Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycan Respublikasının demoqrafik inkişafı: tarixi dəyişikliklər, yeni meyllər, problemlər (1828-2020-ci illər)” kitabı çapdan çıxıb

  • Oxunub 1148 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun “Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., professor Şahbaz Muradovun “Azərbaycan Respublikasının demoqrafik inkişafı: tarixi dəyişikliklər, yeni meyllər, problemlər (1828-2020-ci illər)” kitabı çap olunub (Bakı, “ELM və BİLİK”, 2021. 536 səh.).

 Monoqrafiya Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, xalqı öz ətrafında sıx birləşdirərək rəşadətli ordumuzun köməyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etmiş, öz adını tarixə qızıl hərflərlə yazdırmış İlham Əliyevin anadan olmasının 60 illiyinə həsr olunub.

 AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilən monoqrafiyanın elmi redaktoru institutun böyük elmi işçisi, iqtisadçı demoqraf Çingiz Baxış, rəyçiləri iqtisad elmləri doktoru, professor Gülənbər Əzizova və iqtisad üzrə fəlsəfə doktoru, dosent Rüfət Efendiyevdir.

 Monoqrafiyada zəngin tarixi, rəsmi statistik və elmi mənbələrin məlumatları əsasında son 200 ilə yaxın dövr ərzində (1828-2020-ci illər) əvvəlcə çar Rusiyası dövründə onun tərkibinə qatılmış Şimali Azərbaycanın (Bakı, Elizavetpol (indiki Gəncə) və İrəvan Quberniyaları) (1828-1917-ci illərdə); öz müstəqilliyini qazanmış Xalq Cümhuriyyətinin dövründə (1918-1920-ci illər) və SSRİ-nin tərkibinə qatılmış Azərbaycan SSR-nin, sonra isə müstəqilliyini yenidən bərpa etmiş müstəqil Azərbaycanın (1991-2020-ci illərdə) demoqrafik inkişaf vəziyyətində - əhalisinin sayı, cins-yaş quruluşu və milli tərkibində; şəhər və kənd yerləri arasında bölünməsində; doğum, ölüm, təbii artım, nikah və boşanma səviyyələrində; sağlamlığı və ömür uzunluğunda və miqrasiyası prosesində baş vermiş dəyişikliklər və onlara təsir etmiş amillər qiymətləndirilmişdir. Habelə əsər həmin dövrlərin sosial-iqtisadi, sosial-siyasi, tarixi, milli və mədəni xarakterli nəticələri, habelə yaxın və uzaq gələcəkdə respublikada demoqrafik vəziyyətin nizamlanmasının prioritet istiqamətlərini müəyyənləşdirib. yaranmış problemlərin həllinə dair elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələrin işlənib hazırlanmasına həsr olunmuşdur.

 Monoqrafiyada aparılmış tədqiqatlar real həqiqətlərə əsaslanır və müxtəlif siyasi quruluşları özündə ehtiva edən üç dövrün sosial-iqtisadi, sosial-siyasi, etno-demoqrafik xüsusiyyətləri və mövcud statistikanın imkanları nəzərə alınmaqla həyata keçirilmişdir. Habelə müasir Azərbaycanın əsas demoqrafik göstəriciləri dünyanın müxtəlif ölkələrinin müvafiq göstəriciləri ilə müqayisə edilərək onun həmin göstəricilər üzrə dünyadakı yeri müəyyənləşdirilmişdir.

 Kitab  elmi işçilər, ali məktəblərin professor-müəllim və tələbələri, habelə demoqrafiya elmi ilə, əhali ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur (economics.com.az).

Kitabın elektron variantı

“Azərbaycan Respublikasının demoqrafik inkişafı: tarixi dəyişikliklər, yeni meyllər, problemlər (1828-2020-ci illər)” kitabı