Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Türkiyədəki maliyyə böhranının obyektiv və subyektiv səbəbləri var”

  • Oxunub 1040 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi Emin Məmmədzadə: “Türkiyə iqtisadiyyatına qarşı əsas təhlükə - avro zonada vəziyyətin kəskin pisləşməsi perspektividir”

  Son vaxtlar Türkiyə iqtisadiyyatında, xüsusən də maliyyə sektorunda çox ciddi proseslər gedir, milli valyuta - lirə dəyərdən düşür ki, bu da biznesə və iqtisadiyyatın digər sahələrinə təsirsiz ötüşmür. Qardaş ölkədə baş verənləri  şərh edən AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Emin Məmmədzadə “economics.com.az” saytına müsahibəsində bildirib ki, bu gün Türkiyədə iqtisadi vəziyyət sabitdir. Lakin son bir il ərzində türk lirəsinin dəyərinin kəskin düşməsi və şirkətlərin borclarını idarə etmək qabiliyyətinin azalması Türkiyə iqtisadiyyatına təzyiqi gücləndirir. Türkiyənin aparıcı iqtisadçıları vəziyyətin həqiqətən çox ciddi olduğunu iddia edirlər. Şirkətlərin borc problemi isə real fəlakətə səbəb ola bilər. Uzun illərdən bəri Türkiyədə iqtisadi artımın mənbəyi - xarici borc idi. Şirkətlər dollar və avro ilə kreditlər götürürdülər. Lakin türk lirəsi dəyərdən düşdüyünə görə, borc məbləğləri sürətlə artır. Yerli valyutanın dayanıqsızlığı ölkə iqtisadiyyatının vəziyyətinə dair narahatlıq yaradır.

Qeyd etmək lazımdır ki, Türkiyədəki böhranın obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblərə gəldikdə, deməliyik ki, son illərdə baş verən sürətli iqtisadi artımla bağlı ölkənin tədiyyə balansında kəsir əmələ gəlmişdir ki, bu da türk şirkətlərinin dollar borclanmaları ilə əlaqəlidir. Türkiyədə korporativ borclanma ÜDM-in 70%-ni təşkil edir. Eyni zamanda, borcun əksər hissəsi xarici valyutada təmsil olunur. Bundan əlavə, FRX dərəcəsinin və ABŞ qiymətli kağızlarının gəlirliliyinin artması ilə əlaqədar olaraq, türk şirkətləri üçün borclanmaların həcmi getdikcə daha da artır.

Subyektiv səbəblərə isə Türkiyədə cari ilin iyun ayına təyin edilmiş erkən prezident seçkilərini göstərmək olar. Bu səbəblərdən hansının daha vacib olmasını demək çətindir. Lakin qlobal xarakterli obyektiv səbəb olmasaydı, ikinci səbəb belə bir dramatik effektə gətirib çıxara bilməzdi. Bununla əlaqədar beynəlxalq maliyyə institutları xəbərdarlıq etmişdir ki, Türkiyə və Argentinada baş verən valyuta böhranları inkişaf etməkdə olan ölkələrdə baş verən silsilə böhranların başlanğıcı ola bilər.

Dərc edilmiş statistik məlumatlara əsasən, Türkiyədə şirkətlərin borcları Məcmu Daxili Məhsulun 70%-ni təşkil edir. Həmçinin, borcun əksər hissəsi xarici valyutadadır. Bu səbəbdən, lirənin zəifləməsi ilə eyni zamanda mübadilə kursundan əldə edilən gəlir sıfıra enir və ya balansları təhrif edir. Əgər, yalnız cari ilin birinci kvartalı ərzində ABŞ dollarına nisbətdə 7% dəyər itirən türk lirəsi düşməkdə davam etsə, borc yükü artacaq. Mərkəzi bankın məlumatlarına görə, Türkiyənin valyuta ehtiyatları 90 mlrd. dollardan aşağı düşmüşdür. Bu problem də türk lirəsinə öz mənfi təsirini göstərməkdədir. Qeyd etmək lazımdır ki, son beş ildə dolların lirəyə qarşı məzənnəsi 100%-dən çox artmışdır.

Son dövrdə kiçik və orta müəssisələr arasında müflisləşmə halları artmışdır, Türkiyənin aparıcı holdinqləri isə öz kreditlərinin restrukturizasiyasına başlamışdılar. Məsələn, MakroMarket və Dizayn Grup kimi məşhur nəhənglər üçün çətin dövr başlayır. “Paraanaliz yeniliklər” portalının məlumatına əsasən, Türkiyənin pərakəndə ticarət sektorunun əsas aktorlarından biri, 6500 əməkdaşı  olan 270 mağazanın sahibi MakroMarket hazırda çox çətin vəziyyətdədir. Bundan əlavə, şirkət öz borclarını çox çətinliklə ödədikdən sonra, bütün nəzərlər ticarət məhkəməsinə yönəlmişdir. Ümid edilirdi ki, bu məhkəmə müflis olmuş şirkət və onun kreditorları arasında razılaşmanı təsdiq edəcəkdir. Lakin uzun sürən iclas zamanı bir çox kreditor şirkətlər, ilk növbədə banklar məhkəməyə bildirmişlər ki, razılaşmanı qəbul etməkdən imtina edirlər. Nəticədə məhkəmə razılaşmanı bu şərtlə qəbul etmişdir ki, Migros şirkətinin 73 MakroMarket mağazasının satışından əldə edilən vəsaitlər dondurulsun. MakroMarketin borcu 650 milyon lirə təşkil edir.

Bundan əlavə, türk məhsullarının ən əhəmiyyətli satış bazarları daralma mərhələsindədirlər. Yaxın Şərq və Afrika ölkələrinə türk ixracının payı 13%-dən 26%-ə qədər, iki dəfə artmışdır. Ərəb dünyasında mövcud olan qeyri-stabillik türk ixracının artım imkanlarını çətinləşdirir. Türkiyə Avropaya ixracın payını 56%-dən 46%-ə qədər azalda bilməsinə baxmayaraq, Avropa ilə problemləri Türkiyənin iqtisadiyyatında vəziyyəti ciddi şəkildə mürəkkəbləşdirə bilər. Eyni zamanda, Latın Amerikasına və Asiya ölkələrinə türk ixracı çox cüzidir. Türkiyə iqtisadiyyatına qarşı əsas təhlükə - avro zonada vəziyyətin kəskin pisləşməsi perspektividir. Həmçinin qeyd edək ki, Avropada baş verən maliyyə böhranı nəticəsində türk iqtisadiyyatının fəaliyyətinin asılı olduğu Avropa şirkətlərinin Türkiyəyə kapital axını dayana bilər.