“Doktorantura və dissertanturaya 43 nəfər sənəd verib”
- Oxunub 2405 dəfə
Arzu Hüseyn: “Azərbaycan iqtisad elmində yeni çığır açan, novator gənclərimiz yetişməkdədir”
AMEA İqtisadiyyat İnstitutunun “Təhsil şöbəsi”nin müdiri, i.f.d. Arzu Hüseynin economics.com.az saytına müsahibəsi
- Arzu xanım, doktorantura və dissertanturaya sənəd qəbulu vaxtı bitdi. İqtisadiyyat İnstitutu üçün ayrılmış müvafiq yerlərə neçə nəfər sənəd verib?
- Yanvarın 26-da sənəd qəbulu vaxtı başa çatdı. Bizim İnstituta fəlsəfə doktoru hazırlığı üzrə əyani doktoranturaya 8, fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya 10, elmlər doktoru hazırlığı üzrə dissertanturaya isə 5 yer olmaqla ümumilikdə 23 yer ayrılıb. Sənəd qəbulu aparılan bir ay müddətində 43 nəfər sənəd verib. Belə ki, 8 fəlsəfə doktoru hazırlığı üzrə əyani doktorantura yerinə 19 nəfər, 10 nəfər dissertantura yerinə 14 nəfər, 5 elmlər doktoru hazırlığı üzrə yerə 10 nəfər sənəd təqdim edib.
- Statistikaya nəzər salsaq görərik ki, ildən-ilə İqtisadiyyat İnstitutuna doktoranturaya sənəd verənlərin sayı artır. Sənədini qəbul etmədiyinizlər də varmı?
- Qeyd etdiyiniz kimi, bu göstəriciyə baxsaq, doktoranturaya marağın artması sevindirici haldır. Sənədləri qəbul edilənlər Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları” haqqında qərarında qoyulan tələblərə cavab verən şəxslərdir. Əslində sənəd vermək üçün müraciət edənlər daha çox idi, amma onların sənədləri qoyulan tələblərə uyğun olmadığından qəbul olunmayıb.
- Sənəd verən namizədlər arasında rəqabət güclü olacaq…
- Məlumat üçün qeyd edim ki, ümumilikdə 23 yer uğrunda 43 nəfərin mübarizə apardığını nəzərə alsaq, 1 yerə 2 nəfər düşür. Ancaq hər bir ixtisas üzrə ayrılıqda təhlil aparsaq görərik ki, “Ümumi iqtsadiyyat” ixtisasında 2 yerə 7 nəfər, “Daxili fiskal siyasət və maliyyə” ixtisası üzrə 2 yerə 4 nəfər və s. sənəd verib. Ümumilikdə digər ixtisaslar üzrə 1 yer uğrunda 3-4 nəfər rəqabat aparacaq.
- Demək olarmı ki, iqtisad elminə maraq artır?
- Bəli. Bu marağın artmasına bir sıra faktorlar təsir etmişdir. Belə ki, Nazirlər Kabinetinin “Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcələri və elmi adlara görə ödənilən əlavələrin məbləğinin müəyyən edilməsi haqqında” qərarı, İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin həyata keçirdiyi islahatlar sayəsində qəbul prosesində şəffaflığın təmin olunması, İqtisadiyyat İnstitutuna ayrılan yerlərin ödənişsiz olması, AMEA-da keçirilən imtahanların test üsulu ilə aparılması və s. müsbət amillər buna misal ola bilər.
Başqa bir maraqlı məqamı da qeyd etmək istərdim. Müraciət edən vətəndaşlarla söhbət əsasında elmə gəlmək istəyənləri 2 qrupa bölmək olar: birincilər elmin “xəstəsi” olanlar, ikincilər isə “diploma” ehtiyacı olanlar. İqtisadiyyat İnstitutunun rəhbərliyi çalışır ki, doktorantura və dissertanturaya qəbul olanlar iqtisad elminə yeni töhfələr verə biləcək tədqiqatçılar olsunlar.
- Sonda namizədlərə nə arzulayardınız?
- Sənəd verən hər bir namizədə uğurlar arzulayıram. İnanıram ki, rəqabət yüksək olsa da, şəffaflıq şəraitində aparılacaq qəbul prosesində daha layiqliləri və haqqı olanlar qəbul olacaqlar. Çünki sənəd verən namizədlər sırasında Prezident təqaüdçüsü, Avropanın öncül ali məktəblərində təhsil alanlar, müxtəlif sertifikatları, İELTS 7.5-8.0, ümumi müvəffəqiyyət göstəricisi 90-100 arası olanlar da var. Sevindirici haldır ki, Azərbaycan iqtisad elmində yeni çığır açan, novator gənclərimiz yetişməkdədir. Biz də İqtisadiyyat İnstitutu olaraq onların mükəmməl təhsil alması, alim kimi yetişməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.
- Müsahibə üçün təşəkkür edirik.
Qələmə aldı: Mahir Zeynalov