“Əməliyyatlar tədqiqi və ekonometrik məsələlərin MS EXCEL və EVİEWS proqram paketlərində həlli: nəzəriyyə və praktika” kitabı nəşr olunub
- Oxunub 2577 dəfə
AMEA İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin böyük elmi işçisi Təbriz Yadigarovun “Əməliyyatlar tədqiqi və ekonometrik məsələlərin MS EXCEL və EVİEWS proqram paketlərində həlli: nəzəriyyə və praktika” adlı monoqrafiyası çap olunub (Bakı, «Avropa» nəşriyyatı, 2019. 352 səh.). İqtisadiyyat İnstitutunun elmi Şurasının qərarı ilə nəşr edilən kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev, rəyçiləri iqtisad elmləri doktoru, professor Yadulla Həsənli və iqtisad elmləri doktoru, professor Yaşar Kəlbiyevdir.
Kitabda iqtisadi-riyazi modellərin müxtəlif üsulların köməyi ilə qurulması, onların MS Excel və EViews proqram paketlərində həll texnologiyaları verilmişdir. 22 paraqrafdan ibarət olan bu kitabda əməliyyatlar tədqiqi, o cümlədən xətti proqramlaşdırma məsələsi, xətti proqramlaşdırmada qoşmalıq, onların Simpleks metodla həlli, nəqliyyat və sahələrarası balans məsələləri və onların həlli, iqtisadi sistemin göstəriciləri arasındakı əlaqə tənliyinin qurulması və qiymətləndirilməsi məsələləri nəzəri baxımdan yığcam şəkildə izah edilərək, MS Exceldə həlli texnologiyları göstərilmişdir. Kitabda dəniz nəqliyyat donanması gəmilərindən təyinat məntəqələrinə daşınan yüklərin optimallaşdırılması üzrə səmərəli yükaşırma planının tərtib edilməsinin, həmçinin müxtəlif yüklərin emalında liman yanalma körpülərinin, investisiya qoyuluşlarının səmərəliliyinin artırılması məsələlərinin iqtisadi–riyazi modelləri qurulmuş və modelə daxil olan dəyişənlər MS Exceldə Solverin və Simplexvin 3.1 proqram paketinin tətbiqi ilə təyin edilərək müvafiq qiymətləndirmələr aparılmışdır. Sahələrarsı balansın xətti iqtisadi-riyazi modelinin Exceldə həlli zamanı istehsal sahələrində istehsal edilmiş məhsulların istehlak sahələrində istehlakının xərc matrisi üzrə tərs matrisin MS Exceldə hesablanması texnologiyası praktiki məsələ üzərində izah edilməklə onun elementləri hesablanmış və bütövlükdə matrislər üzərində əməliyyatların texnologiyası tam izah edilmişdir. Həmçinin, MS Excel və EViews tətbiqi proqram paketlərindən istifadə edərək iqtisadi göstəricilər arasındakı əlaqə tənliyinin qurulması, modelin adekvatlığının yoxlanılması və alınmış nəticələrin təhlili texnologiyası izah edilməklə bərabər, ARDSK və ARDGK-nin məlumatları əsasında bəzi praktiki məsələlərin həlli yolları göstərilmişdir.
Kitabın materialları Ali məktəblərdə “Ekonometrika”, “İqtisadi informatika”, “Statistika”, “Gömrük ststistikası və informasiya texnologiyaları”, “Əməliyyatlar tədqiqi” fənlərinin tədrisində, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-i, Azərbaycan Beynəlxalq Dəniz Ticarət Limanını, iqtisadi araşdırmaların aparılması, həmçinin tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur (economics.com.az).
Kitabın elektron variantını aşağıdakı linkdə yükləmək olar
“Əməliyyatlar tədqiqi və ekonometrik məsələlərin MS EXCEL və EVİEWS proqram paketlərində həlli: nəzəriyyə və praktika” (yüklə)