“Elektron xidmətlərin təşkili: reallıqlar və perspektivlər”
- Oxunub 1261 dəfə
AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.f.d. Aqil Əsədovun yeni kitabı nəşr olunub
AMEA İqtisadiyyat İnstitutunun “Xidmət sahələrinin inkişafı problemləri” şöbəsinin müdiri, i.f.d. Aqil Əsədovun (Ə.M.Əsədovun həmmüəllifliyi ilə) “Elektron xidmətlərin təşkili: reallıqlar və perspektivlər” adlı dərs vəsaiti çapdan çıxıb (Bakı, “Avropa” nəşriyyatı, 2017, -192 səh.). Azərbaycan Universitetinin Metodiki Şurasının qərarı ilə çapa tövsiyə edilən kitabın elmi redaktoru i.f.d., dos. Ə.S.Salahov, rəyçiləri i.f.d., dos. N.B.Böyükkişi və i.f.d., dos. K.N.Abdullayevdir.
Kitabda elektron xidmətlərin sosial iqtisadi mahiyyəti izah olunmuş, xidmətlərin elektronlaşdırılması zəruriliyi göstərilmiş, qloballaşan dünyada elektron xidmətlərin təşkilinə təsir edən amillər, elektron xidmətlərin təşkilinin nəzəri məsələləri, bu sahədə beynəlxalq təcrübə, elektron xidmətlərin təşkilinə dair normativ hüquqi baza nəzərdən keçirilmiş, elektron xidmətlərin təşkilində reklam və marketinqin rolu kimi məsələlərə aydınlıq gətirilmişdir. Kitabda elektron xidmətlərin təsnifatı verilmiş, ticarət, turizm, kommunikasiya, bank xidmətləri kimi konkret sahələr üzrə elektron xidmətlərin təşkili məsələləri ətraflı şəkildə araşdırılmışdır.
Təqdim edilən dərs vəsaiti elektron xidmətlərin təşkili, xidmət sahələrində İKT-nin rolunun gücləndirilməsi, sahibkarlığın inkişafı, biznesin təşkili və idarə edilməsi və s. ixtisaslar üzrə təhsil alan bakalavrlar, eləcə də müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər üçün zəngin və faydalı mənbə ola bilər (economics.com.az).