AMEA İqtisadiyyat İnstitutunun professoru Müşfiq Atakişiyevin Çexiyada kitabı nəşr olunub
- Oxunub 633 dəfə
AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyevin “Toward a mathematical modelling of economic relationships” (“İqtisadi əlaqələrin riyazi modelləşdirilməsi ”) kitabı Çexiya Respublikasında çapdan çıxıb. Kitabın digər həmmüəllifi Çexiyanın Brno Texnologiya Universitetinin riyaziyyat elmləri üzrə professoru İvan Meznikdir.
Kitab iqtisadiyyatın riyazi modelləşdirilməsinin əsas kursu kimi hazırlanmışdır. Vəsait iqtisadi münasibətlərin səbəblərinə dair daha dərindən məlumat əldə etmək istəyən iqtisadiyyat üzrə magistr proqramlarının tələbələri ve iqtisadiyyatın riyazi modelləşdirilməsi üzrə tədqiqat aparan elmi işçilər üçün nəzərdə tutulmuşdur.
Birinci fəsildə qısaca olaraq riyazi konsept və metodlar nəzərdən keçirilib və növbəti fəsillərdə istifadə olunub. Sonrakı fəsillərdə aşağıdakı mövzular əhatə edilir: tələb və təklif, gəlir, maya dəyəri, mənfəət, elastiklik, istehsal, kommunal, optimallaşdırma, milli gəlir və dinamik analiz.
Kitabın izahlı bölümündə illüstrativ nümunələr, müxtəlif problemlər fəslində isə geniş miqyaslı nümunələrə və praktiki tetbiqlərə yer verilmişdir. Hər fəsil mövzuların siyahısı ilə başlayır və xülasə, özünü qiymətləndirmə məsələləri və problemlərin həll yollarını göstərməklə yekunlaşır. Son fəsildə müxtəlif iqtisadi problemlərin həlli yollarına dair misallar göstərilmişdir. Kitabla AMEA İqtisadiyyat İnstitutunun elmi kitabxanasında və AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanış olmaq olar (economics.com.az).