Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycanın hazırki demoqrafik durumu qənaətbəxş sayıla bilər”

  • Oxunub 1529 dəfə

 Çingiz Baxış: “Qaliblər sırasında olmağım mənim üçün fərəhləndirici hadisədir”

 AMEA İqtisadiyyat İnstitutunda aparılan plan elmi-tədqiqat işlərinin keyfiyyətini yüksəltmək və əməkdaşları əlavə stimulaşdırmaq məqsədi ilə keçirilən fərdi hesabatlar üzrə müsabiqənin qaliblərindən biri - “Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri” şöbəsinin böyük elmi işçisi Çingiz Baxışın “economics.com.az” saytına müsahibəsini təqdim edirik


– Müsabiqəyə qatılarkən hansı elmi problemlərin həllini hədəfə almışdınız və bu yolda hansı çətinliklərlə rastlaşdınız?

- Hədəfimiz son onilliklərdə ölkədə baş verən demoqrafik dəyişiklərin və meyillərin müəyyən edilməsi, əsas demoqrafik problemlərin üzə çıxarılması olmuşdur. Bu yolda qarşılaşdığım ən böyük çətinliklər statistikadakı bəzi demoqrafik məlumatlar olmuşdur. Məsələn, Azərbaycanda 2016-cı il üçün kənd əhalisi arasında körpə ölümü əmsalı şəhər əhalisi ilə müqayisədə 4,4 dəfə aşağı olmuşdur. Belə ki, Naxçıvanda körpə ölümü Bakıdan 13 dəfə aşağıdır. Bu göstərici üzrə dünya ölkələri sıralamasında birinci yeri tutan Monako da Naxçıvandan geri qalır. Bu tip məlumatlar tədqiqatçılarda müəyyən suallar doğurur.

- Belə fərqlərin olmasının bir izahı varmı? Bu barədə nə deyə bilərsiniz?

- Bu sıçrayışlı fərqlərin gerçəyi əks etdirməsini düşünərək nəticə çıxarsaq, deməliyik ki, kənd yerlərində və xüsusilə Naxçıvan Muxtar Respublikasında tibbi xidmət Bakı şəhəri ilə müqayisədə qat-qat yüksəkdir. Halbuki məlum məsələdir ki, Azərbaycanın ən reytinqli tibb müəssisələri Bakıda yerləşir və tibbi xidmət üzrə min nəfərə düşmə hesabı ilə Bakı bütün bölgələri yetərincə üstələyir. Empirik üsullarla əldə etdiyimiz məlumatlara görə isə Azərbaycanda bir çox hallarda diri doğulan, ancaq ilk vaxtlardaca (dünyaya göz açdığı ilk günlərdə və həftələrdə) ölən körpələr ölü doğulan kimi qeydə alınırlar və bu yolla körpə ölümü statistikasına daxil edilmirlər.
Regionlar arasında və kəndlə şəhər arasında diqqət çəkən fərqlər var. Bu məlumatlar Dövlət Statistika Komitəsinin (DSK) rəsmi saytında bütün dünyaya açıqdır. Beynəlxalq Səhiyyə Təşkilatının rəsmi məlumatlarında Azərbaycan üzrə körpə ölümü əmsalı bizim rəsmi statistikada göstərildiyindən 2,2 dəfə yüksəkdir.

- Sizcə, körpə ölümünün ölkə əhalisinin təbii artımına güclü bir təsiri varmı?

- Təsiri çox cüzidir, 1-2% səviyyəsində. Ancaq İnsan İnkişafı İndeksinin hesablanmasında 3 əsas elementdən biri olan – doğulanların gözlənilən orta ömür müddəti göstəricisinın səviyyəsinə təsiri böyükdür. Mənim hesablamalarıma görə təxminən 2,5-3 yaşa qədər.

- Bu sahədə hansı tədbirlərin görülməsini vacib sayırsınız?

- Körpə ölümünün azaldılması və orta ömür müddətinin uzadılması tibbi xidmət sahəsində köklü islahatların aparılması yolu ilə həyata keçirilməlidir. Ən azından bir çox ölkələrdə olduğu kimi saxta və keyfiyyətsiz dərmanların gətirilməsi və satışına qarşı ciddi cəza tədbirləri görülməlidir.

- Boşanmaların sayının durmadan artması və eyni zamanda gənclərin nikahdan yayınmasının səbəbləri haqda nə deyə bilərsiniz?

- Əvvəla onu deyim ki, son 2 il istisna olmaqla boşanmaların mütləq sayı nikahların mütləq sayının artımına mütənasib olaraq artmışdır. Yəni, 100 bağlanan nikaha düşən boşanma halları son 20 ildə demək olar ki, sabit səviyyədə qalmışdır. Hətta, 2006-2008-cu illərdə bir qədər azalma olmuşdur. Sonrakı illərdə tədricən artmışdır. Son iki ildə isə (2015-2016) nikahlara nisbətdə boşanmaların sayı kəskin şəkildə artmışdır. 2006-2008-ci illərdə boşanma üzrə nisbi göstəricinin bir qədər azalması həmin 3 ildə ölkə büdcəsinin kəskin şəkildə artması ilə bağlı olaraq əhalinin maddi vəziyyətinin yaxşılaşması ilə izah oluna bilər. O ki qaldı gənclərin nikahdan yayınmasına, bunu təkcə iqtisadi durumla izah etmək doğru deyil. Bizim fikrimizcə, bunu ailə institutu təməllərinin zəifləməsi və ya başqa sözlə bu sahədə milli-mənəvi dəyərlər sisteminin qloballaşmaya uğraması ilə izah etmək olar.

- Tədqiqatınızda qeyd etmisiz ki, ən yüksək doğum səviyyəsi və ən aşağı boşanma göstəricisi Lənkaran bölgəsindədir. Bu barədə ətraflı məlumat verməniz maraqlı olardı.

- Bu bölgə sovet dövründə sərhəd zonası kimi qapalı bir bölgə olmuşdur. Lənkəran bölgəsindən kənarda doğulmuş vətəndaşlar üçün bu əraziyə sərbəst gediş-gəliş qadağan olduğu halda Moskvaya və ya Sibirə rahat gedib-gələ bilərdilər. Hesab edirəm ki, məhz bu səbəbdən bölgə əhalisi ölkə üzrə inteqrasiya prosesindən bir qədər kənarda qalmış və əhalinin etnik tərkibindən asılı olmayaraq milli və dini dəyərlər sistemi bu bölgədə daha yüksək səviyyədə qorunub saxlanılmışdır. O cümlədən, əhalinin demoqrafik davranışlarında da bu dəyərlər sistemi özünü hər zaman göstərmiş və hələ də göstərməkdə davam edir.

- Apardığınız tədqiqatdan çıxartdığınız əsas nəticə və təklifləriniz haqda nə deyə bilərsiz?

- Azərbaycanın hazırki demoqrafik durumu inkişaf etmiş ölkələrlə müqayisədə olduqca qənaətbəxş sayıla bilər. Ancaq bu ölkənin demoqrafik durumunun heç də tam arzu edilən səviyyədə olması mənasına gəlməz. Belə ki, boşanma səviyyəsi artdıqca doğum səviyyəsi də uyğun olaraq aşağı düşməyə davam edəcək ki, bu da toplam doğum əmsalının 2-dən aşağı düşməsinə və beləcə əhalinin yaşlanma prosesinin sürətlənməsinə yol aça bilər.
Əsas təklifim isə işğal altında olan iki region (Kəlbəcər-Laçın və Yuxarı Qarabağ) üzrə köçkünlərin daimi əhali kimi statistik qeydiyyatının aparılması ilə yanaşı faktiki yaşadığı regionlar üzrə də əhali statistikasının aparılmasıdır. Demoqrafik siyasət üzrə tədbirlər haqqında təkliflərin builki tədqiqatlarımızda işlənilməsi nəzərdə tutulub.

- Tədqiqat işi aparan gənc alimlərə hansı tövsiyyələri vermək istərdiniz?

- Gənclərə tövsiyyəm budur ki, demoqrafik prosesləri vətənpərvər duyğularla və məsuliyyətlə öyrənsinlər, dünya təcrübəsindən maksimum dərəcədə yararlansınlar.

- Əhalinin demoqrafik inkişafı hansı amillərdən asılıdır və yaşayış rifahının artırılması üçün hansı addımlar atılmalıdır?

- Əhalinin demoqrafik inkişafı etno-psixologiya və dini inancla bağlı dəyərlər sistemi, təhsil səviyyəsi, urbanizasiya, hərbi-siyasi kataklizmlər, fövqal-təbii hadisələr, səhiyyənin səviyyəsi, qloballaşma kimi amillərdən və əlbəttə ki, əhalinin rifah səviyyəsindən asılıdır. Əhalinin yaşayış rifahının yüksəldilməsi üçün isə şübhəsiz ki, birinci növbədə ölkənin dayanıqlı iqtisadi inkişafı təmin edilməlidir. İqtisadi inkişaf isə öz növbəsində əhalinin maddi gəlirlərinin artmasına, yaşayış şərtlərinin yaxşılaşmasına şərait yaradır. Hesab edirəm ki, ilk növbədə əhalinin biznes fəaliyyətinə mane olan bürokratik əngəllər aradan qaldırılmalı və stimullaşdırıcı tədbirlər görülməlidir. Eyni zamanda əhalinin tibbi xidmətə, keyfiyyətli ərzaq məhsullarına, mənzilə, suya, istilik sisteminə və digər kommunal xidmətlərə olan ehtiyaclarının maksimum təmin edilməsinə yönələn islahatlar aparılmalıdır.

- Kənd yerlərində tibbi xidmətin yüksəldilməsi məqsədilə hansı tədbirlər həyata keçirilməlidir?

- Nəinki kənd yerlərində, bütün ölkədə tibbi xidmətin yaxşılaşdırılması üçün səhiyyə sistemində köklü islahatlar aparılmalıdır. Bizim fikrimizcə, ilk növbədə bütün ölkədə sığortalı tibbi xidmət sisteminə keçmək lazımdır. Aztəminatlı əhali qrupları üçün dövlət hesabına ödənilən güzəştli tibbi xidmət növləri təşkil edilməlidir. Kənd yerlərində tibbi xidmətin əlçatan edilməsi üçün, daha doğrusu ehtiyac yarandıqda xəstələrin rayon mərkəzlərindəki və böyük şəhərlərdəki təyinatlı tibb müəssisələrinə vaxtında çatdırılması üçün lazımi nəqliyyat təminatı olmalıdır.

- Azərbaycanda əhalinin gözlənilən orta ömür müddəti neçədir?

- 1990-cı ildə əhalinin gözlənilən orta ömür müddəti 71 yaş, o cümlədən kişilər arasında 67, qadınlar arasında 75 yaş olmuşdur. DSK-nın 2016-cı il üçün rəsmi məlumatına görə, bu göstərici 75,2 yaş, o cümlədən kişilər arasında 72,8 yaş, qadınlar arasında 77,6 yaş olmuşdur. Göründüyü kimi, müqayisə olunan illər arasında bu göstərici 4 il artmışdır. Ancaq yuxarıda qeyd edildiyi kimi körpə ölümünün orta ömür müddəti göstəricisinə böyük təsiri vardır. Ona görə də körpə ölümü göstəricisində yol verilən yanlışlıq orta ömür müddəti göstəricisində də əks olunur. Təsadüfi deyil ki, Beynəlxalq Səhiyyə Təşkilatının məlumatlarında Azərbaycan üzrə bu göstərici 72,7 yaş (kişilər – 69,6 yaş, qadınlar – 75,8 yaş), yəni bizim rəsmi statistikadakı həddən 2,5 yaş aşağı göstərilmişdir.

- Müsabiqənin həyatınızdakı rolu haqda başqa nə demək istrədiniz?

- Müsabiqədə qaliblər sırasında olmağım şübhəsiz ki, mənim üçün fərəhləndirici bir hadisədir.

- Maraqlı müsahibəyə görə təşəkkür edirik

Müsahibəni qələmə aldı: Fatma Fərəcova