Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Müasir dövrdə elmə gəlmək, tədqiqatçı olmaq böyük fədakarlıq tələb edir”

  • Oxunub 2553 dəfə

AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d. Asif Mustafayev: “Dövlət sektorunun fəaliyyəti ilə bağlı araşdırmalar aparmağıma baxmayaraq, liberallaşmanın tərəfdarıyam”

 Xəbər verdiyimiz kimi, AMEA İqtisadiyyat İnstitutunda aparılan plan elmi-tədqiqat işlərinin keyfiyyətini yüksəltmək və əməkdaşları əlavə stimulaşdırmaq məqsədi ilə müsabiqə keçirilib. Fərdi hesabatlar üzrə elmi-tədqiqat işləri müsabiqəsinin qaliblərindən biri, “İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Asif Musatafayevin “economics.com.az” saytına müsahibəsini təqdim edirik

- İnstitutumuzda keçirilən elmi-tədqiqat işləri üzrə müsabiqənin qalibləri arasında siz də varsınız. Müsabiqə üçün illik hesabatı hazırlayarkən hansı problemlərin araşdırılmasını qarşınıza məqsəd kimi qoymuşdunuz?

- Mən uzun müddətdir ki, dövlət sektorunun fəaliyyəti istiqamətində mövcud olan problemləri araşdırıram. Xüsusən bazis kimi mülkiyyət münasibətlərindən başlayaraq bu sektor daxilində idarəetmə münasibətlərinə qədər bir sıra araşdırmalarım olub. Sözü gedən illik hesabatı təqdim etməzdən əvvəl dövlət sektoru çərçivəsində idarəetmə məsələlərinin daha dərindən araşdırılmasını məqsəd kimi qarşıma qoymuşdum. Lakin Strateji Yol Xəritəsində nəzərdə tutulan bir sıra məqamlar məni bu sektor daxilində dəstəkləyici iqtisadi siyasət və onun perspektiv dövr üçün əsas istiqamətlərini araşdıırmağa vadar etdi.

- Azərbaycanda dövlət sektorunun iqtisadiyyatdakı aparıcı rolunu və fəaliyyətini necə dəyərləndirirsiniz?

- Bazar iqtisadiyyatı və liberallaşma kursunu hədəfləyən bir ölkə üçün dövlət sektorunun mövcud vəziyyətini dəyərləndirmək asan iş deyil. Lakin, buna baxmayaraq ölkəmizdə həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, dövlət sektorunun fəaliyyəti onun sahibkarlıq kimi funksiyasından daha çox tənzimləyici funksiyası ön plana çıxır. Bu hal normal qarşılanmalıdır. Tənzimləmənin bəlli dövrə qədər bu sektor çərçivəsində həyata keçirilməsinə müsbət yanaşmaq lazımdır. Bu amilə görə biz dövlət sektorunun fəaliyyətini qənaətbəxş hesab edə bilərik. Çünki bu amil milli iqtisadiyyatın ümumi inkişafı üçün ciddi hədəflərə xidmət edir. Lakin müəyyən dövrdən sonra onun sahibkarlıq funksiyası üstünlüyü baş verməlidir.

- Strateji Yol Xəritəsinin ölkə iqtisadiyyatındakı rolunu necə şərh edə bilərsiniz?

- Onu son dövrlərdə qəbul olunmuş ən sistemli iqtisadi inkişaf sənədi kimi qiymətləndirmək olar. İstər milli iqtisadiyyatın ayrı-ayrı sahələrinin əhatəliliyi, konkret hədəflərin müəyyənliyi, istərsə də vaxt baxımından nisbətən uzunmüddətli dövrü xarakterizə etməsi bu sənədin əsas özəlliyi kimi dəyərləndirilə bilər. Ümüdvaram ki, sənəddə qeyd olunan hədəflərə tələb olunan kəmiyyətdə və keyfiyyətdə nail olunacaq. Bunun üçün tələb olunan bütün resurslar ölkəmzidə vardır. Sadəcə səmərəlilik, optimallıq, ədalətlilik və maraqların düzgün təmin olunması prinsipləri qorunmalıdır.

- Tədqiqatlarınızda rast gəldiyimiz “aktiv dövlət kapitalizmi” anlayışı nə deməkdir?

- Bu, əslində Qərb ədəbiyyatında kifayət qədər geniş işlədilən ifadədir. Xüsusən də 2008-ci il qlobal maliyyə böhranından sonra daha da aktual oldu. Ümumi mənada dövlət müəssisələrinin iqtisadi rolunun artması kimi nəzərdən keçirilsə də, biz onu mahiyyət baxımından özəl sektorun daha çox fəallıq göstərməli olduğu sahələrdə dövlət sektorun rolunun artması kimi dəyərləndirə bilərik. Bu ifadəni biz təbii inhisarçılıqdan tam fərqli ifadə kimi nəzərdən keçirməliyik. Düzdür, bu proses özəl sektorun fəaliyyəti üçün ciddi maneə olsa da, bu halda mütləq dövlət kapitalizminin meydana gəlməsi səbəbinə baxmaq lazımdır, sonra isə maneə yaratması ilə bağlı fikir söyləmək olar.

- Sizcə, dövlət sektorunun inkişafı üçün hansı iqtisadi resurslardan istifadə olunmalıdır?

- Dövlətin bir təsərrüfat subyekti kimi inkişaf etməsi üçün digər iqtisadi subyektlərə nisbətən resurslara əlçatımlığı və istifadə imkanı olduqca genişdir. İstər maliyyə resursları, istərsə də təbii resurslar baxımından dövlət sektorunda inkişaf üçün istifadə olunma hesab edirəm ki, ciddi problem deyil. Lakin, fikrimcə, dövlət sektorunda fəaliyyət baxımından ən ciddi məsələ idarəetmə məsələsi sayılmalıdır. Bu cəhət də dayanır keyfiyyətli kadrlara - yəni, insan amilindən düzgün istifadəyə. Çünki, mükəmməl idarəetmə sisteminə malik olmadan mövcud digər resurslardan səmərəli istifadə etmək çətin olacaqdır. İqtisadi fəaliyyətin də əsas gücü səmərəlilik amili hesab olunur. Beləliklə, sualınıza cavab olaraq keyfiyyətli əmək resurslarından istifadəni misal göstərə bilərəm.

- Dövlət sektorunun daha çox sosial siyasətə üstünlük verməsini necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, uzun müddətdir ki, dövlət sektorunun fəaliyyətinin daha çox diqqət çəkən tərəfi onun sosial sahə üzrə formalaşmasıdır. Dövlət sektorunun bu sahədəki payı 2005-2009-cu ilə qədər 70 % civarında olmuşdur. 2010-cu ildən başlayaraq 2016-cı ilə qədər 50-42 % həddində tərəddüd etmişdir ki, bu da digər sahələrə nisbətdə ciddi mövqe nümayişidir. Bunun da əsas səbəbi kimi ölkədə həyata keçirilən tədbirlərin sosialyönümlü olmasını göstərə bilərik. Həmçinin, ölkəmizdə sosial sfera özəl sektor üçün hələ də cəlbedici görünmür. Zamanla bu məsələnin də nisbət baxımından dəyişiləcəyinə əminəm.

- Dövlət sektorunun tənzimləmə amili nə deməkdir?

- Tənzimləməyə bir çox iqtisadçılar dövlətin əsas funksiyası kimi yanaşırlar. Lakin, mən bu funksiyaya çalışıram dövlət sektoru çərçivəsində yanaşam. Ümumiyyətlə, hesab edirəm ki, dövlətin bütün iqtisadi tədbirlərinə, hansılar ki, dövlət büdcəsi və ya digər dövlət qurumlarının resursları işlədilirsə, onlara dövlət sektoru çərçivəsində yanaşmaq lazımdır. Son dövrlərdə bu cəhət özünü sosial sferada, iri infrastruktur layihələrin reallaşmasında, daxili investisiyaların yatırılmasında daha çox göstərir. Müasir dövr belə xarakterizə olunur. Bu hal dövlətin aktiv sahibkarlıq funksiyasının işə düşməsinə qədər davam edəcəkdir.

- Dövlət sektorunun Qərbi Avropa modelinin hansı müsbət əlamətlərini qeyd edərdiniz?

- Şübhəsiz ki, dövlət sektorunun fəaliyyəti ilə bağlı müxtəlif ölkələrdə özünəmxsus xüsusiyyətlər formalaşır. Onlardan önə çıxan, özünü daha yaxşı tərəfdən göstərən modellər də formalaşır. Belə modellərdən biri Qərbi Avropa modelidir. Əsas ölkələr kimi Portuqaliya və Fransa ön plana çıxır. Modelin əsas əlamətlərinə dövlət sektorunun çəkisinin iqtisadi aktivliyə görə nəzərə çarpacaq dərəcədə olması, fəaliyyət səmərəliliyinin, sahəvi diversifikasiya səviyyəsinin, büdcə maliyyələşdirilməsinin yüksək olmasını və ən əsası tənəzzül və böhran dövrlərində tənzimləmənin aktiv sağlamlaşdırıcı mərhələyə keçməsini bu amillərə aid edə bilərik.

- Tədqiqatlarınızda “Yeni iqtisadiyyat quruculuğu” anlayışından istifadə edirsiniz. Bu ifadəni bir neçə kəlmə ilə necə izah edərdiniz?

- Bir cümlə ilə də ifadə edə bilərəm: “Yeni iqtisadiyyat quruculuğu” milli iqtisadiyyatın bütün sahələrində innovativ inkişafı hədəfləyən və bu istiqamətdə fəaliyyət proqramlarının qəbulu, icrasını nəzərdə tutan tədbirlər sistemidir.

- Apardığınız tədqiqat işinin əsas hansı nəticələrini qeyd etmək istərdiniz?

- Öncə qeyd edim ki, dövlət sektorunun fəaliyyəti ilə bağlı araşdırma aparmağıma baxmayaraq mən liberallaşmanın tərəfdarıyam. Lakin, özünüz də görürsünüz ki, ölkəmizdə liberallaşma belə dövlətin rolu olmadan təmin edilə bilmir. Ona görə də bu baxımdan dövlətin haqqını vermək lazımdır. Məhz dəstəkləyici iqtisadi siyasətin də mahiyyəti bundan ibarətdir.
Sualınıza gəldikdə isə onu qeyd edə bilərəm ki, ümumiyyətlə tədqiqat onu göstərdi ki, dövlət sektoru üzrə həyata keçirilən dəstəkləyici iqtisadi siyasətin aşağıdakı istiqamətləri ön plana çıxmışdır:
1.vDövlət investisiyalarının infrastruktur sahələrdən real sektora keçidi olduqca ləngdir.
2. Koorporativ əməkdaşlığın genişlənməsinə xüsusi önəm verilməlidir. Bu cəhət lazım olan səviyyədə deyildir.
3. Fiskal yükün azaldılması ilə yanaşı, sahələr üzrə onun bərabər paylanmasına böyük ehtiyac vardır.
4.Mövcud “Aktiv dövlət kapitalizmi” mövqeyini “Aktiv innovativ” mövqeyə istiqamətləndirmək lazımdır. Hesab edirik ki, Milli İnnovasiya Sistemi proqramının qəbul olunması bu prosesi sürətləndirəcəkdir.

- Bir tədqiqatçı-alim kimi bu sahədə yeni addımlayan gənc alimlərin haradan və nədən başlayıb, necə davam etməsinə dair hansı tövsiyələri verərdiniz?

- Qeyd etmək lazımdır ki, müasir mərhələdə elmə gəlmək, tədqiqatçı olmaq böyük fədakarlıq tələb edir. Gənclərin tədqiqatçı kimi fəaliyyət göstərməsinin əsas şərti kimi mən onların araşdırmaya maraq göstərməsini qeyd edərdim. Burada söhbət maddi maraqdan getmir. Bu da vacibdir, amma tədqiqatçının həvəsli olması xüsusi ilə qeyd edilməlidir. Gənc alimlərdə ilk olaraq metodoloji yanaşma tərzi formalaşmalıdır. Bu cəhət növbəti mərhələlərdə gənc tədqiqatçıya irəli sürdüyü fikri, tezisi daha yaxşı formada təqdim etmək imkanı verir. Həmçinin, araşdırılan problemin üfiqi deyil, şaquli olaraq dərinliyə gedərək həlli imkanlarını da verir. Qaldı ki, nədən başlamaq məsələsinə onu deyə bilərəm ki, iqtisadiyyatın hər bir sahəsi üçün inkişaf problemini üzə çıxartmaq olar. Yetər ki, onu elmi cəhətdən əsaslandırasan. Əgər bir işə sən həvəslə yanaşırsansa bu davam edəcək. Gərək tədqiqatçı araşdırmadan, yeni-yeni tapıntılar uğrunda çalışmalardan həzz alsın, yalnız bu halda davam edəcək. Bu aspektdən hesab edirəm ki, institutumuzda həyata keçirilən tədbirləri müsbət qiymətləndirmək lazımdır. Həmçinin, gənc alimlərin fəallığı, tədqiqatların və elmi yazıların keyfiyyətinin artması göz qabağındadır. Bu baxımdan institutun rəhbərliyinə və bu işdə əməyi olanlara təşəkkür edirəm.

- Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Müsahibəni qələmə aldı: Fatma Fərəcova