“Gəlir vergisi” kitabı çap olunub
- Oxunub 1346 dəfə
AMEA İqtisadiyyat İnstitutunun “İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayevin, İnstitutun şöbə müdiri, i.f.d., dos. Yaşar Məmmədovun və i.f.d. Aygün Musayevanın müəllifi olduqları “Gəlir vergisi” kitabı nəşr olunub. AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə edilən kitabın rəyçiləri i.e.d., professor Vahid Novruzov və i.e.d., professor Müşviq Atakişiyev, elmi redaktoru i.f.d., dos. Əlövsət Əliyevdir.
Monoqrafiyada gəlir vergisinin nəzəri əsasları, səciyyəvi xüsusiyyətləri, fiskal siyasətdə, iqtisadiyyatda formalaşan gəlirin bölüşdürülməsində oynadığı rol, gəlir vergisinin istehlak vergisi ilə müqayisəsi, gəlir vergisinə cəlb olunan gəlirin formalaşma mənbələri araşdırılmış və xüsusi yanaşma ilə sistemləşdirilmişdir. Gəlir vergisindən azadolmalar sistemi qüvvədə olma müddətinə, əhatə dairəsinə, subyektinə, məqsədinə, xarakterinə, digər xüsusiyyətlərinə görə təsnifləşdirilmişdir. Monoqrafiyada gəlir vergisinin proqnozlaşdırma metodologiyasına, ekonometrik və optimallaşdırma modellərinə, gəlir vergisinin marjinal və effektiv dərəcələrinə və bu sahədə beynəlxalq təcrübəyə geniş yer verilmişdir.
Monoqrafiya vergi sahəsində çalışan mütəxəssislər, vergi ixtisası üzrə təhsil alan tələbə və magistrlər və elmi işçilər üçün faydalı mənbə rolunu oynaya bilər (economics.com.az).
Kitabın elektron variantı - “Gəlir vergisi” (yüklə)