“Azərbaycan multikulturalizmi” adlı ali məktəblər üçün dərslik
- Oxunub 2472 dəfə
Kitabın həmmüəlliflərindən biri AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d. Aqil Eyvazovdur
“Azərbaycan multikulturalizmi” adlı ali məktəblər üçün dərslik çap olunub (BBMM, Bakı, 2017. – 416 səh.). Hazırda tədris edilən “Azərbaycan multikulturalizmi” fənninin dərin elmi və tədris vəsaitləri ilə zəngin bazasını formalaşdırmaq işini davam etdirən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) növbəti fundamental nəşri bu fənnin ilk dərsliyi olub. BBMM-in Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullanın ideya müəllifi olduğu kitab ADU-nun Elmi Şurasının tövsiyəsi ilə nəşr edilib.
Azərbaycanın brendi olan multikulturalizm modelini akademik şəkildə dünyaya təqdim etmək kimi ali missiya daşıyan belə bir dərsliyin ilk dəfə nəşri əlamətdar hadisədir. Qırx dörd yerli və əcnəbi müəllifin səkkiz fəsildə hazırladıqları kitabın həmmüəlliflərindən biri AMEA İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Aqil Eyvazovdur.
Dərsliyin elmi redaktoru, akademik Kamal Abdullanın qeyd etdiyi kimi bu dərslik Portuqaliyadan İndoneziyayadək müxtəlif ölkələrdə tədris olunan Azərbaycan multikulturalizmi fənni üçün əvəzedilməz mənbədir. Bu baxımdan dərsliyin qisa vaxtda Azərbaycan multikulturalizmi öyrənilən ölkələrin dillərinə tərcümə edilməsi hazırda bu konseptual layihənin qarşısında duran əsas məqsədlərdəndir. Dərsliyin müxtəlif dillərə tərcüməsi Azərbaycan multikulturalizmi fənninin arealının genişlənməsini daha da sürətləndirəcək. Nəfis tərtibatı, zəngin ədəbiyyat göstəriciləri ilə seçilən “Azərbaycan multikulturalizmi” dərsliyi Azərbaycanın dövlət siyasətinin vacib bir istiqamətinin və ölkəmizin multikultural ab-havasının həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda təbliği və təşviqində öz töhfəsini verəcək (economics.com.az).