“Böyük şəhərlərdə sənayenin innovativ inkişafı” adlı monoqrafiya çap olunub
- Oxunub 850 dəfə
AMEA İqtisadiyyat İnstitutunun böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Mətanət Abdalovanın “Böyük şəhərlərdə sənayenin innovativ inkişafı” adlı monoqrafiyası çap olunub (Bakı, “Elm və Bilik”, 2019, 194 səh.). AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı əsasında nəşr edilən kitabın elmi redaktoru iqtisad elmləri doktoru, professor Rəna Sultanova, rəyçiləri iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev və iqtisad üzrə fəlsəfə doktoru, dosent Mahir Zeynalovdur.
Monoqrafiyada şəhərlərin sənayesinin yenidən qurulması və modernləşməsinin istiqamətləri nəzəri baxımdan əsaslandırılıb, sənayenin innovasiya yönümlü inkişafı və strukturunun təkmilləşməsi siyasəti sahəsində xarici təcrübə öyrənilib, Azərbaycanın böyük şəhərlərində sənaye sahəsinin Sovet dövründə və müstəqillik illərində inkişaf xüsusiyyətləri verilib, Sumqayıt şəhərində sənayenin inkişafına tarixən şərait yaradan əsas amillər və sənaye sahələrinin innovasiya yönümlü inkişafını ləngidən və şərtləndirən amillər təhlil olunub. Eyni zamanda monoqrafiyada Sumqayıt şəhərinin 2009-2016-cı illərdə müstəqil iqtisadi inkişafetmə qabiliyyəti qiymətləndirilib, Sumqayıt Texnologiya Parkı və Kimya Sənaye Parkında mövcud vəziyyət geniş təhlil edilib, əldə olunmuş nailiyyətlər göstərilməklə yanaşı, problemlər və perspektivlər müəyyən edilib, onların aradan qaldırılması istiqamətində təklif və tövsiyələr irəli sürülüb.
Kitab elmi işçilər, tədqiqatçılar, ali məktəb müəllimləri, tələbələr, magistrlər, doktorantlar, nazirlik və şirkətlərin işçiləri və s. geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur (economics.com.az).