Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

"Birinci olmağı heç düşünmürdüm..."

  • Oxunub 1748 dəfə

 Yaşar Məmmədov: "Hətta bu müsabiqənin maddi tərəfi olmasaydı belə, o bizə daha çox stimul verir"

  “İqtisadiyyatı liberal olan ölkələrdə fond bazarlarının inkişafı daha yüksəkdir”

 Xəbər verdiyimiz kimi, AMEA İqtisadiyyat İnstitutunda aparılan plan elmi-tədqiqat işlərinin keyfiyyətini yüksəltmək və əməkdaşları əlavə stimulaşdırmaq məqsədi ilə İnstitutun direktorunun 13 noyabr 2017-ci il tarixli əmri ilə müsabiqə keçirilib. Fərdi hesabatlar üzrə elmi-tədqiqat işləri müsabiqəsinin qalibi  Maliyyə, pul-kredit siyasəti” şöbəsinin aparıcı elmi işçisi, i.f.d., dosent Yaşar Məmmədov olub. O,  “economics.com.az” saytına müsahibəsində bununla bağlı öz təəssüratlarını bölüşüb.

 - Yaşar müəllim, ilk növbədə sizi İnstitutumuzun kollektivi adından təbrik edirik. Hər halda böyük  rəqabət şəraitində keçən müsabiqənin qalibi, birincisi olmaq mühüm nailiyyətdir. Qaliblər arasında olacağınızı gözləyirdiniz?

-  Əslində, birinci olmağı heç düşünmürdüm. Məqsədim yer tutub, mükafat qazanmaq deyildi. Mənim üçün bu müsabiqənin daha önəmli tərəfi var. Seçdiyim yolun doğru, apardığım tədqiqatın, araşdırmaların nə dərəcədə dəyərli olduğunu bilmək istəyirdim.

- Yəqin ki, müsabiqənin nəticələri açıqlandıqdan sonra  işinizlə tanış olmaq məqsədilə bir çox əməkdaşlar sizə müraciət ediblər?

- Bəli, müraciət edənlər var. Əslində bu sevindirici haldır, demək, institutda sağlam rəqabət və işgüzar münasibətlər inkişaf edir.

- Gəlin sizin hesabatınız haqqında oxucularımıza bir az məlumat verək. Hesabatda hansı məsələlər araşdırılıb, təhlil edilib?

- Tədqiqat işi "Azərbaycanda fond və qiymətli kağızlar bazarlarının inkişafında başlıca maneələr və mövcud vəziyyətin qiymətləndirilməsi" adlanır. Hər bir ölkənin fond bazarı onun iqtisadiyyatının güzgüsüdür. 2005-ci ildən fond bazarlarını araşdırıram. Real sektor üçün əsas maliyyə-investisiya mənbələrindən biri də ikinci (təkrar) bazardır. Əfsuslar olsun ki, Azərbaycanda bu bazar hələ kifayət qədər inkişaf etməyib. Tədqiqat işinin əsas məqsədi də bu bazarın inkişaf problemlərinin və istiqamətlərinin müəyyən edilməsi ilə bağlıdır.

- 2010-2016-cı illərdə Azərbaycanda araşdırdığınız makroiqtisadi göstəricilərin və eləcə də fond bazarının ən yüksək inkişaf mərhələsi 2014-cü ilə təsadüf etmişdir. 2015-2016-cı illərdə isə azalma müşahidə olunmuşdur. Bunun əsas səbəbini nədə görürsünüz?

2015-2016-cı illərdə milli valyutanın iki dəfə devalvasiyası və özəlləşdirmə prosesinin sürətinin əvvəlki illərlə müqayisədə aşağı enməsi fond bazarının fəaliyyətinə öz təsirini göstərmişdir. Bazarın əsas iştirakçıları olan bankların və bir sıra iri müəssisələrin maliyyə vəziyyətinin pisləşməsi və ciddi kapital itkiləri ilə üzləşməsi nəticədə ölkənin fond bazarının fəaliyyətinin zəifləməsinə gətirib çıxarmışdır. Digər tərəfdən bu proseslər törəmə maliyyə bazarının canlanmasına da səbəb olmuşdur.

2015-ci ildən başlayaraq fond bazarının strukturunda törəmə maliyyə alətləri bazarının payı yüksəlmişdir və 2016-cı ildə 78%-ə çatmışdır. Bu o deməkdir ki, 2015-2016-cı illərdə ölkəmizdə təkrar bazar inkişaf edib?

-  Bu yanaşma bir qədər fərqlidir. Törəmə maliyyə bazarı (TMB) fond bazarının bir qoludur və xarici valyuta alqı-satqısı üzrə ixtisaslaşmışdır.

-  Bəs TMB-nin birdən-birə yüksəlməsi nə ilə əlaqədardır?

- REPO əməliyatlarının və maliyyə-kredit təşkilatlarının fond bazarındakı fəaliyyətinin zəifləməsi və milli valyutanın devalvasiyası, xarici valyutaya olan tələbin artması ilə daha çox müşahidə olunmuşdur və bu baxımdan da törəmə maliyyə alətləri bazarının inkişafı üçün son iki ildə yeni imkanlar mövcud olmuşdur.

- Sizin tədqiq etdiyiniz məsələlərdən biri də milli şirkətlərin və fond bazarlarının kapitallaşma səviyyəsi ilə İqtisadiyyatın Solluğu (Sağlığı) İndeksi arasındakı bağlılığın öyrənilməsi idi. Bu istiqamətdə hansı nəticəyə gəldiniz, hər hansı belə bağlılıq mövcuddurmu?

-  Bu istiqamətdə tədqiqatı davam etdirmək fikrindəyəm, amma hazırda əldə etdiyimiz nəticələr deməyə əsas verir ki, milli şirkətlərin və fond bazarlarının kapitallaşma səviyyəsi ilə makroiqtisadi göstəricilər arasında bağlılıq yüksək, İqtisadiyyatın Solluğu (Sağlığı) İndeksi arasında isə nisbətən zəifdir. Lakin, tədqiqat nəticəsində başqa bir mühüm məqam da ortaya çıxmışdır ki, iqtisadiyyatı liberal olan ölkələrdə fond bazarlarının, əsasən də təkrar bazarın inkişafı daha yüksəkdir. Belə yanaşma digər nəticəni də irəli sürməyə əsas verir: Azərbaycanda maliyyə-fond bazarının inkişafı və təkmilləşdirilməsi xüsusi zərurətdən çıxış edir.

- Birinci yeri tutdunuz, mükafatı da aldınız. Yeri gəlmişkən, xeyirli işlərə xərcləyəsiniz. Bundan sonrakı hədəfiniz nədir, bu ilki müsabiqədə də iştirak edəcəksiniz?

Çox sağ olun. Bəli, iştirak etmək istəyirəm. Hətta mən təklif edərdim ki, belə müsabiqələrə hazırlıq işi ilin əvvəlindən başlansın. Belə ki, apardığımız tədqiqatların müasir tələblər baxımından təşkilinə olan baxışlarımız dəyişsin. Bu günün tələbi budur.

- Necə düşünürsünüz, belə müsabiqələr yaxın gələcəkdə öz bəhrəsini verəcək?

- Mütləq verəcək! Artıq əməkdaşlarımız arasında hiss olunur ki, müsabiqəyə və rəqabət aparmağa maraq var. Xüsusilə də “Xəbərlər” jurnalına təqdim olunan məqalələrin keyfiyyətinə diqqət artmaqdadır. Digər tərəfdən, bir sıra əməkdaşlarla fikir mübadiləsində ciddi iqtisadi tədqiqatlara olan meylin artdığı da hiss olunur. Mən bu dirçəlişi artıq hiss edirəm. Hamıya aid deyil təbii ki, amma sağlam iplər, cığırlar artıq seçilir. İnstitutda canlanma var. Hətta mən bunu saytımızın fəaliyyətində də hiss edirəm. 

- Maraqlı müsahibəyə görə təşəkkür edirik. Uğurlarınız davamlı olsun!

- Çox sağ olun.

Müsahibəni qələmə aldı: Mətanət Abdalova