“Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının bərpası” kitabı çap olunub
- Oxunub 856 dəfə
AMEA-nın İqtisadiyyat İnstitutunun “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin müdiri, iqisad elmləri doktoru (i.e.d.), professor Tərbiz Əliyevin rus və ingilis dillərində “Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının bərpası” adlı kitabı çap olunub.
Kitab Qarabağ müharibəsində Böyük Qələbənin birinci ildönümünə və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə həsr olunub.
İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilən kitabın rəyçiləri AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayev və iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradovdur.
Oxuculara təqdim olunan monoqrafiya analitik icmalın başlıca prinsipləri əsasında yazılmışdır. Burada Ümummilli Lider Heydər Əliyevin siyasi portreti, vəsiyyətləri yer alıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin reytinqi, onun şəxsiyyəti, respublikamıza uğurlu rəhbərliyi tanınmış dövlət xadimləri, politoloqlar, elm xadimləri, hərbi ekspertlər, əməkdar jurnalistlər və ölkə vətəndaşları tərəfindən qiymətləndirlmişdir.
Konseptual yanaşma, faktiki statistik məlumatlar və KİV-də yayılan xəbərlərin təhlili əsasında iqtisadiyyatda, Azərbaycanın beynəlxalq reytinqlərdə tutduğu mövqelərdə əldə etditi nailiyyətlər, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinə son qoyulması faktları və Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində dəymiş dağıntı və zərərin miqdarı, strukturu göstərilir. Eyni zamanda həlak olmuş insanlar, mədəni irsin dağıdılması, ekoloji terror, 44 günlük müharibədə qələbə və parlaq nailiyyətlər əldə edilməsi barədə məlumatlar verilir.
Monoqrafiyada Şərqi Zəngəzur və Qarabağ ərazilərinin faydalı qazıntılar, xammal, enerji və su ehtiyatları, turizm imkanları sistemləşdirilir, bu rayonların iqtisadi inkişafının əsas istiqamətləri təsvir edilir, son bir il ərzində görülən işlərə xüsusi diqqət yetirilir. Bunlarla yanaşı iqtisadiyyatın davamlı və inklüziv inkişafı ilə bağlı təklif və tövsiyələr verilir, yeni aqroparkların, müştərək müəssisələrin, sənaye-xidmət məhəllələrinin, klasterlərin, texnoparkların və digər innovativ infrastrukturların və sahibkarlıq obyektlərinin təşkilinin məqsədəuyğunluğu əsaslandırılır.
Monoqrafiya ictimaiyyətin geniş təbəqəsi, dövlət icra hakimiyyəti orqanlarının, ictimai təşkilatların əməkdaşları, alimlər, sahibkarlar, gənc tədqiqatçılar üçün nəzərdə tutulub (economics.com.az).
Kitabın elektron variantını aşağıdakı linkdən yükləmək olar
“Восстановление экономики Карабаха и Восточного Зангезура”