“Azərbaycan bölgələrinin maliyyə özünəyetərliyi – 2021” kitabı çap olunub
- Oxunub 392 dəfə
“Azərbaycan bölgələrinin maliyyə özünəyetərliyi – 2021” adlı tədqiqat əsəri nəşr edilib (Bakı, 2023, 132 səhifə). Kitabın müəllifləri Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli (İmanov), İnstitutun xüsusi layihələr üzrə baş direktor müavini, dosent Allahyar Muradov və aparıcı elmi işçi, iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovdur.
Maliyyə Nazirliyinin sifarişi ilə İqtisadiyyat İnstitutunda yerinə yetirilmiş bu tədqiqat Azərbaycanın iqtisadi rayonlarında, respublika tabeli şəhərlərində və inzibati rayonlarında maliyyə özünəyetərliyi səviyyəsini qiymətləndirmək məqsədi ilə yerinə yetirilmişdir. Qiymətləndirmə müəlliflərin işləyib hazırladıqları regionların maliyyə özünəyetərliyi indeksi metodologiyası əsasında aparılmışdır.
Bu tipli müqayisəli araşdırmalar ciddi praktik əhəmiyyətə malikdir. Onların nəticələri ölkə regionlarının sosial-iqtisadi inkişafı məsələləri üzrə praktik idarəetmə qərarlarının hazırlanması zamanı, o cümlədən ayrı-ayrı bölgələrdə iqtisadiyyatın üstün templərlə inkişafı dəstəklənərkən, sosial-iqtisadi inkişaf proqramları tərtib edilərkən, müxtəlif rayonların inkişafına əlavə dövlət vəsaitləri ayrılarkən faydalı ola bilər.
Tədqiqat Azərbaycanın bölgələri üzrə aparılsa da, təklif edilən yanaşma, prinsip etibarilə, universal səciyyəlidir və digər ölkələrdə də regionlararası qiymətləndirmələrin aparılmasında istifadə oluna bilər.