dövlətləri bir-biri ilə, digərlərini isə öz aralarında müqayisə etmək lazımdır. Sıralama stoxastikdirsə, yəni müxtəlif iqtisadi inkişaf səviyyəsinə malik olan dövlətlər qarışıq sıralanırsa, bu o deməkdir ki, istənilən ölkələrin bir-biri ilə müqayisəsi nəzəri xəta törətmir.
2015-ci il üzrə nəticələrə görə, adambaşına ÜDM-i 35 min Beynəlxalq dollardan artıq olan ölkələrin hamısında (Fransa istisna olmaqla) dövlətin iqtisadiyyata müdaxiləsi bəlli bir həddən aşağıdır (İS(S)İ ≤ 0,324). Bununla belə, sıralama, əsas etibarilə, stoxastik xarakter daşıyır: istər “iqtisadi uğur” dövlətləri, istərsə də inkişaf etməkdə olan ölkələr nisbi mərkəzdən həm sağda, həm də solda yer almaqdadır. Yəni dövlət müdaxiləsinin hansısa bir həddən aşağı və ya yuxarı olması iqtisadi inkişaf üçün şərt deyil. Sağ qütbdə qərarlaşmış Sinqapur və Birləşmiş Ərəb Əmirlikləri kimi, sol qütbü tutan Fransa da, nisbi mərkəzə yaxın yerlərdə dayanan Finlandiya və Yaponiya da istər iqtisadi inkişaf sahəsində, istərsə də ictimai rifahın yüksəldilməsi sahəsində uğur qazanmış ölkələrdir. Başqa sözlə, bir ölkəyə sağçılıq, digərinə solçuluq uğur gətirir.
Tədqiqata daxil edilmiş 62 ölkə üzrə İS(S)İ ilə son 5 ildə ÜDM-in kumulyativ artımının tutuşdurulması göstərir ki, indeksin bütün ölkələr üçün optimal sayıla biləcək vahid bir qiyməti mövcud deyil. Aşağıdakı Diaqramdan göründüyü kimi, istər adambaşına ÜDM-i 30 min Beynəlxalq dollardan yüksək olan ölkələrdə (qırıq-qırıq polinomial əyri), istərsə də digərlərində (bütöv polinomial əyri) İS(S)İ ilə iqtisadi artım tempi arasındakı asılılıq zəifdir.
Nəzəri cəhətdən, iqtisadi inkişafın başqa şərtlərinin dəyişməzliyi halında, bu və ya digər ölkədə dövlətin iqtisadiyyata müdaxilə səviyyəsi (və ya mərkəzləşmiş idarəetmə ilə özünütənzimləmə arasında nisbət) öz optimal qiymətinə yaxınlaşdıqda iqtisadi artım sürətlənməli, uzaqlaşdıqda isə zəifləməlidir. Və ya əksinə: ölkədə iqtisadi artım tempi nə qədər yüksəkdirsə, İS(S)İ bu zaman kəsiyində həmin ölkə ücün optimal olan nöqtəsinə bir o qədər yaxındır.
Təxminən eyni iqtisadi inkişaf səviyyəsinə malik olan Polşa (a/b ÜDM – 26,5 min Beyn. doll.), Sloveniya (a/b ÜDM – 31,0 min Beyn. doll.) və İspaniyada (a/b ÜDM – 34,8 min Beyn. doll.) İS(S)İ də təxminən eynidir (müvafiq olaraq – 0,346, 0,345 və 0,344), lakin bu ölkələrdə ÜDM-in 2011-2015-ci illərdəki kumulyativ artımı arasında əhəmiyyətli fərq vardır (müvafiq olaraq – 15,7%, 2,7% və -0,8%). Hesab etmək olar ki, İS(S)İ-nin bu qiyməti Polşa üçün optimal olan qiymətə daha yaxındır. Azərbaycan (a/b ÜDM – 18,0 min Beyn. doll.), Rumıniya (a/b ÜDM – 20,8 min Beyn. doll.) və Slovakiya (a/b ÜDM – 29,7 min Beyn. doll.) 2011-2015-ci illərdə ÜDM-in təqribən eyni kumulyativ artımına nail olmuşlar (müvafiq olaraq – 12,4%, 12,5% və 12,5%), lakin bu ölkələrdə dövlətin iqtisadiyyata müdaxilə səviyyəsi əhəmiyyətli dərəcədə fərqlənmişdir (İS(S)İ, müvafiq surətdə, 0,273-ə, 0,317-yə və 0,334-ə bərabər olmuşdur). Bu o deməkdir ki, həmin ölkələrdə İS(S)İ öz optimal qiymətindən eyni kənarlaşmada yerləşmişdir.
Ona görədir ki, bir ölkədə iqtisadi inkişaf dövlətin öz tənzimləmə tədbirlərini artırması və sərtləşdirməsi nəticəsində sürətlənirsa, digər ölkədə, əksinə, liberal islahatlar sayəsində güclənir. Bu və ya digər ölkədə (ölkələrdə) dövlətin iqtisadiyyata müdaxiləsinin hansı səviyyəsinin daha səmərəli olması haqqında mühakimə yürütmək üçün İndeksin həmin ölkə (ölkələr) üçün optimallıq “sahəsini” müəyyənləşdirmək tələb olunur. İqtisadiyyat institutu bu yöndə tədqiqatlarını davam etdirməkdədir.
= = =
İqtisadiyyatın solluğu (sağlığı) indeksi son 20 ildə dünya iqtisadiyyatında baş vermiş ən fundamental dəyişikliklərdən birini üzə çıxarır. “Sosializmdən çıxmış” yeni dövlətlər, bu müddət ərzində, bazar iqtisadiyyatının çoxdan oturuşduğu zəngin ölkələrə nisbətən daha sağçı iqtisadiyyat qurmuşlar. Cəmi 25 il bundan əvvəl ifrat solçu iqtisadiyyata malik olan Azərbaycan indi Fransaya, Almaniyaya, İtaliyaya, Hollandiyaya və bir çox başqa “köhnə” bazar iqtisadiyyatı ölkələrinə nisbətən daha liberal iqtisadiyyata sahibdir.
1990-cı illərin əvvəllərinə qədər ifrat solçu iqtisadiyyata malik olan ölkələrdə o vaxtdan bəri aparılmış iqtisadi islahatlar həm mahiyyətcə, həm də intensivliyə (sürətə) görə fərqlənmişdir. İS(S)İ bu islahatların nəticələrini müqayisəli şəkildə qiymətləndirməyə imkan verir. Hər üçü liberal iqtisadi islahatları dövlət siyasətinin əsas prioritetləri sırasına aid etsə də, Azərbaycan Serbiyaya nisbətən daha sağçı iqtisadiyyat qurmağa nail olmuş, amma dövlətin iqtisadiyyata müdaxiləsini Gürcüstana nisbətən daha yüksək səviyyədə saxlamışdır.