“Gömrük statistikası və müasir informasiya texnologiyaları” kitabı çap olunub
- Oxunub 958 dəfə
AMEA İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Təbriz Yadigarovun “Gömrük statistikası və müasir informasiya texnologiyaları” adlı monoqrafiyası çapdan çıxıb. İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyyə olunmuş nəşrin elmi redaktorları AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev və AR Dövlət Gömrük Komitəsi Akademiyasının elmi işlər üzrə rəis muavini, iqtisad elmləri doktoru, professor Cəmilə Namazovadır. Kitabın rəyçiləri isə iqtisad elmləri doktoru Sakit Yaqubov, iqtisad elmləri doktoru, professor Arif Şəkərəliyev və iqtisad üzrə fəlsəfə doktoru, dosent Kamran Abdullayevdir.
17 fəsildən ibarət olan monoqrafiyada gömrük statistikası və informasiya texnologiyalarının predmeti, obyekti, məqsədi, cəmiyyətdə rolu və yeri, xarici ticarətin gömrük statistikasında ilkin məlumatların emalı üsulları, statistik cəmləmə və qruplaşdırma, xarici ticarətin gömrük statistikasında indeks metodu, struktur indeksi, xarici ticarətin gömrük statistikasında amil üsulu və statistik kəmiyyətlər, dinamika sıraları və onların növləri, gömrük statistikasında ticarət sistemləri və təsnifat bazası, Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikası metodologiyasının tətbiqi ilə statistik dəyərin hesablanması və s. verilmişdir. Habelə AR Dövlət Gömrük Komitəsinin avtomatlaşdırılmış informasiya sistemi, gömrük statistikasında informasiya texnologiyalarının, o cümlədən blokçeyn texnologiyasının tətbiqinin üstün və çatışmayan cəhətləri və EViews proqram paketində gömrük üzrə daxilolmaların dövlət büdcəsinə təsirinin statistik təhlili və qiymətləndirilməsinə aid məsələlərin nəzəri və praktiki əsasları şərh edilmişdir.
Monoqrafiya ali məktəblərdə “Gömrük statistikası və informasiya texnologiyaları”, “Gömrük vergi və rüsumlarının beynəlxalq təcrübəsi”, “İqtisadi təhlil və audit”, “Gömrük işinin təşkili”, “Ekonometrika” fənlərinin tədrisində, hökumət qurumlarında, respublikada hazırlanan məqsədli proqramlarda, gömrük əməliyyatlarının səmərəliliyi ilə bağlı elmi araşdırmaların aparılmasında, həmçinin tədqiqatçılar üçün faydalı ola bilər (economics.com.az).
Kitabın elektron variantı - “Gömrük statistikası və müasir informasiya texnologiyaları” (yüklə)