“Hər bir vətəndaşın layiqli yaşayış və iş yeri ilə təmin olunması ölkəmizin sosial-iqtisadi inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir”
- Oxunub 1188 dəfə
İqtisad üzrə fəlsəfə doktoru Sevda Seyidova: “Elmi Seminarın işində əsas məqsəd şəffaflığı, iddiaçıların seminardan keçməsində ardıcıllığı təmin etmək, onları seminar müzakirəsinə yüksək səviyyədə hazırlamaqdır”
AMEA İqtisadiyyat İnstitutunun “Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, İnstitutun Elmi Seminarının katibi Sevda Seyidovanın “economics.com.az” saytına müsahibəsi
- Sevda xanım, sizcə, Azərbaycanda əmək bazarının, insan kapitalının inkişafı istiqamətində hansı proseslər gedir?
- Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında”, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair tədbirlər planında əmək bazarının inkişafına xidmət edən tədbirlər də yer alır. Bu tədbirlər sırasına əmək bazarında çevikliyin təmin edilməsi, peşələr üzrə monitorinq aparılması, formal (akademik) təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılması, peşə təlimi, ixtisasartırma və yenidən hazırlıq vasitəsilə əmək bazarında baş verən sürətli dəyişikliklərin qarşılanması üçün peşə standartlarının hazırlanması prosesinin davam etdirilməsi və s. daxildir. Bu tədbirlər, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan müvafiq strateji hədəflərin icrası, insan kapitalının inkişaf etdirilməsi, işçi qüvvəsinin bilik və bacarıq səviyyəsinin artırılması və s. sahələrdə aparılan məqsədəuyğun işlər qarşıdakı dövrdə də ölkəmizin əmək bazarında inkişaf meyllərinin davam etdirilməsinə, onun səmərəliliyinin artırılmasına imkan yaradır.
Daim yeniləşməkdə olan texnika və texnologiya işçi qüvvəsinə tələbi dəyişərək yeni peşə və ixtisasların yaranmasına və bu sahədə kadrların yetişdirilməsinə zərurət yaradır. Bu da öz növbəsində insan resurslarının idarə edilməsi sisteminin də təkmilləşdirilməsini tələb edir. Çünki iş qüvvəsinin tərkibi obyektiv və subyektiv amillərin təsirindən asılı olaraq dəyişilir. Məsələn, kadr axınının təsiri, təbii və fasiləsiz ixtisas artımı prosesi ilə işçilərin tərkibi və bundan asılı olaraq əməyin təşkilinin əsasları da dəyişilir. Bu zaman iş yerlərinin strukturunda, işçilərin sayında və tərkibində daimi təkmilləşdirilmə aparılması tələb olunur. Bu isə ilk növbədə kadr siyasətinin düzgün qurulmasını tələb edir.
- Ölkəmizdə kadr siyasətinin təkmilləşdirilməsi istiqamətində hansı addımlar atılmalıdır?
- Kadr siyasəti makro (dövlət) və mikro (müəssisə və təşkilat) səviyyəsində aparıla bilər. İstənilən ölkədə həyata keçirilən uğurlu kadr siyasəti yüksək ixtisaslı və peşəkar kadrların hazırlanmasına zəmin yaradır ki, bu da öz növbəsində insan potensialının inkişafı üzrə beynəlxalq müqayisə indeksinin (İnsan İnkişafı İndeksinin) yüksəldilməsini təmin edir. Məhz bunun nəticəsidir ki, inkişaf etmiş ölkələr özünün kadr siyasətində yeni yaranan və yaranması ehtimal olunan ixtisaslar üzrə kadr hazırlığı məsələsinə xüsusi diqqət yetirirlər. Kadr siyasəti təşkilatın (müəssisənin) heyətinin hazırlanması və yenidən hazırlanması, yığılması, seçilməsi və paylaşdırılması proqramının əsasını müəyyən edir. Kadr siyasəti kadrların seçilməsinə, paylanmasına, qabiliyyətlərinin üzə çıxarılmasına, onların sosial təminatının yaxşılaşdırılmasına və s. istiqamətlənməklə insanların cəmiyyətdə aktiv fəaliyyətini tənzimləyir. Kadr siyasətini düzgün qurmaqla yeniliyin yaradılmasına, axtarış-tədqiqat prosesində yığılmış biliklərdən səmərəli istifadə olunmasına, kadrlarda innovasiya fəallığının artırılmasına təsir göstərmək mümkündür. Kadr siyasəti təkcə əmək ehtiyatlarının hazırlanması və yenidən hazırlanmasına yönələn fəaliyyətlə tamamlanmır. Burada mövcud kadr potensialından səmərəli istifadə olunmasına yönəlmiş fəaliyyət də mühüm rol oynayır. Odur ki, inkişaf etmiş ölkələr kadr siyasətinə xüsusi önəm verir və kadr hazırlığını elmi texniki tərəqqinin müasir tələblərinə uyğunlaşdırmağa çalışırlar.
- Strateji Yol Xəritəsində əmək resurslarından səmərəli istifadə edilməsi üçün əsas hansı istiqamətlər nəzərdə tutulur?
- Əmək resurslarından səmərəli istifadə edilməsi, hər bir vətəndaşın layiqli yaşayış və iş yeri ilə təmin olunması ölkəmizin sosial-iqtisadi inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Məşğulluğun artımı ötən dövrdə əhalinin adambaşına gəlirlərinin dəfələrlə artmasını, bu əsasda rifah səviyyəsinin yüksəlməsini şərtləndirib. Ölkə iqtisadiyyatının perspektiv istiqamətləri üzrə Strateji Yol Xəritəsində nəzərdə tutulan dörd strateji hədəfin hər biri ümumi iqtisadi inkişafın davamlı xarakter almasına hesablanmaqla bərabər, məşğulluq amilini də ehtiva edir. Sənəddə insan kapitalının inkişaf etdirilməsi ayrıca strateji məqsəd kimi müəyyən edilib. Bu da bir tərəfdən əmək məhsuldarlığının yüksəldilməsinə, digər tərəfdən işçi qüvvəsinin əmək bacarıqlarının artırılması yolu ilə layiqli əməyin təminatına, nəticə etibarilə əmək bazarının inkişafının milli iqtisadiyyatın perspektivinə uyğunlaşdırılmasına yol açır.
- İllik hesabatınızda qeyd etmisiniz ki, ali təhsil və treninq səviyyəsinə görə ölkəmiz müqayisədə bir qədər geri qalır. Bunun səbəblərini oxucularla bölüşmənizi istərdik.
- Beynəlxalq statistika qurumlarının hesablamalarına əsasən, ali təhsil və treninqə görə Azərbaycan Gürcüstandan başqa, bütün region ölkələrindən, əmək bazarının effektivliyinə görə Qazaxıstandan, maliyyə bazarının inkişafına görə Türkiyə və Gürcüstandan, bazar ölçüsünə görə Türkiyə, Qazaxıstan, İran və Rusiyadan geri qalır. Buna baxmayaraq çox mühüm texnoloji hazırlıq meyarına görə ölkəmizin bütün region ölkələrindən irəlidə olması çox ümidvericidir.
Ən yüksək mərhələ olan innovasiya və təcrübə amillərinin hər iki subindikatoru üzrə Azərbaycan bütün region ölkələrindən çox irəlidədir: Biznes təcrübəsi üzrə Azərbaycan 60-cı yerdə, regionda ona ən yaxın olan Türkiyə 65-ci, Rusiya isə 72-ci yerdə, tədqiqat və işləmələr innovasiyasına görə isə Azərbaycan 44-cü, Rusiya 56-cı, Qazaxıstan isə 59-cu yerdədir. Bilik iqtisadiyyatı dönəmində təhsil sisteminin və təhsil səviyyəsinin milli iqtisadiyyatın inkişafında rolu əvəzsizdir. İşçi qüvvəsinin keyfiyyətinə təsir etməklə o, iqtisadiyyatın beynəlxalq rəqabətqabiliyyətliliyini şərtləndirir.
Hazırda ümumən təhsil və bacarıqlar üzrə Azərbaycan Rusiya, Qazaxıstan və Gürcüstandan geridə olmaqla, regionda orta mövqedədir. Amma Azərbaycan təhsilində həyəcan doğuran əsas məsələ ondan ibarətdir ki, cari işçi qüvvəsinin bacarıqları üzrə ölkəmiz 42-ci yerdə olsa da, gələcək işçi qüvvəsinin bacarıqlarına görə 79-cu mövqedə bərqərar olmaqla region ölkələrindən geridə qalır. Azərbaycan ümumən Qlobal Rəqabətqabiliyyəti İndeksi üzrə hər iki meyara görə yüksək mövqe tutur.
- Son dövrlərdə dünyada və Azərbaycanda ən çox hansı təhsil sahələrinə üstünlük verilir?
- Azərbaycanda ən populyar olan təhsil sahələri - iqtisadiyyat və hüquq sferalarıdır. Lakin bu peşələr üzrə əmək bazarında tələb bir o qədər də yüksək deyil. Bank sektorunda problemlərin yaranması bu sahədən də işçilərin ixtisarına səbəb olmuşdur. Yalnız İKT texnologiyaları üzrə mütəxəssislərə tələbat çox yüksəkdir. Hazırda, peşəkar menecerlərə böyük tələbat var. Dünyada və Azərbaycanda yüksək ixtisaslı fəhlə peşələrinə hər zaman tələbat yüksək olub. Bir sözlə, yarımçıq papaqçılıqdansa, kamil palançı olmaq daha yaxşıdır.
- Texniki peşə təhsilinin qurulması və inkişafı üçün hansı addımlar atılmalıdır?
- XX əsrdə ölkəmizdə texniki-peşə təhsili sahəsi yüksək səviyyədə inkişaf etdirilirdi. Çoxlu sayda texniki peşə təhsili verən tədris ocaqları fəaliyyət göstərirdi. Lakin sonradan bu müəssisələr bağlandı və yüksək ixtisaslı fəhlə peşələri üzrə kadrların hazırlanması dayandırıldı. Son dövrlərdə bu məsələyə yenidən baxılaraq, müasir peşə məktəbləri açılır. Hesab edirik ik, bu istiqamətdə işlər davam etdirilməlidir.
- Xarici ölkə vətəndaşlarının Azərbaycanda təhsil almasına mane olan cəhətlər haqda danışmanızı istərdik?
- Azərbaycanda təhsil xidmətlərinin uğurlu ixracı sahəsində problemlər var. Məsələn, verilən təhsilin səviyyəsinin aşağı olması, təhsil ocaqlarının beynəlxalq reytinqinin aşağı olması, bizim bir çox universitetlərdə ingilis dilində təhsil xidmətlərinin göstərilməməsi, universitetlərdə kampusların olmaması, xarici tələbələrə lazımi şəraitin yaradılmaması və digərləri. Lakin son dövrlərdə bəzi universitetlərdə təhsil prosesinin inkişaf etmiş ölkələrin tədris prosesinə uyğunlaşdırılması, xarici dillərdə də təhsilin aparılması, karyera mərkəzlərinin yaradılması, təhsil sahəsində texnologiya transferləri, innovativ biznes-inkubatorların, elektron kitabxanaların və «onlayn» tələbə qəbulu sistemlərinin yaradılması bir çox xarici vətəndaşların ölkəmizə təhsil almaq üçün gəlmələrini stimullaşdırır.
- Siz həm də AMEA İqtisadiyyat İnstitutunun Elmi Seminarının katibisiniz. Seminarda öz işini təqdim edən iddiaçılara hansı tövsiyələri vermək istərdiniz?
- İddiaçılar Elmi Seminara qədər bir çox mərhələlərdən keçirlər. Müəyyən təcrübələri var. Lakin çox vaxt onlar mövzunun aktuallığını, məqsəd və vəzifələrini göstərərkən öz fikirlərini konkret ifadə edə bilmirlər. Bəzən, dissertasiya işinin elmi yenilikləri müasir dövrlə uzlaşmır. Tövsiyə edərdim ki, iddiaçılar, ilk növbədə, tədqiqatın elmi yeniliklərini düzgün göstərə bilsinlər və qoyulan sualları dəqiq və düzgün cavablandırsınlar. Belə demək olarsa, Elmi seminar - müdafiə qabağı son məşqidir. Bu mərhələyə yaxşı hazırlanan iddiaçılar sonuncu müdafiə mərhələsindən də üzü ağ çıxırlar.
- İddiaçılar Seminara kimi hansı prosedur qaydalara əməl etməlidirlər?
- Ən vacibi - ilkin müzakirədə səsləndirilən iradları nəzərə alaraq, düzəlişlər edilməlidir ki, Elmi Seminarda yenidən həmin iradlar üzə çıxmasın.
- İddiaçılarda ən çox çatışmayan cəhətlər və onların qarşılaşdığı problemlər hansılardır?
- Elm çox mürəkkəb sahədir. Elmi Seminara qədər gəlib çatan iddiaçılar, artıq müəyyən təcrübəyə malik olurlar. Seminar mərhələsində verilən rəylərdə artıq, kəskin iradlar olmamalıdır. Lakin iddiaçılarda ən çox çatışmayan cəhət ilkin mərhələdə verilən rəylərdə olan iradların düzgün nəzərə alınmamasıdır. Hesab edirik ki, bu mərhələdə rəyçilərin də məsuliyyəti artırılmalıdır. Bəzən rəyçi kəskin iradlar göstərir, lakin iddiaçının növbəti mərhələyə buraxılmasını tövsiyə edir. Hesab edirik ki, bu düzgün deyil. İddiaçını növbəti mərhələyə yalnız nöqsanlar düzəldiləndən sonra tövsiyə etmək olar.
- Seminarda bu il hər hansı yenilik və ya dəyişiklik gözlənilirmi?
- Biz günün tələbinə uyğun olaraq Elmi Seminarın işində daim yenilənmə və təkmilləşdirmə aparmağa hazırıq və buna çalışırıq. Əsas məqsəd - seminarın işində şəffəflığı, iddiaçıların seminardan keçməsində ardıcıllığı təmin etmək, onları seminar müzakirəsinə yüksək səviyyədə hazırlamaq, sənədləşmədə dəqiqliyi gözləmək, seminarda kvorumun təmin edilməsinə diqqətlə yanaşmaqdır.
Çalışırıq ki, Elmi Seminarda çıxış edərkən iddiaçılar tədqiq etdikləri mövzunu gözəl təqdim etsinlər və seminar üzvlərinin suallarına dolğun cavablar versinlər. Seminarın işi Ali Attestasiya Komissiyasının tələblərinə uyğun şəkildə, protokol üzrə təşkil olunur. Bu sahədə tərəfimizdən hər hansı yenilik və ya dəyişikliyin edilməsi, tələblər baxımından, mümkün deyil. Seminarın işində müəyyən İKT texnologiyalarından istifadə olunur, prezentasiyalar aparılır, seminarın işi barədə institutumuzun İnternet saytında müntəzəm olaraq məlumatlar verilir. Yeri gəlmişkən, buna görə də saytın kollektivinə təşəkkürümüzü bildiririk.
- Maraqlı müsahibə üçün təşəkkür edirik.
Müsahibəni qələmə aldı: Fatma Fərəcova