Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunda elmi vəzifələrin tutulmasi üçün müsabiqə keçirilməsi qaydaları

  • Oxunub 2226 dəfə

 

 

AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının 30 noyabr 2017-ci il tarixli iclasında təsdiq edilmişdir

AMEA İQTİSADİYYAT İNSTİTUTUNDA

ELMİ VƏZİFƏLƏRİN TUTULMASI ÜÇÜN MÜSABİQƏ KEÇİRİLMƏSİ QAYDALARI 

1. ÜMUMİ MÜDDƏALAR

1.1.  Bu Qaydalar “Azərbaycan Respublikasının Əmək Məcəlləsi”nə, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa, AMEA-nınNizamnaməsinə,AMEA İqtisadiyyat İnstitutunun (bundan sonra – İnstitut) Nizamnaməsinə uyğun olaraq hazırlanmışdır vəİnstitutda şöbə (laboratoriya) müdiri, baş elmi işçi, aparıcı elmi işçi, böyük elmi işçi, elmi işçi və kiçik elmi işçi vəzi­fələrinin tutulması üçün müsabiqənin (bundan sonra – Müsabiqə) keçirilmə­si qaydalarını müəyyən edir.

1.2.  Müsabiqə aşkarlıq və şəffaflıq prinsipləri əsasında, bütün iştirakçılar üçün bərabər şərtlər təmin edilməklə keçirilir.

1.3.  İşə qəbul zamanı aşağıdakılar üçün Müsabiqə keçirilmir:

1.3.1. AMEA-nın həqiqi və müxbir üzvləri (şöbə müdiri vəzifəsinə müsabi­qə istisna olmaqla);

1.3.2. Mütəxəssislər, laborantlar və texniki işçilər;

1.3.3. İşə əvəzçilik əsasında qəbul olunanlar.

1.4.  Müsabiqə 5 (beş) ildə bir dəfə keçirilir. Bu müddət bitərkən İnstitutla əməkdaş arasındakı müqavilə hələ qüvvədədirsə, Müsabiqə müqavilə qüvvə­dən düşdükdən sonrakı ən qısa zamanda keçirilir.Vaxtından əvvəl boşalmış vəzifələrə də Müsabiqə mümkün olan ən qısa zamanda keçirilir.

1.5.Müsabiqənin keçirilməsi haqqında əmr verildiyi gündən etibarən, vəzifə boş (vakant) hesab olunur, vəzifəni tutan şəxs vəzifəsindən azad edilmiş sayılır və Müsabiqə bitənədək həmin vəzifəni müvəqqəti olaraq icra edir.

 

2. MÜSABİQƏNİN ELAN EDİLMƏSİ VƏ MÜSABİQƏ KOMİSSİYASININ YARADILMASI

2.1. İnstitut direktoru (bundan sonra – Direktor) Müsabiqənin keçirilməsi ilə bağlı əmr verir.

2.1.1. Əmrə aşağıdakı məlumatlar daxil edilməlidir:

2.1.1.1. Müsabiqənin keçirilməsi tarixi;

2.1.1.2. Vakant vəzifələrin siyahısı;

2.1.1.3. Müsabiqəninkeçirilməsi haqqında elanın verilməsi müddəti və dərc edilməsi qaydası;

2.1.1.4. Sənədlərin qəbulu müddəti;

2.1.1.5.Müsabiqədə iştirak etmək istəyən iddiaçılardan (bundan sonra – İddiaçılar) sənədlərin qəbul edilməsinə məsul olan əməkda­şın soyadı, adı, atasının adı və vəzifəsi;

2.1.1.6.Müsabiqə komissiyasının (bundan sonra – Komissiya)tərkibi.

2.1.2.İnstitutun Kadrlar şöbəsinin müdiri və Həmkarlar Təşkilatının sədri Komissiyanıntərkibinəmütləq daxil edilirlər.

2.1.3. Komissiyanın üzvü Müsabiqədə iştirak etdikdəKomissiyanın onunla bağlı iclasında həlledici səs hüququnamalik olmur.

2.2.Müsabiqənin keçirilməsi haqqında dövlət dövri mətbuat orqanında və İnstitutun rəsmi İnternet saytında Müsabiqənin keçirilmə günündən azı bir ay əvvəl əvvəl elan verilir. Elanda bu Qaydaların 2.1.1. bəndində göstərilən məlumatlar (2.1.1.3 bəndi istisna olmaqla) əksini tapmalı, habelə Komissiya ilə əlaqə üçün telefon nömrəsi və elektron poçt ünvanı bildirilməlidir.

 

3. SƏNƏDLƏRİN QƏBULU

3.1. Müsabiqədə iştirak etmək üçün İddiaçı Komissiyaya aşağıdakı sənədləri təqdim etməlidir:

3.1.1.Ərizə (bu Qaydalarla təsdiq olunmuş nümunəyə (Əlavə1)uyğun olaraq);

3.1.2. Kadrların şəxsiuçot vərəqi;

3.1.3. Ali ixtisas təhsili haqqında sənədin notarial qaydada və ya Kadrlar şö­bəsi tərəfindəntəsdiq olunmuş surəti;

3.1.4. İddiaçının elmi dərəcələri və elmi adları haqqında sənədlərin notarial qaydada və ya Kadrlar şöbəsi tərəfindəntəsdiq olunmuş surətləri;

3.1.5. Əmək kitabçasının təsdiq olunmuş surəti (əmək fəaliyyətinə yeni baş­layanlar istisna olmaqla);

3.1.6. Xasiyyətnamə (digər müəssisələrdə çalışan İddiaçılar öz iş yerindən, ali məktəb məzunları isə bitirdikləri ali məktəbdən xasiyyətnamə təq­dim edirlər);

3.1.7. Elmi əsərlərinİnstitutun Elmi Katibi tərəfindən təsdiq olunmuş siyahı­sı (kiçik elmi işçilər və elmi işçilər üçün məcburi deyil). Müvafiq sahə üzrə elmlər doktoru elmi dərəcəsinə malik olan şəxslər yalnız son 5 (beş) il ərzində nəşr olunmuş elmi monoqrafiyalarının, kitablarının və əsas məqalələrinin siyahısını təqdim edə bilərlər;

3.1.8. İddiaçının müəllifi olduğu patentləri və digər əqli mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr;

3.1.9. Qrant layihələrindəiştirak haqqında məlumat;

3.1.10. Elmi-pedaqoji fəaliyyətə görə mükafatlar və təltiflər haqqında məlu­mat;

3.1.11. Elmi jurnalların Redaksiya Şuralarında üzvlük haqqında məlumat.

3.2. Sənədlərin qəbulu müddəti Müsabiqənin keçiriləcəyi günə 10 (on) gün qal­mış bitir.Sənədlər İddiaçı tərəfindən şəxsən (istisna hallarda – onun vəkil etdiyi şəxs tərəfindən) təqdim edilməlidir.

3.3. İddiaçıya sənədlərin qəbulu ilə bağlı arayış verilir.

3.4. Müsabiqəyə təqdim edilən sənədlər geri qaytarılmır.

 

4. KOMİSSİYANIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

4.1. Müsabiqəyə təqdim edilmiş sənədlərin bu Qaydalara uyğunluğunu (ekspertizasını) Komissiya təsbit edir. Sənədlərinekspertizası, onların qəbulu başa çatdıqdan sonrakı 10 (on) iş günü ərzindəbaşa çatdırılır.

4.2. Komissiya öz iclaslarına İddiaçıları dəvət edə bilər.

4.3. Təqdim edilən sənədlərin bu Qaydalara uyğunluğu təsbit olunduğu haldaKomissiya İddiaçının Müsabiqəyə buraxılması ilə bağlı qərar qəbul edir. Özü haqqında bilərəkdən səhv (yalan) məlumat verdiyi halda İddiaçı Müsabiqəyə buraxılmaya bilər.

4.4. Komissiyanın qərarı protokollaşdırılır və iclasda iştirak edən bütün Komis­siya üzvləri tərəfindən imzalanır.

4.5. Müsabiqədə iştirak etmək hüququ qazanmış İddiaçıların siyahısı protokolun təsdiq edildiyi gündən sonrakı 3 (üç) iş günü ərzindəKomissiya tərəfindən İnstitutunrəsmi İnternet saytında dərc edilir.

4.6. Komissiya, Müsabiqədə iştirak etmək hüququ qazanmış İddiaçıların soyadları və adlarının daxil edildiyi səsvermə bülletenlərinibu Qaydalarla təsdiq olunmuş nümunəyə (Əlavə 2) uyğunolaraq hazırlayır və Elmi Şura iclasına ən azı bir gün qalmış Elmi Şuranın Katibinə təqdim edir. Bir vəzifəyə 2 (iki) və daha çox İddiaçı olduqda onların adları səsvermə bülletenlərinə soyadlarının baş hərflərinin əlifba sırası ilə daxil edilir. Bülletenlərin sayı Elmi Şura üzvlərinin sayına bərabər olmalıdır.

 

5. MÜSABİQƏNİN KEÇİRİLMƏSİ

5.1. Müsabiqə İnstitutun Elmi Şurası tərəfindən keçirilir.Üzvlərinin azı üçdə ikisi iştirak etdiyi halda Elmi Şuranın iclası Müsabiqə keçirmək üçün səlahiyyətli sayılır.

5.2. Müsabiqə gizli səsvermə yolu ilə keçirilir. Kiçik elmi işçi və elmi işçi vəzifələrini tutmaq üçün Müsabiqə, Elmi Şuranın qərarı ilə açıq sadə səsvermə yolu ilə də keçirilə bilər.

5.3. Elmi Şura iclasının keçirilməsi vaxtı və yeri haqqında elan (Müsabiqədə iş­tirak edəcək İddiaçıların sıyahısı da göstərilməklə) iclasın təyin edildiyi gündən azı 3(üç) təqvim günü əvvəl İnstitutun rəsmi İnternet saytında dərc edilir.

5.4. Elmi Şuranın iclasında İddiaçının iştirakı məcburidir.

5.5. Müsabiqə aşağıdakı prosedur üzrə keçirilir:

5.5.1. Komissiyanın sədri İddiaçını təqdim edir və təqdim olunmuş sənədlə­rin bu Qaydalara uyğunluğunu təsdiq edir.İddiaçının, özü haqqında bilərəkdən səhv (yalan) məlumat verdiyi Elmi Şuranın iclasında üzə çıxarsa, İddiaçı Müsabiqədən kənarlaşdırıla bilər.

5.5.2. İddiaçı qısa çıxış edir və Elmi Şura üzvlərinin suallarını cavablandırır.

5.5.3. Elmi Şura üzvləri İddiaçı haqqında fikirlərini ifadə edirlər. Şöbə müdiri və ona bərabər tutulan digər vəzifələr üçün Müsabiqə zamanı İddia­çının liderlik xüsusiyyətləri, təşkilatçılıq qabiliyyəti və idarəetmə səriştəsi də müzakirə olunur.

5.5.4. Gizli səsvermə keçirildiyi təqdirdə:

5.5.4.1. Elmi Şura öz üzvləri sırasından açıq sadə səsvermə yolu ilə 3 (üç) nəfərdən ibarət Hesablama komissiyası seçir. Elmi Şura­nın bir iclasında keçirilməsi nəzərdə tutulan bütün Müsabiqələr üçün 1 (bir) Hesablama komissiyası seçilir.

5.5.4.2. Elmi Şuranın hər bir üzvü səsvermə bülletenini almasını proto­kola imzası ilə təsdiq edir.

5.5.4.3.Səsvermə bunun üçün ayrılmış otaqda gizli keçirilir. Elmi Şura üzvləri səsvermə otağına Hesablama komissiyası üzvünün nə­zarəti altında tək-tək daxil olurlar. Səsvermə otağında 2 (iki)və daha çox Elmi Şura üzvünün eyni zamanda olmasına yol verilmir.

5.5.4.4. Səsvermə bitdikdən sonra Hesablama komissiyası səsvermə qu­tusunu Elmi Şuranın iclası keçirilən salona gətirir, qutunu açır və səsləri sayır. Hesablama komissiyasının üzvü olmayan şəxslərqutunun açılmasını və səslərin sayılmasını müşahidə edə bilərlər, lakin Hesablama komissiyasının işinə müdaxilə edə bilməzlər.

5.5.4.5. Hesablamakomissiyasının, Bu Qaydalarla təsdiq olunmuş nümunəyə (Əlavə 3)uyğun olaraq tərtib edilib imzalanmış Protokolu Elmi Şura üzvlərininaçıq sadə səsverməsi ilə təsdiq olunur.

5.6. Elmi Şuranın iclasında iştirak edən üzvlərin üçdə ikisinin səsini almış İddia­çı seçilmiş sayılır. Müsabiqədə 2 (iki) İddiaçı iştirak etdikdə və onların heç biri yetərli səs almadıqda Müsabiqə baş tutmamış, vəzifə isə vakant sayılır və təkrar Müsabiqə təyin olunur. Müsabiqədə 3 (üç) və daha çox İddiaçı iş­tirak etdikdə və onların heç biri yetərli sayda səs almadıqda ən çox səs al­mış 2 (iki) İddiaçı üçün yenidən (ikinci tur) səsvermə keçirilir. İkinci səs­vermədə də İddiaçıların heç biri yetərli sayda səs almadıqda Müsabiqə baş tutmamış, vəzifə isə vakant sayılır və təkrar Müsabiqə elan olunur.

5.6.1. Təkrar Müsabiqədə 2 (iki) İddiaçı iştirak etdikdə daha çox səs almış İddiaçı seçilmiş sayılır. Təkrar Müsabiqədə 3 (üç) və daha çox İddiaçı iştirak etdikdə və onların heç biri yetərli sayda səs almadıqda ən çox səs almış 2 (iki) İddiaçı üçün yenidən (ikinci tur) səsvermə keçirilir və ikinci səsvermədə daha çox səs almış İddiaçı seçilmiş sayılır.

5.7. Bir vakant yerə 2 (iki) və ya daha çox namizəd olduqda, Elmi Şuranın hər bir üzvü öz səsini yalnız bir namizədə verə bilər. İki və ya daha çox namizədin lehinə səs verildiyi halda, seçki bülleteni etibarsız sayılır.

5.8. Elmi Şuranın üzvü İddiaçı olduqda özü ilə bağlı səsvermədə iştirak etmir.

5.9. İstifadə olunmuş səsverməbülletenləri Hesablama komissiyasının sədri və Elmi Katibin imzası ilə təsdiqlənmiş və İnstitutun dövlət möhürü ilə möhürlənmiş zərfdə, İnstitutun arxivində1 (bir) il saxlanılır.

5.10. Elmi Şura iclasının protokolundan çıxarış Müsabiqə keçirilən gündən sonrakı 3(üç) iş günü ərzində Elmi Katib tərəfndən Kadrlar şöbəsinə verilir və 5 (beş) iş günü ərzində İnstitutun rəsmi İnternet saytında dərc olunur.

 

6. MÜSABİQƏNİN NƏTİCƏLƏRİNİN LƏĞV EDİLMƏSİ

6.1. Müsabiqə qalibinin özü haqqında bilərəkdən səhv (yalan) məlumat verməsivə bunun Müsabiqənin nəticələrinə əhəmiyyətli dərəcədə təsir etməsi məlum olarsa, Müsabiqənin nəticələri Elmi Şura tərəfindən istənilən vaxt ləğv edilə bilər.

6.2. Bu Qaydaların kobud şəkildə pozulması aşkar edilərsə, Müsabiqə AMEA İctimai Elmlər Bölməsinin Bürosu tərəfindən dayandırıla, Müsabiqə bitdikdən sonra aşkar edildikdə isə onun nəticələri Büro tərəfindən ləğv edilə bilər.

 

7.YEKUN MÜDDƏALAR

7.1. Müsabiqənin nəticələridərc olunduqdan sonrakı1(bir) həftə ərzində Direktor Müsabiqənin nəticələri haqqında sənədləri təsdiq üçün AMEA İctimai Elmlər bölməsinə təqdim edir.

7.2. Müsabiqənin nəticələriAMEA İctimai Elmlər bölməsində təsdiq olunduqdan sonrakı 3 (üç) iş günü ərzində Direktor Müsabiqənin qalibləri ilə əmək müqavilələri bağlayır və onların işə qəbul edilməsi haqqında əmr verir. Əmək müqavilələrinin müddəti müəyyənləşdirilərkən, bir qayda olaraq, növbəti Müsabiqənin keçirilmə vaxtı da nəzərə alınır.

7.3. Müsabiqənin qalibi üzürlü səbəb olmadan 1 (bir) aydan çox müddətdə əmək müqaviləsini imzalamadıqda və ya onu imzalamaqdan imtina etdikdə əmək müqaviləsi bağlamaq hüququnu itirir, Müsabiqəsi keçirilən vəzifə isə boş hesab edilir.

7.4.Müsabiqədə iştirak edən şəxsə, onun Elmi Katibin adına yazdığı ərizəyə əsasən, Müsabiqənin keçirildiyi Elmi Şuranın iclasının protokolundan çıxarış verilir.

7.5.Müsabiqə qalibi ilə əmək müqaviləsi bağlandıqdan sonra onun Müsabiqəyə təqdim etdiyi sənədlər onun şəxsi işində Kadrlar şöbəsində saxlanılır.

7.6. Müsabiqədən keçməyən İddiaçının sənədləri, Müsabiqəkeçirildiyi gündənsonrakı 3 (üç) il ərzində İnstitutunarxivində saxlanılır.

 

8.QAYDALARA XİTAM VERİLMƏSİ

Bu Qaydalar, elmi işçi vəzifələrinin tutulması üçün müsabiqə keçirilməsini tənzimləyən daha yüksək statuslu normativ-hüquqi sənəd qəbul edildiyi gündən qüvvədən düşmüş hesab edilir.  

 

Əlavə 1. Ərizə nümunəsi

Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun direktoru professor Nazim Müzəffərliyə

iqtisad elmləri doktoru, professor Məmmədli Məmməd Məmməd oğlu tərəfindən  

 ƏRİZƏ

Xahiş edirəm ki, “_________ ” qəzetinin “_________ ” tarixli sayında və AMEA İqtisadiyyat İnstitutunun rəsmi İnternet saytında bu il “ ________ ” ayının “__”-da dərc edilmiş elan əsasında, Mikroiqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə bu il “ ________ ”ayının “___”-da keçiriləcək Müsabiqədə iştirak etməyimə razılıq verəsiniz.

Tələb olunan sənədləri əlavə edirəm.

İmza

tarix

Əlavə 2. Səsvermə bülleteni nümunəsi 

AMEA İqtisadiyyat İnstitutu
Mikroiqtisadiyyat şöbəsinin müdiri vəzifəsinin tutulması üçün
Müsabiqənin səsvermə bülleteni

İddiaçının (İddiaçıların) adı, atasının adı və soyadı

Səsvermə

Həsənli Həsən Həsən oğlu

Lehinəyəm

Əleyhinəyəm

Kamilli Kamilə Kamil qızı

Lehinəyəm

Əleyhinəyəm

Məmmədli Məmməd Məmməd oğlu

Lehinəyəm

Əleyhinəyəm

Lazım olmayan pozulur, lazım olan saxlanılır

 

Əlavə 3. Səsvermənin nəticələri üzrə protokolun nümunəsi

  

AMEA İqtisadiyyat İnstitutu
Mikroiqtisadiyyat şöbəsinin müdiri vəzifəsinin tutulması üçün
Müsabiqənin Hesablama komissiyasının
PROTOKOLU

 

Namizəd:__________________________________________________________

Soyadı, adı və atasının adı

Elmi Şura üzvlərinin sayı: _______

İclasda iştirak edən Elmi Şuranın üzvlərinin sayı: ________

Paylanmış bülletenlərin sayı: ________

Etibarsız sayılmış bülletenlərin sayı: ________

Etibarlı bülletenlərin sayı: _______

Səsvermənin nəticələri:

                            Lehinə: ______             Əleyhinə: ______

 

Hesablama komissiyasının sədri: ____________________________________

İmzası                          Soyadı, adının və ata adının
baş hərfləri

Hesablama komissiyasının üzvü: ____________________________________

İmzası                          Soyadı, adının və ata adının
baş hərfləri

Hesablama komissiyasının üzvü: ____________________________________

İmzası                          Soyadı, adının və ata adının
baş hərfləri

 

Tarix: _______________________

gün, ay, il