“Şəbəkə hazırlığı indeksi - 2019: Azərbaycanda elektron xidmətlərin inkişafı” kitabı çap olunub
- Oxunub 1077 dəfə
AMEA İqtisadiyyat İnstitutunun Elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Leyli Allahverdiyevanın “Şəbəkə hazırlığı indeksi - 2019: Azərbaycanda elektron xidmətlərin inkişafı” adlı monoqrafiyası çapdan çıxıb. AMEA İqtisadiyyat İnstitutu Elmi Şurasının tövsiyəsi ilə nəşr edilən kitabın elmi redaktoru professor Nazim Müzəffərli (İmanov), rəyçiləri i.e.d., professor Müşfiq Atakişiyev və i.f.d.,dosent Allahyar Muradovdur.
Kitab “Şəbəkə hazırlığı indeksi” üzrə beynəlxalq müqayisəli araşdırmada (reytinqdə) Azərbaycanın mövqeyinin təhlilinə və yaxşılaşdırılması istiqamətlərinə həsr olunmuşdur. İKT-nin inkişaf səviyyəsini əks etdirən Şəbəkə hazırlığı indeksinin hesablanma metodologiyası təhlil edilmiş və qiymətləndirilmişdir. Azərbaycanın göstəriciləri müxtəlif ölkələrin (əsas etibarilə, Azərbaycanın da daxil olduğu orta-yüksək gəlirli ölkələr qrupunun) müvafiq göstəriciləri ilə müqayisə edilərək, yaxşılaşma potensialı olan göstəricilər müəyyən olunmuş, həmin göstəricilər üzrə Azərbaycanın daha yuxarı pillələrə irəliləyə bilməsi üçün təkliflər irəli sürülmüşdür. Bu, ölkədə elektron xidmətlərin gələcək inkişafı ilə həmahəngdir. Müəllif ümid edir ki, tədqiqatın nəticələri, təklif və tövsiyələri iqtisadçılarla yanaşı, iqtisadi siyasət sahəsində qərar qəbul edənlər üçün də maraqlı və faydalı olacaqdır (economics.com.az).