Professor Əli Nuriyevin “Davamlı və tarazlı regional inkişaf” adlı yeni kitabı çapdan çıxıb
- Oxunub 1280 dəfə
AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının üzvü, AMEA-nın müxbir üzvü, i.e.d., professor Əli Nuriyevin “Davamlı və tarazlı regional inkişaf” adlı kitabı çapdan çıxıb (Bakı, “Avropa”, 2017, - 242 səh.). Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Böyük Elmi Şurasının qərarı ilə nəşr olunan kitabın elmi redaktoru, i.e.d., professor R.P.Sultanova, rəyçiləri i.e.d., prof. İ.H.Alıyev, i.e.d., prof. T.N.Əliyev, k/t e.n., dos. İ.A.İbrahimovdur.
Kitabda ilk dəfə olaraq davamlı və tarazlı regional inkişafın nəzəri-metodoloji məsələləri Azərbaycan şəraitinə tətbiq edilməklə kompleks təhlil edilmiş və ümumiləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin müasir dövrdə yeritdiyi sosial-iqtisadi inkişaf siyasətini və respublikanın yerli şəraitini nəzərə almaqla davamlı və tarazlı inkişafın prioritetləri müəyyənləşdirilmiş, regionların davamlı inkişafı və istehsal potensialının artırılması istiqamətləri göstərilmişdir.
Kitabda aqrar-sənaye kompleksinin ixtisaslaşmış sahələrinin (üzümçülük, şərabçılıq, baramaçılıq, ipəkçilik, fındıq, zəfəran, zeytun, pambıq istehsalı və emalı, çayçılıq, çay emalı, tütün istehsalı və emalı) inkişafı sahəsində tarixən toplanmış qabaqcıl təcrübədən yeni dövrün və şəraitin tələblərinə uyğun istifadə olunması məsələsi irəliyə doğru davamlı iqtisadi inkişafın və regionların tarazlı inkişafının təkzib olunmaz şərtlərindən biri kimi irəli sürülür (economics.com.az).