Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Həyata keçirilən islahatlar ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verir”

  • Oxunub 1811 dəfə

 İqtisad üzrə fəlsəfə doktoru, dosent İlkin Soltanlı: “Akademik Ramiz Mehdiyev öz məqaləsində haqlı olaraq qeyd edir ki,  “ərzaq təhlükəsizliyi həm də ölkənin ərzaq təminatı sahəsində müstəqilliyini, dövlətin iqtisadi və sosial dayaqlarının nə dərəcədə möhkəm olmasını xarakterizə edir”

AMEA İqtisadiyyat İnstitutunun “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi problemləri” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent İlkin Soltanlının “economics.com.az” saytına müsahibəsi

- İlkin müəllim, ilk öncə ərzaq təhlükəsizliyinin mahiyyəti və ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında onun rolu barədə danışmağınızı istərdik.

- Ərzaq təhlükəsizliyi  hər bir ölkəninmilli - iqtisadi təhlükəsizliyinin ən mühüm tərkib hissələrindən  biri kimi, cəmiyyət üzvlərinin tələbatını dolğun ödəyən lazımi qida (ərzaq)  məhsullarının istehsalı, daşınması, tədarükü, emalı və istehlakını özündə əks etdirən kompleks münasibətlər sistemini əhatə edir. Təbii ki, qlobal xarakter daşıyan bu prosesi – cəmiyyətin möhkəm iqtisadi dayanıqlılığı və sosial stabilliyinin əsas amili kimi dəyərləndirə bilərik.  Həm də ərzaq təhlükəsizliyinin müəyyən indikatorları mövcuddur. Məsələn, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)-ya görə, onlar bir neçə qrup üzrə (mövcudluq-yaşam şərti, imkanlılıq, stabillik və s.üzrə)  təsnifləşdirilir. Bura qida rasionunun kalori dəyəri, zülalın miqdarı, yaxud alıcılıq qabiliyyətinə ekvivalent sayılan adambaşına ÜDM-nin həcmi və sair  göstəricilər aid edilir...

Bilirsiniz ki, bu yaxınlarda mətbuatda Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” adlı iri həcmli məqaləsi dərc olunub. İnstitutumuzda da professor Nazim Müzəffərlinin  təşəbbüsü ilə həmin məqalənin geniş müzakirəsi keçirildi. Məqalə müəllifi öz yazısında ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini göstərərək, demək olar ki, bütün  sahələri  geniş təhlil edib. Onlardan biri də  ərzaq təhlükəsizliyi və aqrar sahədə dövlət siyasəti məsələlərinə həsr olunub. Akademik Ramiz Mehdiyevin fikrincə, “ərzaq təhlükəsizliyi həm də ölkənin ərzaq təminatı sahəsində müstəqilliyini, dövlətin iqtisadi və sosial dayaqlarının nə dərəcədə möhkəm olmasını xarakterizə edir. Bu baxımdan ərzaq təhlükəsizliyinin iki aspektini – sosial-iqtisadi və siyasi-iqtisadi aspektlərini qeyd edə bilərik. Sosial-iqtisadi aspektə görə hər bir dövlət öz vətəndaşlarının əsas qida məhsulları üzrə istehlakını qəbul edilmiş norma və standartlara uyğun olaraq təmin etməlidir. Bu öhdəlik “Ümumdünya Ərzaq Təhlükəsizliyinə dair” Roma Bəyannaməsində müəyyən edilmişdir. Ərzaq təhlükəsizliyinin siyasi-iqtisadi aspekti isə əhalinin ərzaqla təminatının yerli istehsala əsaslanmasını və ölkənin ərzaq asılılığının minimuma endirilməsini xarakterizə edir” .

Təbii ki, göstərilən məsələnin bu cür qoyuluşu, onun mahiyyətini tam şəkildə əks etdirir.  Eyni zamanda, bu mühüm  prosesin səmərəli və kompleks həllini şərtləndirən və onun etibarlılığını təmin edən bir sıra proseslər mövcuddur. Onlardan biri isə - ərzaq məhsullarının tədarükü ilə bağlıdır.

- Siz tədarük prosesi və onun mahiyyəti ilə bağlı nələri qeyd etmək istərdiniz?

-  İlk öncə onu qeyd edim ki, tədarük kəlməsi ərəb mənşəli söz olub, mahiyyət və məzmun etibarı ilə müəyyən sahədə əvvəlcədən zəruri hazırlığın görülməsi,  zəruri  ehtiyat tədbirlərinin həyata keçirilməsi, lazım olan məhsulların daha çox  yığılıb toplanması anlamını verir. Ehtiyat isə müəyyən müddətə lazım  olduğu qədər nəzərdə tutulan,  tədarük edilən və həm də saxlanılan məhsulların (əmtəələrin)  məcmusunu özündə ehtiva edir. Bu zaman, ilin müəyyən fəsillərini, həmçinin   yerləşdiyi əraziyə uyğun olaraq,  baş verə biləcək bir sıra  çatışmazlıqlara uyğun daha tədbirli və düşünülmüş hərəkət  və davranış qaydalarının  məcmusu əsas götürülür. Nəzərdən qaçırmaq olmaz ki,  hələ qədim zamanlardan  insanlar müəyyən fəsillərin dəyişməsinə uyğun olaraq, xüsusən də qida və ərzaq məhsulları sahəsində qışın ehtiyaclarını yay və payızda yığmağa səy göstərmişlər...

Beləliklə, tədarük prosesi rüşeym şəklində çox keçmişlərdən,  bəlkə də mən deyərdim ki, ibtidai insanların yaşadıqları  və ictimai əmək bölgüsünün yaranmağa başladığı  dövrlərdən meydana gəlmişdir. Ona görə ki, insan cəmiyyətində zəruri ictimai əmək bölgüsü- əsas etibarilə, əkinçiliyin heyvandarlqdan ayrılması və onun tam  müstəqil sahəyə çevrildiyi vaxtlardan  formalaşmağa başlayıb. Bu baxımdan, lap keçmişlərdə insanlar zəruri ərzaq tələbatlarını  ödəmək məqsədilə, ilk növbədə  əkinçiliyin yeni-yeni sahələrini (məsələn, taxılçılıq,  heyvandarlığın müxtəlif bölmələri və s.) davamlı  inkişaf etdirməyə, eyni zamanda ibtidai qaydaları həyata keçirərək, mövcud məhsuldarlıq səviyyəsini yüksəltmiş  və əldə etdikləri məhsulları primitiv şəkildə qoruyub saxlamışlar. Təbii ki, vaxt ötdükcə, həyata keçirilən  tədarük prosesləri təkmilləşmiş və yeni məzmun  çalarları  kəsb etmişdir.  Lakin nəzərə almaq lazımdır ki, ona yanaşma prizmasından asılı olaraq, müxtəlif iqtisadi sistemlərdə  və ayrı-ayrı  ölkələrdə fərqli baxış  bucaqları mövcud olmuşdur. Məsələn, yaşadığımız keçmiş sovet iqtisadi sistemində kənd təsərrüfatı və ərzaq məhsullarının tədarükü  sistemi fərqli formada, daha çox inzibati resurslara söykənməklə  təşkil edilirdi və s...

- Sözsüz ki, ərzaq məhsullarının tədarükü ilə bağlı həyata keçirilən tədbirlər, ölkənin anoloji məhsullarla etinbarlı təminatına mühüm təsir göstərir. Bəs bu məhsullarla ölkəmizin özünü təminetmə səviyyəsi barəsində nə deyə bilərsiniz?

- Maraqlı sualdır. Burada mən yenə də hörmətli akademikimiz  Ramiz Mehdiyevin yuxarıda qeyd olunan məqaləsindən bir iqtibas gətirmək istəyirəm. Ramiz müəllim haqlı olaraq qeyd edir ki, “...dünya təcrübəsinə əsasən ərzaq təhlükəsizliyi - ərzaq təminatı sahəsində ölkənin nə dərəcədə müstəqil olması meyarına görə qiymətləndirilir. Bu meyara əsasən, idxal olunan ərzaq məhsulunun həcmi həmin məhsulun ölkə üzrə istehlakının 30 faizindən çox olmamalıdır.1990-cı illərin əvvəllərində Azərbaycanda ərzaqla özünütəminetmə səviyyəsi təhlükəli hesab edilən kritik həddi keçmişdi. Həmin illərdə ölkəyə gətirilən ərzaq məhsulları ümumi idxalın 65-70 faizini təşkil edirdisə, son 5 ildə bu göstərici orta hesabla 14-15 faiz arasında dəyişir. Son illər kənd təsərrüfatına dövlət dəstəyinin artırılması nəticəsində ölkəmizin ərzaq məhsulları üzrə idxaldan asılılığı azalmaqdadır. Hazırda bütün növ ərzaq məhsullarının idxalının azaldılması və ya tamamilə ləğv edilməsi bir məqsəd kimi qarşıya qoyula bilməz. İndiki mərhələdə söhbət yalnız ölkənin ərzaq idxalından asılılığını minimuma endirməkdən gedə bilər. Məsələ burasındadır ki, istehlak bazarında realizə olunan bir çox məhsulların tamamilə yerli istehsal hesabına təşkili müəyyən zaman tələb edir”.

...Göründüyü kimi, ərzaq məhsulları ilə özünü təminetmə imkanlarının  genişləndirilməsi, bu məhsullarla idxal səviyyəsinin azaldılması,  həmçinin  ümumi ixracın həcmində  həmin məhsulların xüsusi çəkisinin  yüksəldilməsi  vacib əhəmiyyətli bir məsələdir. Sözsüz ki, ərzaq məhsulları idxalının azaldılmasında kənd təsərrüfatı məhsullarının istehsaılı ilə yanaşı, bu məhsulların tədarükünü həyata keçirən qurumların üzərinə də böyük yük düşür.

- Bəs bu gün ölkəmizdə kənd təsərrüfatı və ərzaq məhsullarının tədarükü prosesi necə həyata keçirilir? Onun təşkilati aspektləri ilə bağlı hansı konkret addımlar atılır?

-  Qeyd edim ki, kənd təsərrüfatında istehsal olunan və cəmiyyətin ən ümdə, zəruri ehtiyaclarını ödəyən yerli məhsulların istehsal həcminin yüksəlməsi, həmçinin göstərilən fəaliyyət  ilə məşğul olan  fiziki və hüquqi şəxslərin məhsul satışı ilə əlaqədar olan əsas probleminin həllində mühüm rol oynayan  əsas məsələlərdən biri – AzərbaycanPrezidenti İlham Əliyevin 11 aprel 2016-cı il tarixdə imzaladığı Sərəncama uyğun olaraq, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin  yaradılması və səmərəli fəaliyyətinin təşkil olunması ilə bağlıdır. Fikrimizcə, yarandığı iki il ərzində bu qurum  müəyyən uğurlara imza atmağı bacarıb. Onun qarşısına qoyulan əsas vəzifələr -  ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarını vaxtında tədarük edərək, əsrarəngiz iqlim şəraitində yerləşən aqrar sektorun  mövcud  potensialının genişləndirilməsi, ölkə  əhalisinin müxtəlif ərzaq məhsulları ilə  səmərəli  təminatında, xarici ölkələrdən gətirilən müəyyən ərzaq məhsullarının idxal həddinin aşağı həddə salınması, müxtəlif regionlarda yaşayaraq fəaliyyət göstərən yerli məhsul istehsalçılarının  rəqabətqabiliyyətli fəaliyyətinin bərpa və təmin edilməsi, həmçinin bu məhsullarla ixrac həcminin daha da genişləndirərək ölkəyə valyuta axınının gücləndirilməsi və digərlərindən ibarətdir.

Cəmiyyətin fəaliyyətinin ən önəmli istiqamətlərindən biri də – yeli istehsaçılara araya - ərsəyə gətirdikləri  kənd təsərrüfatı və ərzaq məhsulları üçün əvvəlcədən avans verilməsidir. Müşahidələrə görə, həmin avansların ümumi məbləği ayrı-ayrı kateqoriyalı məhsullar  üçün müxtəlif  kateqoriyalar  - kiçik, orta və böyük  həcmli təsərrüfat subyektləri  üçün fərqli formada tənzimlənir. Tutaq ki, ödənilən   avansların həcmi  kiçik istehsalçılar üçün 3 min manat, orta ölçülü istehsalçılar üçün 50 min manat və böyük ölçülü istehsalçılar üçün isə 250 min manat həcmində ola bilər.

Bu yaxınlarda bir məlumat mənim fikrimi cəlb etdi. Belə ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi  cari ilin martına olan ixrac icmalının nəticələrini təhlil edərək göstərib ki, təkcə  yanvar-fevral aylarında “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC 1 milyon ABŞ dolları həcmində məhsul ixracını  həyata keçirib. Həm də dövlətə məxsus olan ixracatçı subyektlərin reytinq cədvəlində bu təşkilat altıncı yerdə durur. Təbii ki, bu proses yerli istehsalçıların məhsullarının daha çox tədarük olunaraq xarici bazarlara çıxarılmasını stimullaşdırır.

 - İlkin müəllim, sonuncu sualımız bu yöndə institutunuzda aparılan elmi-tədqiqat işləri ilə bağlıdır. Bununla bağlı nə söyləyə bilərsiniz?

- Bəli, institutumuzda postneft iqtisadiyyatı quruculuğunun sosial-iqtisadi problemləri istiqamətinə uyğun olaraq, iqtisadiyyatın sektorlar üzrə inkişafının dövlət tənzimlənməsi məsələləri tədqiq olunur. Aqrar sektorun inkişafının dövlət tənzimlənməsi sahəsində aparılan tədqiqatların əsas istiqamətlərindən birini bu sahədə tədarük fəaliyyətinin səmərəli təşkili və onun dövlət tənzimlənməsi məsələləri təşkil edir. Tərəfimizdən  aparılan bu tədqiqatlar, göstərilən istiqamətdə  bəzi  nəticələlərə gəlməyə imkan verir. Bunlar hansılardır? İlk növbədə, aqrar tədarük sistemində daha çevik və sağlam rəqabət mühitinin təşəkkülü istiqamətində işlərin davam etdirilməsi, ayrı-ayrı regionlarda aqroklaster fəaliyyətinin (aqroparkların) düzgün inkişafına təkan verən və onlarla vahid iqtisadi fəaliyyət kompleksini təşkil edən müasir tədarük mexanizmlərinin  formalaşdırılması, yaxud  mövcud logistika və aqromarketinq fəaliyyətinin mövcud tələblərə uyğun şəkildə təşkil edilərək, xidmət səviyyəsinin və keyfiyyət göstəricilərinin yüksəldilməsi kimi bu və digər məsələləri göstərə bilərik. Hesab edirəm ki,  kənd təsərrüfatı məhsullarının tədarükü sahəsində mövcud fəaliyyət istiqamətlərinin daha da genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, uğurlu iqtisadi islahatlar ölkənin ərzaq təhlükəsizliyinin qounması və onun etibarlılığının təmin edilməsinə öz layiqli töhfəsini verə bilər.

-  Müsahibəyə görə təşəkkür edirik.