Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

  • Oxunub 945 dəfə

SUB-İNDEKSLƏR ÜZRƏ NƏTİCƏLƏR

 

Sub-indekslər üzrə cədvəlləri yuxarıdan aşağıya “oxuduqda” ölkələr dövlət tənzimləməsinin az olduğu ölkələrdən daha sərt olduğu ölkələrə doğru, başqa sözlə – sağdan sola, aşağıdan yuxarıya “oxuduqda” isə soldan sağa sıralanmış olur. Adambaşına ÜDM-i 35 min Beynəlxalq dollardan artıq olan ölkələr rəng fonunda kursivlə verilmişdir.

= = =

Dövlət maliyyəsi sub-indeksi üzrə nəticələr

Cədvəl 1. Dövlət maliyyəsi sub-indeksi – 2016

 

Şkala 1. Dövlət maliyyəsi sub-indeksi üzrə iqtisadiyyatın solluğu-sağlığı (2016)

Dövlət maliyyəsi sub-indeksinə görə ən sağçı iqtisadiyyat Sinqapurun (0,187), ən solçu iqtisadiyyat Argentinanın (0,738) iqtisadiyyatıdır. Azərbaycan (0,392) nisbi mərkəz nöqtəsindən (0,369) soldadır. Nisbi mərkəzlə median (0,364 indeks qiyməti ilə Rumıniya) arasındakı fərqin kiçikliyi ölkələrin nisbi mərkəz ətrafında sayca təqribən bərabər paylandığını göstərir.

İstər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrin nisbi mərkəzdən sağa və sola təqribən bərabər paylanması belə bir nəticə çıxarmağa əsas verir ki, dövlət maliyyəsi sub-indeksi ilə iqtisadi inkişaf arasında sıx asılılıq yoxdur. Bu parametr üzrə dövlətin iqtisadiyyata müdaxilə dərəcəsi ölkənin iqtisadi inkişaf səviyyəsini şərtləndirmir və onunla şərtlənmir.

= = =

Qiymətlərin tənzimlənməsi sub-indeksi üzrə nəticələr

Cədvəl 2. Qiymətlərin tənzimlənməsi sub-indeksi – 2016

Şkala 2. Qiymət tənzimlənməsi sub-indeksi üzrə iqtisadiyyatın solluğu-sağlığı (2016)

Qiymət tənzimlənməsi sub-indeksinə görə ən sağçı iqtisadiyyat İsveçrənin (0,063), ən solçu iqtisadiyyat isə Hindistan iqtisadiyyatıdır (0,378). Azərbaycan (0,325) iqtisadiyyatı sol qütbə ən yaxın olan dördüncü ölkədir.

Nisbi mərkəzin həndəsi ortadan sıfıra doğru sürüşməsi onu göstərir ki, bu sub-indeks üzrə ölkələr ümumən sağ qütbə, yəni qiymətlərin nisbətən dar çərçivədə tənzimlənməsinə meyl edir. Lakin bu o anlama gəlmir ki, həndəsi orta ilə sıfır nöqtəsi arasında yer alan iqtisadiyyatlar bu sub-indeks üzrə sağçı iqtisadiyyatlardır. İS(S)İ-nin nəzəri əsaslarına görə, bu və digər sub-indekslər üzrə (həmçinin inteqral İS(S)İ üzrə) alınmış nəticələr iqtisadiyyatların yalnız bir-birinə nəzərən solluq-sağlığını qiymətləndirməyə (ölçməyə) imkan verir.

Qiymətlərin tənzimlənməsi sub-indeksi üzrə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin üstünlük verdiyi “iqtisadi modellər” ciddi fərqlənir. Birincilərdə qiymətlər, bir qayda olaraq, daha liberaldır (dövlət qiymətləri daha məhdud çərçivədə tənzimləyir).

= = =

Xarici ticarət sub-indeksi üzrə nəticələr

Cədvəl 3. Xarici ticarət sub-indeksi – 2016

Şkala 3. Xarici ticarət sub-indeksi üzrə iqtisadiyyatın solluğu-sağlığı (2016)

 

Xarici ticarətin tənzimlənməsi üzrə ən liberal iqtisadiyyat Sinqapurun (0,058), ən solçu iqtisadiyyat isə İranın iqtisadiyyatıdır (0,553). 95 ölkə arasında xarici ticarət əməliyyatlarının dövlət tərəfindən ən sərt tənzimləndiyi 23-cü ölkə Azərbaycandır (0,306). Median (0,222 indeks qiyməti ilə Serbiya) nisbi mərkəzdən (0,244) sağdadır, yəni sıralanan ölkələrin çoxunda xarici ticarət nisbi mərkəz nöqtəsinin göstərdiyindən daha liberaldır.

İnkişaf etmiş ölkələrdə xarici ticarət fəaliyyətinə dövlət müdaxiləsi inkişaf etməkdə olan ölkələrə nisbətən daha azdır. Bu, əlbəttə, anlaşılandır: inkişaf etmiş ölkələrdə istehsal edilən əksər məhsul və xidmətlərin rəqabət qabiliyyəti, bir qayda olaraq, daha yüksəkdir və həmin ölkələr beynəlxalq ticarətin liberallaşmasında daha çox maraqlıdır. İnkişaf etməkdə olan ölkələr isə öz daxili bazarlarını daha sərt qorumağa çalışır, lakin daxili bazarın qorunması üzrə tədbirlər iqtisadi inkişafı yalnız müəyyən şərtlər daxilində stimullaşdıra bilir.

= = =

Lisenziyalaşdırma sub-indeksi üzrə nəticələr

Cədvəl 4. Lisenziyalaşdırma sub-indeksi – 2016

Şkala 4. Lisenziyalaşdırma sub-indeksi üzrə iqtisadiyyatın solluğu-sağlığı (2016)

Bu sub-indeks üzrə 95 ölkə arasında ən sağçı iqtisadiyyata malik olan ölkə Birləşmiş Ərəb Əmirlikləridir (0,023), ən solçu iqtisadiyyat isə Kamboca iqtisadiyyatıdır (0,357). Azərbaycan iqtisadiyyatı (0,122) 27 ölkəninkindən sağda, 67 ölkəninkindənsə solda yerləşir və nisbi mərkəzdən (0,099) soldadır.

= = =

Məşğulluğun tənzimlənməsi sub-indeksi üzrə nəticələr

Cədvəl 5. Məşğulluğun tənzimlənməsi sub-indeksi – 2016

Şkala 5. Məşğulluğun tənzimlənməsi sub-indeksi üzrə iqtisadiyyatın solluğu-sağlığı (2016)

İşəgötürmənin və işdənçıxarmanın asanlığı-çətinliyi və işdənçıxarma xərcləri baxımından, sahibkarla muzdlu işçi arasındakı əmək münasibətlərinin tənzimlənməsində ən liberal ölkə Danimarkadır (0,156). Bu sub-indeks üzrə tədqiq edilən 95 ölkə arasında ən solçu ölkə isə Venesueladır (0,804). Şri Lanka (0,614), Ekvador (0,564) və Argentina da (0,559) işəgötürmə və işdənçıxarma məsələlərində şirkətlərin sərbəstliyini ən çox məhdudlaşdıran ölkələr sırasındadır. Bir sıra inkişaf etmiş (yüksək gəlirli) ölkələr, o cümlədən Cənubi Koreya (0,473), Belçika (0,466), Fransa (0,442), Avstraliya (0,437), Almaniya (0,436) və İtaliya (0,433) işəgötürmə və işdənçıxarma məsələlərində işçilərin sosial müdafiəsinə daha yüksək önəm verir. Danimarka ilə eyni qütbdə yer alan digər inkişaf etmiş dövlətlər, o cümlədən , Sinqapur (0,165), İsveçrə (0,169), ABŞ və İslandiya (hər biri – 0,189), Birləşmiş Ərəb Əmirlikləri (0,204), Birləşmiş Krallıq və Yeni Zelandiya ( hər biri – 0,253) isə, əksinə, iş sahiblərinə bu sahədə geniş hüquqlar verir, amma əvəzində işçilərin hüquqlarını məhdudlaşdırır.

Azərbaycan (0,339) bu sub-indeks üzrə liberal dövlətlər sırasında 33-cüdür: nisbi mərkəzdən (0,376) və mediandan (0,387 indeks qiyməti ilə Norveç) sağdadır.

İnkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatların stoxastik sıralanması təsdiq edir ki, işəgötürmə və işdənçıxarma qaydalarının liberallığı və ya dövlət tərəfindən, müəyyən həddlər daxilində, sərt tənzimlənməsi iqtisadi inkişafı şərtləndirmir və onunla şərtlənmir.

= = =

Minimum əmək haqqı sub-indeksi üzrə nəticələr

Cədvəl 6. Minimum əmək haqqı sub-indeksi – 2016

Şkala 6. Minimum əmək haqqı sub-indeksi üzrə iqtisadiyyatın solluğu-sağlığı (2016)

Birləşmiş Ərəb Əmirliklərində minimum əmək haqqı heç bir şəkildə – nə dövlət tərəfindən, nə də kollektiv müqavilələrlə – tənzimlənmir. Qətərdə isə ölkə əmirinin minimum əmək haqqı müəyyən etmək səlahiyyəti olsa da, hazırda belə bir hədd tətbiq edilmir. MƏH sub-indeksi üzrə bu ölkələr mütlə́q göstərici ilə ən sağçı iqtisadiyyata malikdirlər. 2014 və 2015-ci illərin Hesabatları hazırlanarkən Sinqapurda da minimum əmək haqqı tətbiq edilmirdi. 2014-cü ilin yanvar ayından etibarən Sinqapurda təmizlik işçiləri üçün dövlət 1000 ABŞ dolları həcmində MƏH müəyyənləşdirmişdir. Bu işçilər qrupunun sayca çox kiçik olduğu nəzərə alınaraq, 2016-cı il hesabatında Sinqapur şərti olaraq “0,010” nöqtəsinə qoyulmuşdur.

Uqandada (0,031) və Bəhreyndə (0,033) də MƏH sub-indeksi xeyli kiçikdir. Bəhreyn, Misir və Səudiyyə Ərəbistanında minimum əmək haqqı həddi ancaq dövlət sektorunda çalışanlar üçün müəyyən olunur və sadalanan ölkələr üçün MƏH sub-indeksi hesablanarkən dövlət sektorunda çalışanların ümumi məşğulluqdakı payı da nəzərə alınmışdır. Avstriya, Danimarka, Finlandiya, İslandiya, İtaliya, Norveç, İsveç və İsveçrə iqtisadiyyatları şərti olaraq “0,050” nöqtəsinə qoyulmuşdur. Bu ölkələrdə dövlət minimum əmək haqqını qanunvericiliklə təsbit etməsə də, MƏH kollektiv müqavilələrlə hər halda tənzimlənir. Cənubi Afrika Respublikası, Kamboca və Kipr iqtisadiyyatlarının yeri də şərtidir (0,080). Bu ölkələrdə MƏH dövlət tərəfindən, amma məhdud sayda işçi qrupları üçün müəyyənləşdirilir.

Bir sıra dövlətlərdə MƏH qanunvericiliklə təsbit edildikdə belə, kollektiv razılaşmalarla yenidən müəyyənləşdirilir. Bu hallarda razılaşdırılmış minimum, qanunla təyin ediləndən daha yüksək olur və dövlətin qoyduğu minimum, bir növ, əmək haqqı minimumunun minimal həddi rolunu oynayır. Həm iqtisadiyyatın solluğu-sağlığı dövlət müdaxiləsi ilə şərtləndiyinə görə, həm də qanunvericiliklə təsbit edilən minimum son aşağı həddi ifadə etdiyinə görə bu araşdırmada ondan istifadə olunmuşdur.

MƏH üzrə sıralamanın sağ qütbündə müəyyən şərtiliyə yol verildiyi üçün nisbi mərkəz və median nöqtələrinin təhlili daha az əhəmiyyət kəsb edir. Lakin bu şərtilik iqtisadiyyatların bir-birinə nəzərən sağlığına-solluğuna xələl gətirmir. Azərbaycan (0,218) nisbi mərkəzdən (0,349) də, mediandan (0,357 indeks qiyməti ilə Qana) da sağdadır.