Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Dissertasiyaların ilkin (şöbə) müzakirələrinin keçirilməsi qaydaları

  • Oxunub 4270 dəfə

 AMEA İqtisadiyyat İnstitutu Elmi Şurasının 31 oktyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmişdir

Direktor, i.e.d., prof. Nazim Müzəffərli (İmanov)

Dissertasiyaların ilkin (şöbə) müzakirələrinin keçirilməsi
QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar AR Prezidenti yanında AAK-ın Əsasnaməsinə uyğun hazırlanmışdır
1.2. Qaydalar dissertasiyaların ilkin (şöbə) müzakirələrinin təşkil olunması, tamamlanma səviyyəsinin və elmi yeniliyinin qiymətləndirilməsi, növbəti mərhələyə buraxılması prosedurlarını müəyyənləşdirir.

2. Müzakirəni təşkil etmək üçün tələb olunan sənədlər

2.1. Dissertasiya işi (1 nüsxə).
2.2. Doktorluq imtahanlarının protokolu (ixtisas imtahanı istisna ola bilər).
2.3. Çap olunmuş məqalələrin siyahısı (AAK-ın müəyyən etdiyi 3 saylı formada) və surətləri.
2.4. Rəy:
2.4.1. Fəlsəfə doktoru dissertasiyaları üçün – elmi rəhbərin rəyi;
2.4.2. Elmlər doktoru dissertasiyaları üçün – məsləhətçinin (əgər varsa) rəyi.
2.5. Mövzunun Əlaqələndirmə Şurasında qeydiyyatdan keçməsi ilə bağlı protokoldan çıxarış.

3. Müzakirənin təyin edilməsi proseduru

3.1. Doktorant dissertasiyanı bitirm əsi haqqında (müvafiq sənədlərlə birlikdə) İnstitutun Elmi katibinə yazılı məlumat verdikdən sonrakı 10 iş günü ərzində Elmi katib Direktora yazılı təqdimat verir.
3.2. Direktor müzakirəni keçirəcək şöbələri (müzakirəçi şöbələri) təsbit edən sərəncam imzalayır və şöbələr, sərəncamın verildiyi gündən sonrakı 1 ay ərzində müzakirəni təşkil edirlər.
3.3.1. Müzakirə, bir qayda olaraq, 3 şöbənin, istisna hallarda isə ən azı 2 şöbənin birgə iclasında keçirilir.
3.3.2. Müzakirəçi şöbələrin müəyyənləşdirilməsi zamanı dissertasiya mövzusu ilə şöbələrin elmi-tədqiqat istiqamətləri arasında uyğunluq nəzərə alınır.
3.4. Müzakirənin keçirilməsi vaxtı və yeri, dissertasiya işi ilə bağlı digər məlumatlar iştirakçılara (müzakirəçi şöbələrin bütün elmi əməkdaşlarına) müzakirəçi şöbələrin müdirləri tərəfindən müzakirə günündən azı 10 gün əvvəl verilir.
3.5. Rəyçilər:
3.5.1. Fəlsəfə doktoru dissertasiyalarına, biri elmlər doktoru olmaqla 2 rəyçi təyin olunur. Dissertasiyanın profili üzrə elmlər doktoru olmadığı təqdirdə 3 fəlsəfə doktoru rəyçi təyin edilə bilər.
3.5.2. Elmlər doktoru dissertasiyalarına azı 3 elmlər doktoru rəyçi təyin olunur.
3.5.3. Rəyçilər öz rəylərinə görə məsuliyyət daşıyırlar.

4. Müzakirənin keçirilməsi proseduru

4.1. Müzakirəyə, sərəncamda adı birinci yazılmış şöbənin müdiri sədrlik edir. Əgər o, elmlər doktoru deyilsə, sədrlik, elmlər doktoru olan və sərəncamda adı növbəti yer tutan şöbənin müdirinə keçir.
4.2.1. Sədr iddiaçı və dissertasiya haqqında ümumi məlumat verir.
4.2.2. Sonra iddiaçı çıxış edir və digər məsələlərlə yanaşı, şəxsən özünün əldə etdiyi elmi yeniliklər haqqında məlumat verir.
4.2.3. Sonra iddiaçı iştirakçıların suallarını cavablandırır. Cavablar, iddiaçının istəyindən asılı olaraq, ya hər sualdan sonra, ya da bütün suallar toplandıqdan sonra verilə bilər.
4.2.4. Sonra rəyçilər çıxış edirlər. Rəyçilərin müzakirədə iştirakı icbaridir. İstisna hallarda rəyçilərdən biri müzakirədə iştirak etməyə bilər. Onun rəyini iclasın katibi oxuyur. Hər rəy səsləndirildikdən sonra iddiaçı oradakı iradlara münasibətini bildirir.
4.2.5. Sonra dissertasiya üzrə çıxışlar dinlənilir. Müzakirədə bütün iştirakçılar çıxış edə bilərlər. Çıxışların ardıcıllığını müzakirəyə sədrlik edən müəyyənləşdirir.
4.3. Müzakirənin nəticəsi üzrə qərar açıq səsvermə ilə qəbul edilir. Müzakirəçi şöbələrin bütün elmi işçiləri səsvermə hüququna malikdir. İştirakçıların üçdə ikisinin səs verdiyi qərar qəbul edilmiş sayılır.

5. Müzakirəsonrası prosedurlar

5.1. Müzakirənin gedişi və qəbul edilmiş qərar, dissertasiyaya dair iradlar əks etdirilməklə, protokollaşdırılır. Hər yazılı rəyin bir surəti protokola əlavə edilir.
5.2. Əgər dissertasiyaya iradlar prinsipial xarakter daşıyırsa və iddiaçı bunların haqlı olduğunu qəbul edirsə, bu protokoldakı yekun qərarda qeyd olunur.
5.3. Dissertasiya sonrakı mərhələyə həmin iradların nəzərə alınıb düzəldilməsi şərti ilə buraxılır. Bu halda:
5.3.1. İddiaçı nöqsanları aradan qaldırdıqdan sonra müzakirəçi şöbələrin müdirlərinə bu barədə yazılı məlumat verir.
5.3.2. Şöbə müdirləri iradların nəzərə alındığını əsas göstərməklə, dissertasiyanın növbəti mərhələyə buraxılması haqqında qərar imzalayırlar və bu qərar protokola əlavə olunur.
5.4. Müzakirədə haqqında mənfi qərar qəbul edilmiş dissertasiya işi, yenidən işlənmək şərti ilə, həmin qərar qəbul edildiyi gündən 6 aydan tez olmamaqla təkrar müzakirəyə təqdim edilə bilər. Təkrar müzakirəyə buraxılan dissertasiya işinə yeni rəyçilər təyin olunur.
5.5. Müzakirənin keyfiyyəti, obyektivliyi və qərarı üçün müzakirəçi şöbələr məsuliyyət daşıyır.
5.6. Müzakirənin video çəkilişi yazılmış disk digər sənədlərlə birlikdə Dissertasiya Şurasının katibinə təqdim edilir.