“İqtisadiyyat İnstitutunda gənc nəslin elmi potensialının yüksəlməsinə geniş şərait yaradılıb”
- Oxunub 1832 dəfə
Təbriz Yadigarov: “Gəldiyim ilk gündən bütün kollektivə qarşı məndə doğmalıq hissi yarandı”
AMEA İqtisadiyyat İnstitutunda aparılan plan elmi-tədqiqat işlərinin keyfiyyətini yüksəltmək və əməkdaşları əlavə stimulaşdırmaq məqsədi ilə keçirilmiş müsabiqənin qaliblərindən biri, “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin elmi işçisi Təbriz Yadigarovun “economics.com.az” saytına müsahibəsini təqdim edirik
-Təbriz müəllim, ilk növbədə sizi qaliblər sırasına daxil olduğunuz üçün təbrik edirik. Siz İnstitutumuzun yeni əməkdaşlarından sayılırsınız. Neçə ildir İqtisadiyyat İnstitutunda çalışırsınız?
-Təşəkkür edirəm! İki ildir İqtisadiyyat İnstitutunda işləyirəm.
- Məncə bu iki il sizin üçün çox məhsuldar keçib: dissertasiya işinizin artıq müdafiə mərhələsindəsiniz, müsabiqənin qalibi oldunuz, çox qısa müddətdə kollektivin hörmətini qazandınız...
- Haqlısınız. Həqiqətən də bu iki ilin necə keçdiyini hiss etməmişəm. Əslində, müdafiə ərəfəsində olduğum üçün müsabiqəyə ciddi hazırlaşa bilməmişdim. İnanmırdım yer tuta bilərəm.
-Uyğunlaşa bildinizmi kollektivə, narazılığınız yoxdur ki?
- Gəldiyim ilk gündən etibarən tək şöbənin deyil, bütün İqtisadiyyat İnstitutunun kollektivinə qarşı məndə doğmalıq hissi yarandı. Kollektivlə yaxından tanış olduqca, elmi müzakirələrdə iştirak etdikcə bu doğmalıq bizi daha da birləşdirdi. Mən birinci növbədə kollektivin rəhbərinə və İqtisadiyyat İnstitutunun bütün əməkdaşlarına təşəkkür edirəm ki, burada vəzifə və fədakarlıq əxlaqı yüksək səviyyədədir və gənc nəslin elmi potensialının yüksəlməsinə geniş şərait yaradılmışdır. Bu şəraitin içərisində təbii ki, insan mənəvi cəhətdən özünü çox rahat hiss edır. Kollektivdən çox razıyam və kollektivin rəhbərinə milli iqtisadiyyatımızın inkişafı üzrə aparılan tədqiqat işlərində uğurlar diləyirəm.
- Tədqiqat işiniz belə adlanır: "Azərbaycanın xarici iqtisadi əlaqələrində nəqliyyat-logistika xidmətinin müasir vəziyyəti və qiymətləndirilməsi". Ümumiyyətlə logistikanın səmərəlilik indeksi hansı göstəricilərə əsasən qiymətləndirilir?
- Hər bir ölkədə loqistikanın və gömrük infrastrukturunun təşkilinin oz xüsusiyyətləri vardır. Beynəlxalq təcrübədə dünya dövlətləri üzrə loqistikanın səmərəlilik indeksi 5 balla qiymətləndirilərək kömrük əməliyyatlarının səmərəliliyi, nəqliyyatın keyfiyyəti və informasiya texnologiyaları, beynəlxalq daşımalara buraxılma qabiliyyəti, logistikanın komponentliliyi, yüklərin izlənmə qabiliyyəti, tələbat məntəqəsinə çatdırılma tezliyi kimi göstəricilərə əsasən qiymətləndirilir.
- 2014-cü ildə LSİ üzrə 160 ölkə içində Azərbaycan 125-ci yerdə idi. Saydığınız indikatorlardan hansını xüsusilə yüksəltməyə ehtiyac duyulur, yəni daha aşağıdır?
- Bəli, doğrudur. Azərbaycan logistikanın səmərəlilik indeksi üzrə 2,45 balla qiymətləndirildiyindən, 2014-cü ilin nəticələrinə görə orta inkişaf səviyyəsi nümayiş etdirməklə, dünya dövlətləri arasında 3-cü qrup ölkələrin sırasında dayanmışdır. Həmin ildə logistikanın səmərəlilik indeksinə daxil olan 6 indiqatordan ən aşağı göstərici 2,14-ə bərabər olmaqla, kömrük əməliyyatlarının səmərəliliyi indeksi olmuşdur. Təbii ki, gələcəkdə bu göstəricinin səmərəliliyinin artırılması istiqamətində müvafiq tədbirlərin görülməsi ilə bərabər nəqliyyat loqistikası üzrə nəqliyyat qovşağının vahid idarə edilməsi sistemi yaradılmalıdır ki, dünya dövlətləri arasında Azərbaycanın reytinqi yüksəlsin.
-Bizim ölkənin həm coğrafi mövqeyi, həm də dənizə çıxışı imkan verir ki, dəniz nəqliyyatı daha yüksək səviyyədə inkişaf etsin. Limanlara yük axınlarının cəlb edilməsi probleminin həlli istiqamətində hansı vacib işlər görülməlidir?
- Həqiqətən də, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin qovşağında yerləşən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı əlverişli ticarət marşurutları üzrə dəniz yükdaşımalarının və tranzit ticarətinin həcminin artırılmasına çox böyük şərait yaradır. 2016-cı ildə Azərbaycan limanlarına maye yük gəmiləri 582 sayda giriş etmiş və bu girişlər 93,5% səmərəsiz vaxt itkisi ilə nəticələnmişdir. Dəniz nəqliyyatı üzrə logistika xidmətinin əsas vəzifəsi gəmilərin ümumi istismar müddətinin orta hesabla 50%-nin limanlarda dayanması təşkil etdiyindən, bu müddət aşağı salınmalı, yükaşırma işlərinin intensivliyi artırılmalı, limanlar dünya standartlarına uyğunlaşdırılmalı, yeni texnika və texnologiyalarla təchiz olunmalı, operativ idarəetmə metodlarının tətbiqi optimal formada təşkil edilməli və səmərəsiz vaxt itkisinin azaldılması məqsədi ilə müasir liman-logistika xidmətləri yaradılmalıdır. Hesab edirəm ki, butün bu məsələlərin həlli, həmçinin Ələt limanı ərazisində nəzərdə tutulan Azad İqtisadi Zonanın yaradılması limanlara yük axınlarının cəlb edilməsini intensivləşdirəcək.
- Diqqətimizi xüsusilə cəlb edən məsələ - 2010-2016-cı illərdə nəqliyyat müəssisələrinin müstəqil inkişaf etmə qabiliyyətinin qiymətləndirilməsidir. Bu qiymətləndirmənin əhəmiyyəti nədir, hansı məqsədlə istifadə oluna bilər?
- Tədqiqat işində nəqliyyatın nəzərdə tutulan iqtisadi artımı akselerasiya əmsalına vurmaqla, nəqliyyatın bütün növləri üzrə iqtisadi inkişafına tələb olunan investisyaların optimal məbləği hesablanmışdır. Ümumiyyətlə, bu qiymətləndirmənin əhəmiyyəti gələcəkdə istənilən sahənin iqtisadi artımına tələb olunan investisiyaların həcmini müəyyən etməyə imkan verməsidir.
- Təbriz müəllim, müasir dövrdə “ekonometrika” fənninə marağın bu qədər artması nə ilə əlaqədardır?
- Bu zamanın tələbindən irəli gəlir. Hər kəs çalışır ki, minimum xərclə maksimum mənfəət əldə etsin. Bu ekonometrikanın əsas məsələsidir. Açığını deyim ki, mən heç vaxt iqtisadi tədqiqatları riyaziyyatsız təsəvvür etməmişəm. Mən uzun müddət ARDNŞ-ın Xəzər Dəniz Neft Donanmasında, 2013-2016-cı illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında, 2015-2016-cı tədris ilində isə Azərbaycan Dövlət İqtisad Univrsitetində müəlimlik fəaliyyəti ilə məşğul olmuşam. Tədris prossesində daha çox dissertasiya işimlə bağlı elmi məqalələrin və tədris etdiyim fənlər üzrə dərsliklərin, xüsusən də “Nəqliyyatın ekonometrikası” və “Ekonometrika” fənləri üzrə bakalavr pilləsi üzrə dərsliklərin hazırlanmasına üstünlük vermişəm. Məncə iqtisadçı ekonometrikanı yüksək səviyyədə bilməlidir. Gələcəkdə bu sahəyə meyl daha da artacaqdır. Hesab edirəm ki, həqiqətin ölçü meyarı praktika olduğu kimi istənilən tədqiqatın ölçü meyarı da ekonometrikadır. Çünki ekonometrika nəzəriyyəni tamamlayır.
- Bildiyimə görə, iki övlad atasısınız. Sizin öz işinizə bu qədər məhsuliyyətlə, həvəslə yanaşmağınız, vaxtınızın əksər hissəsini öz tədqiqatlarınıza, hesablamalarınıza həsr etməyiniz övladlarınızda daha çox iqtisadiyyata, yoxsa riyaziyyata maraq yaradır?
- Bəli, iki övladım var: Abdulla və Aytəkin. Şükürlər olsun ki, hər iki elmə maraqları var və bu məni bir ata kimi çox sevindirir.
- Gələcəkdə onlardan birinin sizin yolunuzu davam etdirməsini istəyərdinizmi?
- Əlbəttə istəyərdim. İnsanın ən böyük sərvəti onun yüksək təhsilidir. Abdulla artıq 1-ci qrup ixtisaslar üzrə hazırlaşır və öz seçimini edib. Aytəkin isə 2-ci qrupa hazırlaşmasına baxmayaraq bütün fənləri eyni səviyyədə öyrənir. Hesab edirəm ki, hər ikisi hansı sahəni seçmələrindən asılı olmayaraq elmi fəaliyyətlərini də davam etdirməlidirlər. Bu həm də mənim arzumdur.
- Maraqlı müsahibə üçün təşəkkür edirəm. Qarşıdakı dissertasiya işinizin müdafiə prosesində sizə uğurlar arzulayırıq.
- Çox sağ olun!
Müsahibəni qələmə aldı: Mətanət Abdalova