Rəsmiyyə Sabir: “Ömrüm - ilahinin mənə həsr etdiyi ən gözəl şeirdir...”
- Oxunub 3088 dəfə
“Yorğunluğumu, dərdlərimi, əzablarımı SÖZlə unuduram, SÖZlə ovunuram”
AMEA İqtisadiyyat İnstitutunun elmi katibi, i.f.d., dosent, şair Rəsmiyyə Sabirin economics.com.az saytına müsahibəsi
Müsahibimiz Rəsmiyyə Sabir iqtisad üzrə fəlsəfə doktoru, dosentdir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda elmi katib və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dosent olaraq çalışır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Dünya Gənc Türk Yazarlar Birliyinin yaradıcılarındandır. 2000-ci ildə Türkiyədə keçirilən 1-ci Beynəlxalq Füzuli şeir yarışmasının mükafatçısıdır. Yüzdən çox şeirinə mahnı bəstələnib. 2002-ci ildə sözlərinə yazılmış mahnılardan ibarət «Səni aradım» adlı audio albom işıq üzü görüb. 2003-cü ilin «Fəxri Gənc»i adını qazanıb. «Həbs olunmuş sükut», "Rəngsiz göz yaşları» , «Kölgəsiz dar ağacları» (İraq), “Unutdun məni”, "Sahilsiz adam” (Türkiyə) adlı şeirlər kitabının müəllifidir. Azərbaycanı müxtəlif beynəlxalq tədbirlərdə (Türkiyədə keçirilən II Beynəlxalq FÜZULİ Şeir Yarışmasında və Türk Dünyası Şeir Festivalında, Krımda keçirilən Türkcənin VI Beynəlxalq Şeir Festivalında, III Beynəlxalq Tokat Yeşilırmak Şeir Festivalında, Dünya Türk Gəncləri Birliyinin Rumıniyada keçirilən XI və Türkiyədə keçirilən XII Qurultaylarında və s.) təmsil edib. Türk, rus və ingilis dillərindən tərcümələrin müəllifidir. Şeirləri özbək və Türkiyə türkçələrinə, rus, ingilis, bolqar dillərinə tərcümə olunub. 2014-cü ildə ədəbi nailiyyətlərinə görə Qırğızıstan Respublikasının “Coomert Bekenbaev” adına medala və “Altın diplom”a layiq görülüb. 2015-ci ildə Özbəkistanda yayılan “Kitab dünyası” qəzeti tərəfindən Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin yaxşılaşdırılmasındakı xidmətlərinə görə Fəxri Diplomla, 2016-cı ildə Kərkük Kültür Mərkəzinin, 2017-ci ildə Azərbaycan-Qazaxıstan ədəbi əlaqələrinə verdiyi töhfələrə görə Qazaxıstanın Mədəniyyət nazirinin Fəxri Fərmanları ilə təltif olunub. 2017-ci ildə “Fəzanın cazibəsi” antologiyasının hazırlanmasındakı əməyinə görə Rusiya Yazarlar Birliyinin Arxangelsk Regional Bölməsinin Təşəkkürnaməsini qazanıb. Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü olub. Hazırda "Sonun başlanğıcı" adlı kitabı çapdadır.
- Rəsmiyyə xanım, bu gün biz 8 Mart bayramı ərəfəsində sizinlə iqtisadi problemlərdən danışmayacağıq. Məqsədimiz iqtisadçı-alim Rəsmiyyə Abdullayeva ilə deyil, şeir kitabları Türkiyə, Rusiya, İraq, İran, İsveç, Almaniya, Bolqarıstan, Özbəkistan və başqa xarici ölkələrdə işıq üzü görmüş, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü olan, nəhayət, şeirləri ilə minlərlə insanların qəlbinə yol tapmış Rəsmiyyə Sabirlə həmsöhbət olmaqdır. Deyirlər, "yaxşı şeir dərddən, kədərdən yaranır". Siz də belə düşünürsünüz?
- Məncə də elədir. Belə bir deyim var: “Dərdini artıran, ağlını artırır”. “Niyə şairləri daha çox dərddən yazırlar?” sualının cavabı məhz bu cümlədə gizlənib. Ən böyük şairlərimizin şeirlərində belə Siz daha çox dərdlə, kədərlə rastlaşırsınız. Sevincdən yaranan gözəl bədii nümunələr də olur. Ancaq birincilər üstünlük təşkil edir. Mənim yaradıcılığımda da bu özünü bariz şəkildə büruzə verir. Təsadüfü deyil ki, məni “ölüm şairi” adlandırırlar.
- Sizin belə bir şeiriniz var:
Ağrın nədir, Ağrı dağı
Ağrını bilməyə gəldim,
Sevincini, kədərimi
Səninlə bölməyə gəldim.
İndi mən də, fürsətdən istifadə edib sizin bütün oxucularınızın adından, soruşuram: ağrınız nədir, Rəsmiyyə xanım? Bəlkə az da olsa bölüşəsiniz bizimlə?
- İcazə verin elə mən də sizə şeirlə cavab verim:
Yanaram ocaqda közün dərdinə,
Ağlaram varaqda sözün dərdinə,
Bilinməz, şairin axı dərdi nə?
Mən xoşbəxt olmağa doğulmamışam...
Ağrım yerin, göyün, bütün cəmiyyətin, itirilmiş torpaqlarımızın, itirdiklərimin ağrısıdır. Şair təkcə öz dərdini, öz ağrısını yazmır ki... O, hər şeyin dərdini çəkir. Ö, həyatda gördükləri bütün ağrıları, əzabları, dərdi, sevinci Sözə çevirir. Şair olmaq buna görə də çətindir. Sən öz ağrılarını, öz dərdlərini yaşamırsan. Sən Suriyadan qaçarkən Ağ dənizdə boğulan uşaqlara, taleyindən narazı olan “Süpürgə”çiyə, “Küçə uşaqları” na ağlayırsan...
- Tamamilə təsadüfən mən sizin çapda olan "Sonun başlanğıcı" kitabınızın ilk oxucusu oldum (elektron variantda). “İlk oxucu” olmaq hissinin nə olduğunu və ondan irəli gələn məsuliyyəti də anlamış oldum. Rəsmiyyə xanım, bu kitabı niyə belə adlandırmısınız?
- Bu suala cavab vermək istəməzdim. Siz mənim yeni kitabımın ilk oxucususunuz. İstəyərdim bu sualın cavabını hər oxucu özü tapmağa çalışsın.
- Kitabın əvvəlində müxtəlif tanınmış insanların, xarici dövlətlərin yazarlarının sizin haqqınızda söylədikləri düşüncələrini paylaşmısınız. Bunlar çox qürurverici sözlərdir! Burada bir haşiyəyə çıxmaq istəyirəm: yazar Aygün Həsənoğlu sizin ölümə aid şeirləriniz haqqında yazır ki, "Rəsmiyyənin həyat saçılan gözlərinə baxanda onun bunu hiss etdiyinə inanmıram, amma elə bununla da Rəsmiyyənin fitri istedadını təsdiq etməli oluram”. Təbii ki, bu böyük istedad tələb edir və sizin bu istedada malik olduğunuzda heç bir şübhəm yoxdur. Lakin inanmıram ki, siz yazdıqlarınızı həyatda yaşamamısınız və yaxud hiss etməmisiniz...
- Təbii ki, hər şeirdə şairin özündən nəsə var. Çünki şair cəmiyyətin, başqalarının dərdini öz iç dünyasından keçirib Sözə çevirir. Onu özününkü edə bilməzsə, o, oxucunu inandıra bilməz. Oxucunu inandıra bilməsi üçün onu yaşamalıdır. Elə şeirlər olur ki, birbaşa yazarın öz taleyi ilə bağlı olur. Elə şeirlər də var ki, yaxınlarının, doğmalarının yaşadıqlarından təsirlənib Sözə çevirirsən. Əgər hər oxucu özündə o şeirdən nəsə tapırsa, Söz bədii həllini tapır.
- Ümumiyyələ, şair şeirlərini yaradır və oxucuların öhdəsinə buraxır. Onlar isə hərəsi bir anlam yükləyərək, şeiri başa düşdükləri kimi və yaxud başa düşmək istədikləri kimi yorumlayırlar. Əfsuslar olsun ki, bu yorumlar bəzən müəllifi yaralıyacaq qədər yanlış, həqiqətdən uzaq istiqamətə yönlənir. Siz də belə hallarla qarşılaşmısınız?
- Şeirlərimin düzgün anlaşılmaması hallarına rast gəlmişəm. Hətta bu kimi hallara tənqidçilərin baxışlarında da rast gəlmişəm. Baxmayaraq ki, onlar resenziyalarında mənim şeirlərimi tərifləyiblər, lakin mənim yazdığımı düzgün dəyərləndirmədiklərini görmüşəm. Adi oxucular arasında da belə münasibətlə rastlaşmışam. Düzünü deyim ki, belə hallar çox az olub. Görünür, mən bəxti gətirən yazarlardanam. Ancaq belə hallar olarsa da, buna normal baxmaq lazımdır. Hamı müəllif kimi duya bilməz bütün şeirləri. Mənim Sizin kimi şeirlərimi duya bilən oxucularım var.
- İlk şeirinizi neçə yaşında yazmısınız və nə zaman anladınız ki, həyatınızı şeirsiz təsəvvür etmirsiniz?
- İlk şeirimi uşaq yaşlarımda yazmışam. Bilmirəm bu şeiri ədəbi nümunə olaraq adlandırmaq olarmı, yoxsa yox. O zaman anam möhkəm xəstələnmişdi. Onu itirmək qorxusu o qədər məni həyacanlaşdırmışdı ki, bu həyacan Sözə çevrilmişdi. Sonra məktəbə, Vətənə aid ilk şeirlərim yazıldı. Təbii ki, onlar uşaq təxəyyülünün məhsulu idi. Universitet illərindən sonra yaradıcılığıma daha çox yer ayırdım. Sözlərimə nəğmələr bəstələndi, şeirlərim dövrü mətbuatda çap olundu. Kitablarım nəşr edildi, müxtəlif mükafatlar aldım. Bir də baxdım ki, şeir mənə ömürlük yoldaşdır.
- Rəsmiyyə xanım, hazırda həyatınızda helə bir insan varmı ki, sizin bu dəyişkən ruh halınızı anlayır, dərdlərinizi öz dərdləri kimi qəbul edir, şeirlərinizin ilk oxucusu olur?
- Bəli, Allaha şükürlər olsun ki, helə bir insan mənim həyatımda var. Şeirlərimin ilk oxucusu, dərdlərimi bölüşdüyüm insan həyat yoldaşımdır.
- Sizin 100-dən çox şeirinizə mahnı bəstələnib. Hansı bəstəkarlarla işbirliyiniz var?
- İlk dəfə şeirimə mahnını gözəl bəstəkarımız Cavanşir Quliyev bəstələyib. Sonradan bir çox bəstəkarlarla – Nadir Əzimov, Xanım İsmayılqızı, Novruz Aslan, Sədaqət Arifqızı və s. işləmişəm. Ancaq mənim yaradıcılığımda gözəl bəstəkarımız Nadir Əzimovun ayrıca yeri var. Əksər şeirlərimin musiqisi ona aiddir. "Dəfnə yarpağı" və “Məhkumlar” seriallarının saundreki də mənim sözlərimə yazılıb.
- "Unutdun məni" kitabında əsasən sizin nəğməyə çevrilən şeirləriniz toplanıb. Sevgidən, ayrılıqdan, həsrətdən bəhs edən şeirlərinizin qarşısında sözün əsl mənasında aciz qaldım. Sizin cəsarətinizə, hiss etdiklərinizi açıq formada ifadə etməyinizə heyran oldum. Məni maraqlandıran sual isə budur: niyə sözlərinə musiqi yazılan şeirlərin əksəriyyəti məhəbbət haqqındadır? Bu nədən irəli gəlir?
- Sevgi ədəbiyyatın əzəli-əbədi mövzusudur. Əslində mənim müxtəlif - Vətən, Ana, Torpaq və s. mövzularda şeirlərimə mahnılar bəstələnib. Lakin onların arasında sevgi mövzusunda olanlar daha məşhurdur. Görünür, cəmiyyət bu mövzuları özünə daha yaxın bilir. Məsələn, mənim sözlərimə yazılan “Unutdun məni” (musiqisi: Nadir Əzimov, ifa: Eyyub Yaqubov) mahnısı çox məşhurdur. Məncə bunun səbəbi əksər insanların içində bir unudulmaq və unutmaq hissinin olmasıdır.
- Sizin “Bağışlama bizi, Vətən” adlı məşhur bir şeiriniz var. Xalq artisti Azərin xanım onu ifa edib və klip çəkdirib. Bizim indiyədək eşitdiyimiz Vətən mövzusunda olan şeirlərdən bir qədər fərqlidir və həqiqətə, şəxsən mənim hiss etdiklərimə daha yaxındır...
- Elədir. Mən bu şeiri torpaqlarımızı itirən vaxtlarda yazmışam. O zaman içimdə bir günahkarlıq duyğusu var idi. Mənə elə gəlir ki, torpaqlarımız işğaldan azad edilənədək hər bir azərbaycanlının qəlbində bu hayqırtı olmalıdır. Ancaq təəssüflər olsun ki, bu cür düşünməyənlərimiz də var. Telekanalların birində bu şeirə çəkilmiş klipi seyr etdikdən sonra aparıcı (o aparıcı bizim işğal olunmuş ərazilərdə dünyaya göz açıb) Azərin xanıma belə bir sual verdi: siz bu kliplə kimi qıcıqlandırmaq istəyirsiniz? Bu ifadə məni çox sarsıtdı... İnsan deməyə söz tapmır...
- Bilirsiniz ki, elə İnstitutumuzun özündə də həvəskar kimi, arada bir şeir yazanlar var. Əgər sizin qarşınıza iki müxtəlif şeir qoysalar, siz onlardan hansının peşəkar şairə, hansının isə həvəskara aid olduğunu müəyyən edə bilərsiniz?
- Hər bir peşəkar yazar şeirə baxan kimi bunu asanlıqla müəyyənləşdirə bilər.
- Rəsmiyyə xanım, siz İnstitutumuzun fəal əməkdaşısınız, Dövlət İdarəçilik Akademiyasının müəllimisiniz, Azərbaycanın istedadlı şairlərindən birisiniz, bir neçə təşkilatların və qurumların üzvüsünüz və eyni zamanda ana və həyat yoldaşısınız. Bilirəm ki, bütün bunların öhdəsindən gəlmək çox çətindir. Bəlkə şeirlərinizdə arada bir özünü biruzə verən “yorğunluq” hissi burdan irəli gəlir?
- Doğrudur. Bəzən çox yorulduğumu hiss edirəm. Lakin Tanrı mənə SÖZ adlı bir nəsnəni hədiyyə verib. Yorğunluğumu, dərdlərimi, əzablarımı SÖZlə unuduram, SÖZlə ovunuram. Hər şeydən bezəndə SÖZ köməyimə gəlir. Ruhum SÖZlə sakitləşir. Və buna görə Tanrıya minnətdaram.
- Sizin belə misralarınız var - "Tanrı bəxt paylayanda - mənə dəli söz düşər". İcazə verin sizə bir qədər şablon sual verim: əgər ikinci dəfə dünyaya gəlsəydiniz, sizi hamıya sevdirən bu "dəli sözü" arzuladığınız “gözəl bəxtə”, “bəxtəvərçiliyə” dəyişərdiniz?
- Ömrüm - ilahinin mənə həsr etdiyi ən gözəl şeirdir... Məncə ən bəxtəvərlərdən biri mən özüməm. Sakit, monoton həyat mənlik deyil. Mən mübarizəni sevən adamam. Nə qədər şablon görünsə də, yenidən dünyaya gəldiyimdə, yenə də şair olmaq istərdim. Şairlik bir Zirvədir. Təsadüfi deyil ki, şairləri Peyğəmbərlərdən sonrakı sıraya qoyurlar. Bu ULU SÖZƏ verilən ən böyük qiymətdir. Hamı həkim, mühəndis, müəllim və s. ola bilər. Lakin Şair yox. Şair doğulurlar, olmurlar.
- Bilirəm ki, siz öz şeirinizdə xanımları 8 mart gününü bayram etməməyə çağırırsınız. Sizin fikrinizə hörmətlə yanaşıram. Digər tərəfdən, hesab edirəm ki, Azərbaycan qadınlarının necə dərin iç dünyasına, güclü ruha, zəngin mənəviyyata sahib olduqlarını nümayiş etdirmək üçün bundan gözəl gün ola bilməz... Məhz buna görə sizinlə müsahibəmiz bu günə təsadüf etdi. Arzu edirəm həsrətində olduğunuz hər şeyə - "yellər kimi dünyanı gəzməyə", "sellər kimi məcrasına sığmamağa" çox tezliklə nail olasınız. Allah sizə bəxş etdiyi tək balanızı xoşbəxt eləsin!
- Sağ olun, Mətanət xanım. Söhbətimiz çox maraqlı alındı. Ola bilsin ki, eyni dünyanın insanlarıyıq, bəlkə də ona görə...
- Mən də sizinlə söhbət etdikcə ruhum dincəldi. Bizə vaxt ayırıb müsahibə verdiyiniz üçün təşəkkür edirəm.
Müsahibəni qələmə aldı: Mətanət Abdalova