Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycanın iqtisadi və inzibati rayonlarının sosial-iqtisadi inkişaf indeksi” kitabı çap olunub

  • Oxunub 315 dəfə

 “Azərbaycanın iqtisadi və inzibati rayonlarının sosial-iqtisadi inkişaf indeksi” monoqrafiyası nəşr edilib. Kitab Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri şöbəsinin müdiri, i.e.d., professor Rəna Sultanova, şöbənin aparıcı elmi işçisi, i.f.d. Kərim Piriyev və Təhsil şöbəsinin müdiri, i.f.d. Ellada Xankişiyevanın apardıqları elmi-tədqiqat işləri əsasında hazırlanmışdır. Kitabın elmi redaktorları professor Tapdıq Həsənov və dosent Allahyar Muradov, rəyçiləri professor Fərhad Rəhmanov və dosent Ələsgər Sarıyevdir.

 Tədqiqat ölkə regionlarının 2021-ci ilə qədər olan təsnifatı əsasında aparılmışdır. Monoqrafiyada beynəlxalq reytinqlərdə iqtisadi və inzibati rayonlarda  sosial-iqtisadi inkişaf göstəriciləri üzrə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri tədqiq edilmiş və müvafiq təklif və tövsiyələr verilmişdir.

 Kitabda Azərbaycanın iqtisadi və inzibati rayonlarının sosial-iqtisadi inkişaf reytinqinin müəyyən edilməsinin nəzəri-metodoloji əsasları işlənmişdir. Belə ki, monoqrafiyada regionlar üzrə sosial-iqtisadi inkişaf reytinqinin hazırlanmasında sub-indekslərin hesablanması və təhlili verilmişdir. Burada ölkənin iqtisadi rayonlarında alt indekslərin inkişaf meylləri tədqiq edilmişdir.

 Monoqrafiyada Azərbaycanın iqtisadi rayonlarında sosial-iqtisadi inkişaf reytinqinin ekonometrik qiymətləndirilməsi verilmiş, burada müvafiq göstəricilər üzrə iqtisadi rayonların üstün və zəif cəhətləri qiymətləndirilmiş, əldə edilmiş nəticələr əsasında müvafiq dövlət orqanlarına təkliflər irəli sürülmüşdür.

 Kitab elmi işçilər, ali məktəb müəllimləri, doktorantlar, tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur (economics.com.az).

Kitabın elektron variantını aşağıdakı linkdən yükləmək olar

“Azərbaycanın iqtisadi və inzibati rayonlarının sosial-iqtisadi inkişaf indeksi”