İqtisadiyyat İnstitutunun Müdiriyyəti ilə Həmkarlar İttifaqı Komitəsi arasında 2017-ci il üçün kollektiv müqavilə
- Oxunub 1862 dəfə
BAKI - 2017
MÜQAVİLƏDƏ İSTİFADƏ OLUNAN ƏSAS ANLAYIŞLAR
Bu Müqavilədə istifadə olunan əsas anlayışlar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, aşağıdakı kimi təfsir edilir.
- Kollektiv müqavilə – işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən hüquqi sənəd.
- İş yeri – işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer.
- Əmək funksiyası – əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu.
- Əməyin mühafizəsi – işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə normativ hüquqi aktlarda və fərdi əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemi.
- Əmək şəraiti – işçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirməsi üçün qanunvericiliklə müəyyənləşdirilən, habelə əmək müqaviləsində tərəflərin özlərinin müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusu.
- Kollektiv tələblər – əmək, sosial və iqtisadi məsələlərlə bağlı işçilərin, yaxud onların müvafiq səlahiyyət verdiyi qurumların müdiriyyət qarşısında irəli sürdüyü tələblər.
- Kollektiv əmək mübahisəsi – kollektiv tələblərdən törəyən fikir ayrılığı.
- Fərdi əmək mübahisəsi – qanunvericiliyin tətbiqi ilə, habelə fərdi əmək müqaviləsində və kollektiv müqavilədə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi ilə bağlı müdiriyyətlə işçi arasında fərdi qaydada yaranan fikir ayrılığı.
- Tətil – kollektiv və fərdi əmək mübahisəsini həll etmək məqsədi ilə işçinin (işçilərin) öz əmək funksiyasının icrasından müvəqqəti olaraq tam və ya qismən imtina etməsi.
1. ÜMUMİ MÜDDƏLAR
1.1. Bu Müqavilə, AMEA İqtisadiyyat İnstitutu direktorunun şəxsində Müdiriyyəti ilə həmin İnstitutun əmək kollektivi adından onun vəkil etdiyi Həmkarlar İttifaqı Komitəsi (HİK) arasında bağlanır.
1.2. Bu Müqavilə, AR Əmək Məcəlləsinə, AMEA-nın Nizamnaməsinə, AR Nazirlər Kabineti ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) arasında və AR Nazirlər Kabineti, AHİK və AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2016-2017-ci illər üçün bağlanmış «Baş kollektiv Saziş»ə (№ 154, 15 aprel 2016-cı il) əsasən tərtib edilmişdir.
1.3. Müqavilənin əsas məqsədi – İnstitutun ümumi maraqları ilə işçilərin mənafelərini uzlaşdırmaq, əməkdaşların sosial-iqtisadi hüquqlarının qorunmasında Müdiriyyət ilə HİK-in birgə fəaliyyətini tənzimləməkdir.
1.4. Tərəflər, İnstitutun inkişaf etdirilməsinə, elmi tədqiqatların nəzəri və praktik əhəmiyyətinin yüksəldilməsinə bütün əməkdaşların səfərbər edilməsinin, təhsillərini davam etdirmək və ixtisaslarını artırmaq üçün gənc mütəxəssislər üçün yaradılan imkanların daha da genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayırlar.
1.5. Tərəflər, Müqavilənin icrası ilə bağlı yarana biləcək bütün məsələləri aşkarlıq şəraitində, məsləhətləşmə və razılaşmalar yolu ilə həll edəcəklər.
2. MÜDİRİYYƏT
2.1. Fundamental və tətbiqi iqtisad elminin inkişafını, İnstitutun intellektual potensialından effektiv istifadə olunmasını təmin etmək məqsədilə əməkdaşların fəaliyyəti üçün müvafiq əmək və iş şəraiti yaradır və onların əməyini mövcud vəsaitləri hesabına maliyyələşdirir.
2.2. HİK-in normal fəaliyyəti üçün onu zəruri avadanlıqla və rabitə vasitələri ilə təmin edir, iclasların və tədbirlərin keçirilməsi üçün müvafiq şərait yaradır.
2.3. HİK üzvlərinin öz ictimai fəaliyyətlərini həyata keçirmək üçün ehtiyacı yarandıqda onlara müəyyən qədər əlavə asudə vaxt verir.
2.4. İnstitutun yaxın və uzunmüddətli hədəf və məqsədləri haqqında, habelə maliyyə durumu və təsərrüfat məsələləri barədə Əmək kollektivinə vaxtaşırı məlumat verir.
2.5. İşçilərin sosial maraqlarına aid məsələləri HİK-lə müzakirə edir və razılaşdırır.
2.6. Fərdi əmək müqaviləsi ləğv edilərkən və Əmək Məcəlləsində nəzərdə tutulan digər hallar istisna olmaqla, əməkdaşların işdən azad edilməsini və daha aşağı ödənişli işə keçirilməsini, müsabiqə və attestasiya, habelə ixtisasartırma məsələlərini mövcud qanunvericiliyin tələb etdiyi çərçivədə HİK-lə razılaşdırır.
2.7. İnstitutun struktur bölmələri Müdiriyyətin təşəbbüsü ilə birləşdirilərkən və ya ləğv olunarkən iş yerlərinin ixtisar olunmasına, yaxud əmək şəraitinin və ödənişinin pisləşməsinə səbəb ola biləcək hallar haqqında HİK-ə əvvəlcədən xəbərdarlıq edir.
2.8. İnstitutda yeni iş yerləri açılarkən ixtisar nəticəsində işdən azad olunan işçilərin (ixtisas uyğunluğu və elmi səviyyə nəzərə alınmaqla) işlə ilk növbədə təmin olunmasına üstünlük verir.
2.9. İşçilərin ixtisarı zamanı pensiyaya çıxmasına 1 il və daha az müddət qalmış işçilərə pensiyaya çıxma vaxtına qədər möhlət verir.
2.10. Fərdi əmək mübahisələrinin həllində HİK-in iştirakını təmin edir.
2.11. Müsabiqə yolu ilə 5 il müddətinə işə qəbul edilən və ya vəzifəyə təyin edilən işçi ilə bağlanmış əmək müqaviləsi, müqavilə tərəflərindən biri tərəfindən dayandırılmasına əsas olmadıqda, müddətsiz hesab edilir.
2.12. Milli, cinsi və dini mənsubiyyətindən asılı olmayaraq, bütün işçilər üçün bərabər şərait yaradır.
2.13. Müəssisənin vəsaiti hesabına işçilərə maddi yardım göstərilməsini, habelə mənzil və ya məişət əşyaları əldə etmək üçün ssuda verilməsini HİK-lə razılaşdırır.
2.14. Həmkarlar ittifaqına üzvlük haqlarının işçilərin əmək haqqından tutulmasına razılıq verir və tutulmuş üzvlük haqlarının İnstitutun mühasibatlığı tərəfindən Həmkarlar İttifaqının bank hesabına vaxtında (əmək haqlarının ödənilməsi ilə eyni vaxtda) və tam həcmdə köçürülməsi təmin edir.
3. HƏMKARLAR İTTİFAQI KOMİTƏSİ
3.1. İnstitutun əmək kollektivinin səlahiyyətli nümayəndəsidir.
3.2. Əməkdaşların iş şəraitinin və maddi rifahının yaxşılaşdırılması, sağlamlığının qorunması, hüquqlarının müdafiəsi üzrə Müdiriyyətlə birgə məsuliyyət daşıyır, lakin bu məsələlər üzrə onun qarşısında əsassız və icrası mümkün olmayan tələblər qoymur.
3.3. İnstitut qarşısında dayanan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi məqsədi ilə işçilərin əməyindən səmərəli istifadə olunması sahəsində Müdiriyyətin qaldırdığı məsələlərin həllinə kömək edir.
3.4. Öz vəsaitləri çərçivəsində işçilərin əmək və sosial-iqtisadi problemlərinin həllində iştirak edir.
3.5. Əməkdaşların işdən azad edilməsi, başqa işə keçirilməsi, müsabiqə və attestasiya, ixtisasartırma məsələləri üzrə razılaşdırmalar zamanı işçilərin mənafeləri ilə yanaşı, İnstitutun ümumi maraqlarını da nəzərə alır.
3.6. Qanunvericiliklə və kollektiv müqavilələrlə əməkdaşlar üçün müəyyən olunmuş güzəşt və imtiyazların verilməsi üzərində ictimai nəzarət funksiyasını yerinə yetirir və bu sahədə pozuntular aşkara çıxarsa, onların aradan qaldırılması üzrə Müdiriyyətə yazılı təkliflər verir.
3.7. Müdiriyyətlə əməkdaşlar arasında əmək mübahisələrinə, şikayət və ərizələrə baxılmasında, həll edilməsində – İnstitutun ümumi maraqlarını da nəzərə almaq şərti ilə – iştirak edir.
3.8. Maddi vəziyyəti ağır olan əməkdaşlara, ailə üzvü və ya valideyni vəfat etmiş işçilərə maddi yardım göstərir.
3.9. İşçilərin asudə vaxtının səmərəli keçməsi üçün işdənkənar vaxtlarda kollektiv səyahətlər, tamaşa və konsertlərə, muzey və sərgilərə kollektiv gedişlər və s. mədəni tədbirlər təşkil edir və bu tədbirləri maliyyələşdirir.
3.10. İşçilərin bədən tərbiyəsi və idmanla məşğul olması üçün vəsait ayırır, idman tədbirləri və yarışlar keçirir.
3.11. Elmi fəaliyyəti ilə xüsusi fərqlənən əməkdaşların yubileylərinin keçirilməsini, onların müvafiq hədiyyələrlə mükafatlandırılmasını təmin edir.
3.12. Əməkdaşların azyaşlı övladlarının (nəvələrinin) uşaq düşərgələrində istirahətini təşkil edir.
3.13. HİK fəallarını öz fondu hesabına mükafatlandırır.
3.14. Əmək məsələlərinin və sosial problemlərin həlli, xüsusilə də işçilərə maddi yardımların və sosial xidmətlərin göstərilməsi zamanı Həmkarlar İttifaqı üzvlərinə milli, cinsi və dini mənsubiyyətinə görə fərq qoymur.
3.15. Bütün fəaliyyətini, xüsusilə maliyyə vəsaitlərinin xərclənməsini tam şəffaflıq prinsipi ilə həyata keçirir və maliyyə vəsaitlərinin xərclənməsi haqqında hesabatlarını ayda bir dəfədən az olmamaqla İnstitutun rəsmi İnternet saytında dərc edir.
3.16. HİK-in cari planları və maliyyə durumu haqqında Həmkarlar İttifaqı üzvlərinə ildə bir dəfədən az olmamaqla hesabat verir.
4. İŞ VAXTININ TƏNZİMLƏNMƏSİ
4.1. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, İqtisadiyyat İnstitutunda iş günü, 1 saatlıq nahar fasiləsi ilə, 8 saatdan (900-1800), iş həftəsi isə cəmi 40 saat olmaqla 5 gündən ibarətdir. Ciddi səbəb olduqda Müdiriyyət HİK-in razılığı ilə gün və həftə içində iş vaxtının hədlərini dəyişdirə bilər.
4.2. Müdiriyyət İnstitutun bölmələrinə və ya ayrı-ayrı əməkdaşlarına iş vaxtı üzrə müəyyən müvəqqəti güzəştlər verə bilər, lakin HİK-in razılığı olmadan əlavə iş vaxtı təyin edə bilməz. İşçilər əlavə vaxtda işə cəlb edildikdə onların əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş şərtlər əsasında ödənilir.
4.3. İşçinin yaxın (birinci dərəcəli) qohumu vəfat etdikdə, əmək haqqı ödənilməklə, onun 3 günə qədər işə çıxmamasına icazə verilir.
4.4. Doğuşa və uşağa qulluq etməyə görə qadınlara qanunvericiliklə nəzərdə tutulan məzuniyyətdən əlavə, öz hesabına əlavə məzuniyyət verilə bilər. Hamilə qadınların sağlamlığını qorumaq məqsədilə, işə gəlib-getmə müddətinin nəqliyyatda sıxıntı olmayan vaxta düşməsi üçün onlara münasib vaxt rejimi təklif oluna bilər.
5. ƏMƏYİN ÖDƏNMƏSİ
5.1. Müdiriyyət əməyin qanunvericilikdə müəyyənləşdirilmiş qaydada ödənməsini təmin edir.
5.2. İşçinin vəfatı ilə əlaqədar olaraq, onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdə onun vərəsəsinə orta aylıq əmək haqqının 3 misli miqdarında müavinət ödənilir.
6. ƏMƏKDAŞLARIN İDARƏETMƏYƏ CƏLB EDİLMƏSİ
Elmi Şuranın azı bir üzvü HİK-in səlahiyyətli nümayəndəsi funksiyasını yerinə yetirir.
7. ƏMƏYƏ MƏSULİYYƏTLİ MÜNASİBƏT
7.1. Əmək kollektivində işgüzarlıq və qarşılıqlı hörmət mühiti yaratmaq, İnstitutun səmərəli fəaliyyətinə mane olan psixoloji amilləri aradan qaldırmaq sahəsində Müdiriyyət və HİK səylərini birləşdirirlər.
7.2. İşçi öz əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, təşkilatdaxili intizam qaydalarını pozduqda Müdiriyyət ona xəbərdarlıq, ciddi töhmət, maaşına olan əlavənin dayandırılması, aylıq əmək haqqının dörddə birindən çox olmamaq şərti ilə cərimə, əmək müqaviləsinin ləğvi kimi cəzalar tətbiq edə bilər. Əmək intizamının pozulmasına qarşı tədbirlərdə HİK Müdiriyyəti tam (qeyd-şərtsiz) dəstəkləyir.
7.3. Vəzifələrini nümunəvi surətdə yerinə yetirən, yüksək elmi nəticələrə nail olan, uzun illər İnstitutda məhsuldar çalışan əməkdaşları Müdiriyyət müxtəlif formalarda – təşəkkür elan etməklə, pul və ya hədiyyə ilə, fəxri fərmanla, vəzifə irəliləyişi ilə, vəzifə maaşına əlavə ilə mükafatlandıra bilər. HİK, Müdiriyyətlə məsləhətləşmə əsasında həmin işçilərə sanatoriya və istirahət evlərinə güzəştli göndəriş, maddi yardım və digər imtiyazlar verir.
8. ƏMƏYİN MÜHAFİZƏSİ VƏ TİBBİ XİDMƏT
8.1. Tərəflər, əməkdaşlara normal (ilk növbədə – sağlamlıq üçün təhlükəsiz) əmək şəraiti yaratmaq sahəsində ortaq məsuliyyət daşıyırlar.
8.2. Müdiriyyət aşağıdakılara cavabdehdir:
- qüvvədə olan qanunvericiliyə müvafiq olaraq əməkdaşlara illik məzuniyyət verilməsi;
- avadanlıqların və elektrik xəttlərinin saz və təhlükəsiz vəziyyətdə saxlanılması;
- iş otaqlarında təmiz hava, normal işıqlandırma, istilik olması, iş otaqlarında və köməkçi otaqlarda sanitariya-gigiyenik qaydalara əməl olunması;
- yanğına qarşı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi.
8.3. HİK aşağıdakılara cavabdehdir:
- özlərinin və iş yoldaşlarının təhlükəsizliyi məsələlərinə əməkdaşların məsuliyyətlə yanaşması;
- əməkdaşların öz iş yerlərini səliqəli saxlaması, texniki təhlükəsizlik və sanitariya qaydalarına riayət etməsi.
8.4. İş şəraitinin sağlamlıq üçün ziyanlı ola biləcəyi hallarda HİK, müvafiq tədbirlər görülməsi məqsədi ilə Müdiriyyət qarşısında vəsatət qaldırır.
8.5. Hava istiliyi Selsi ilə 41 dərəcədən çox olduqda sərinləşdirici qurğular olmayan otaqlarda, habelə iş otaqlarında temperatur Selsi ilə müsbət 14dərəcədən aşağı olduqda HİK-in vəsatəti əsasında işçilərə fasilələr verilir və ya iş dayandırılır.
9. KOLLEKTİV MÜQAVİLƏNİN İCRASI YƏ DƏYİŞİKLİKLƏR
9.1. Tərəflər, Kollektiv müqavilənin yerinə yetirilməsi üzərində birgə nəzarət həyata keçirirlər. Tərəflərdən biri digərinin Kollektiv müqavilənin hansısa bəndlərini pozması qənaətinə gəldikdə və mübahisəli məsələləri razılaşma yolu ilə həll etmək mümkün olmadıqda onları İnstitutun ümumi iclasının müzakirəsinə çıxara bilər.
9.2. Kollektiv müqavilənin qüvvədə olduğu dövrdə onun maddələri Müdiriyyətin və ya HİK-in təşəbbüsü ilə birgə razılıq əsasında dəyişdirilə bilər. Bu halda dəyişikliklər, Tərəflərin imzaları ilə təsdiqlənən protokolla rəsmiləşdirilir.
9.3. Kollektiv müqaviləyə dəyişiklik təklif edən tərəf digər tərəfə yazılı təkliflə müraciət edir. Qarşı tərəf müraciəti aldıqdan sonrakı 10 gün ərzində kollektiv danışıqlıqlar başlanır. Müraciətə və ona verilən yazılı cavaba danışıqları aparacaq səlahiyyətli nümayəndələr barədə məlumat daxil olunur.
9.4. Kollektiv müqavilənin dəyişdirilməsi (yaxud yeni Kollektiv müqavilənin hazırlanması) üçün kollektiv danışıqlardan imtinaya yol verilmir.
9.5. Kollektiv müqavilənin icrası, dəyişdirilməsi və ya yeni Kollektiv müqavilənin hazırlanması gedişində yaranan Kollektiv əmək mübahisələri AR Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada həll edilir.
9.6. Müdiriyyət, kollektiv tələblər ona təqdim edildiyi vaxtdan sonrakı 5 iş günü ərzində öz qərarını yazılı formada HİK-ə bildirir. Müdiriyyət kollektiv tələblərə bu müddət ərzində cavab vermədikdə, yaxud kollektiv tələblərin icrasından tam və ya qismən imtina etdikdə kollektiv əmək mübahisəsi başlanmış hesab olunur.
10. KOLLEKTİV MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏSİ VƏ QÜVVƏDƏN DÜŞMƏSİ
10.1. Müqavilə, Müdiriyyət adından İnstitutun direktoru və HİK adından onun sədri tərəfindən imzalanır və imzalandığı tarixdən qüvvəyə minir.
10.2. Müqavilə, eyni hüquqi qüvvəyə malik olan, biri Müdiriyyətdə, digəri isə HİK-də saxlanılan iki nüsxədə tərtib olunub imzalanır.
10.3. Müddəti bitdikdən sonra Müqavilə qüvvədən düşmüş hesab olunur.