Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycanın milli iqtisadi inkişaf modeli: nəzəriyyə və praktika”

  • Oxunub 2339 dəfə

 Professor Tofiq Hüseynovun kitabı çapdan çıxmışdır

 AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə Azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elmləri doktoru, prof. Tofiq Hüseynovun “Azərbaycanın milli iqtisadi inkişaf modeli: nəzəriyyə və praktika” adlı monoqrafiyası 2015-ci ilin dekabırında nəfis şəkildə “Elm” nəşriyyatında çapdan çıxmışdır. Kitabın elmi redaktoru AMEA müxbir üzvü, i.e.d., prof., Ağasəlim Ələsgərov və rəyçiləri i.e.d., professorlar Müşfiq Atakişiyev və İrşad Kərimlidir.

 Monoqrafiyada iqtisadi nəzəriyyənin və praktikanın tələbləri baxımından və vahid iqtisadi siyasət çərçivəsində ölkənin mövcud milli iqtisadi inkişaf modeli təhlil edilmiş və qiymətləndirilmişdir. Əsərdə neft-qaz hasilatının stabillik dövrü üçün iqtisadi inkişaf modelinin əsaslandırılmış konsepsiyası, məqsədi, davamlı və tarazlı iqtisadi inkişafın istiqamətləri (innovasiya təyinatlı iqtisadiyyat, iqtisadi diversifikasiya, orta təbəqənin formalaşdırılması, xarici amillərdən asılılığın azaldılması, daxili bazarın qorunması, regionların ixtisaslaşdırılması və meqopolislərin yaradılması, ölkənin sənayeləşdirilməsində qeyri-neft sənaye sektorunun rolu, aqrar-sənaye kompleksinin klasterlər əsasında inkişafı və onun təşkilati-idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və s.) əks etdirilmişdir. İqtisadi modelin idarə edilməsində istifadə olunan iqtisadi mexanizmlərin elmi təhlili verilmiş və, beynəlxalq təcrübə nəzərə alınmaqla onların modernləşdirilməsi üçün konkret təkliflər əsaslandırılmışdır. İqtisadi idarəetmə mexanizmlərindən planlaşdırmaya və proqnozlaşdırmaya, sənaye, investisiya, vergi, pul-kredit və qiymət siyasətinə, habelə postneft mərhələsində davamlı və tarazlı iqtisadi inkişafı təmin edə bilən istiqamətlərə və vasitələrə əsas diqqət yetirilmişdir.

 Azərbaycanın iqtisadi inkişaf modeli və onun xüsusiyyətləri ilə bağlı ölkə başçısının, akademiklərdən Ramiz Mehdiyevin, Akif Əlizadənin, Arif Mehdiyevin, Asəf Nadirovun, Ziyad Səmədzadənin, iqtisad elmləri doktorları Şəmsəddin Hacıyevin, Müşfiq Atakişiyevin, Əlican Babayevin, Əvəz Bayramovun, Rasim Həsənovun və ölkənin digər alim və mütəxəssislərinin mövqeləri işıqlandırılmış və onlara müəllifin münasibəti bildirilmişdir.

 Prof. Tofiq Hüseynovun bu əsəri 10 ildən çox müddət ərzində onun apardığı elmi-tədqiqat işinin yekunu əsasında çapa hazırlanmışdır. Azərbaycanın iqtisadi inkişaf modeli ilk dəfə elmi araşdırma predmeti kimi seçilmiş və həyata keçirilmişdir. Mövcud modelin qiymətləndirilməsi metodikası da müəllifin özü tərəfindən hazırlanmışdır.

 Monoqrafiya geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Müəllifin tövsiyyələri idarəetmə orqanları, elmi-tədqiqat mərkəzləri tərəfindən iqtisadi siyasətin, iqtisadi inkişaf proqramlarının və normativ-hüquqi aktların hazırlanmasında, habelə ali təhsil müəssisələrində istifadə oluna bilər (economics.com.az).