“Ölkəyə daha çox turist cəlb etmək üçün müəyyən təşviqedici addımlar atılıb”
- Oxunub 975 dəfə
Mahir Zeynalov: "Son illər ölkəmizdə regionların inkişafı istiqamətində çoxşaxəli iqtisadi islahatlar həyata keçirilib"
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair imzaladığı Dövlət Proqramının icrası haqqında AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Mahir Zeynalovla olan müsahibəni təqdim edirik.
- Bölgələrin sosial iqtisadi inkişafı ilə bağlı hansı proqramlar həyata keçirilir və onlar rayonların inkişafına əsasən necə təsir göstərir?
- Öncə qeyd edim ki, ilkin olaraq "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" həyata keçirilib. Hazırda isə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" davam edir və bu il həmin proqram başa çatır. Proqramların icrası regionların sosial-iqtisadi inkişafına çox böyük təkan verib. Bunu hər birimiz elə regionlara səfərlərimiz zamanı da rayonların abadlaşması, müasir infrastrukturunun yaradılması, yeni müəssisələrin açılması və s. fonunda da müşahidə edə bilərik. Ötən dövrdə regionlarda yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafı, infrastruktur təminatının yaxşılaşdırılması və əhalinin kommunal xidmətlərə olan tələbatının ödənilməsi, sosial problemlərinin həlli istiqamətində müxtəlif tədbirlər icra olunub.
Bunlarla yanaşı, sahəvi proqramlar da həyata keçirilir. Məsələn, "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı", "Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018 - 2025 - ci illər üçün Dövlət Proqramı", "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025 - ci illər üçün Dövlət Proqramı", "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018 -2027-ci illər üçün Dövlət Proqramı" qəbul olunub.
Bu proqramların icrasının nəticəsi olaraq son illər ölkəmizdə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində çoxşaxəli iqtisadi islahatlar həyata keçirilib, o cümlədən regionların sosial-iqtisadi inkişafının təmin edilməsi, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft ixracının artırılması üzrə kompleks tədbirlər görülüb. Habelə, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun stimullaşdırılması, o cümlədən özəl sektora təşviq mexanizmlərinin tətbiqi, aqrar sektora dövlət qayğısının artırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi sahəsində mühüm işlər görülüb ki, bunların da nəticəsi olaraq regionlar inkişaf edir.
- Regionların inkişafı ilə bağlı əsas hədəflərdən hansını xüsusən qeyd etmək istərdiniz?
- 90-cı illərdərayonlardan Bakıya çox böyük axın oldu, insanlar iş dalınca paytaxta axışdı. Nəticədə bu gün də Bakıda böyük sıxlıq müşahidə olunur, şəhər yüklənir. Ona gərə də, regionlar bundan sonra da daha da inkişaf etdirlməlidir ki, əksinə proses baş versin və insanlar rayonlarda məskunlaşmağa üstünlük versinlər. Bunun üçün isə bölgələrdə iş yerlərinin yaradılması, normal əmək haqqı, kənd əhalisinin praktiki məşğulluğunun təmin edilməsi, həyat keyfiyyətinin yüksəldilməsi, sosial infrastrukturun inkişafı, müsir təhsil və səhiyyə xidmətləri mühüm şərtlərdir. Əsas sosial hədəflər bunlar olmalıdır.
- Bölgələrdə aparılan yenidənqurma işləri turizmin inkişafına hansı dəstəyi verdi?
- Müsbət haldır ki, son illər ölkəyə turist axını artıb və gələnlər əsasən rayonlarda istirahət etməyə üstünlük verirlər. Hökumət ölkəyə daha çox turist cəlb etmək üçün müəyyən təşviqedici addımlar da atıb. Məsələn, viza rejimini sadələşdirib, elektron qeydiyyat sistemi yaradılıb, məlumat bazası genişləndirilib və s. Regional proqramların icrası nəticəsində bölgələrin inkişafı, turizm infrastrukturunun müasirləşdirilməsi də heç şübhəsiz ki, turizmin tərəqqisinə müsbət təsir göstərib. Amma bütün bunlarla yanaşı, ölkəmizdə turizmin inkişafı hələlik arzu ediləndən və potensial imkanlarımızdan aşağıdır. 2017-ci ildə Azərbaycana 2,7 milyon nəfər turist gəlib. Bu il həmin rəqəm yəqin ki, 3 milyondan artıq olacaq. Lakin bu rəqəmi yaxın illərdə ən azı 5-6 milyona çatdırmaq mümkündür. Müqayisə üçün deyim ki, qonşu Gürcüstana yerli əhalinin sayından da artıq - ildə 8-9 milyon turist gəlir. Azərbaycanda turizm sektorunda qiymətlərin qonşu ölkələrlə müqayisədə yüksək, xidmətlərin keyfiyyətinin isə aşağı olması, habelə rəqabət mühitinin formalaşdırılması bu sahədə əsas problemlərdir.
- Sizcə, regionların inkişafı daha çox hansı sektorla bağlıdır?
- Regionların inkişafı özəl sektorun formalaşması və tərəqqisi ilə bilavasitə bağlıdır. Əgər biz rayonların iqtisadiyyatının inkişafını, məşğulluq probleminin həllini, yeni iş yerlərinin yaradılmasını istəyiriksə, bu məsələlərin həlli birbaşa sahibkarlığın inkişaf ilə düz mütənasibdir. Yəni, özəl sektor nə qədər inkişaf etsə, bir o qədər də yeni sahibkarlıq müəssisələri yaranacaq, iş yerləri açılacaq, məhsul və xidmətlərin həcmi artacaq və s. Məsələ ondadır ki, sahibkarlığın inkişafına respublikada yalnız mənfəət, biznes fəaliyyəti kimi baxılmır, həmçinin özəl sektorun fəaliyyəti iqtisadi artımın əsası, sosial-iqtisadi inkişafın sosial amili və yeni iş yerlərinin təşkili, həm də əhalinin məskunlaşmasının nəticəsi kimi qiymətləndirilir.
Aydın məsələdir ki, ərzaq təhlükəsizliyi problemlərinin həlli, işsizliyin azaldılması, yoxsulluğun aradan qaldırılması kimi məsələlərin həlli rayonların tərəqqisindən asılıdır. Regionların sosial-iqtisadi inkişafı isə bölgələrdə qeyri-neft sektorunda sahibkarlığın, özəl sektorun tərəqqisi hesabına mümkündür. Belə ki, sahibkarlar rayonlarda sərmayə yatırmaqla istehsal və xidmət müəssisələri yaradır, yeni iş yerləri açır, məşğulluq, rəqabət qabiliyyətli məhsulların buraxılması, əhaliyə yüksək xidmətlərin göstərilməsi, dövlət büdcəsinə vergilərin ödənilməsi və s. bu kimi mühüm əhəmiyyət daşıyan məsələlərin həllini öz üzərinə götürür.
- Regionlarda sahibkarlığın inkişafına daha çox ehtiyac olan və mühüm dövlət dəstəyi nə ola bilər?
- Dövlət müxtəlif vasitələrlə regionlarda sahibkarlığın inkişafına dəstək verir, onu stimullaşdırır. Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı bu baxımdan çox əhəmiyyətlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nə əsasən ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində islahatlar aparılır. Strateji Yol Xəritəsinə əsasən, 2025-ci ilədək Azərbaycanda müasir texnologiyalara, bazarlara və maliyyə vəsaitlərinə bərabər çıxış imkanları təmin edən rəqabət mühiti yaradılacaq.
Müsbət haldır ki, dövlət büdcəsinin hesabına maliyyələşdirilən İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) vasitəsilə hər il regionlarda sahibkarların layihələrinə güzəştli şərtlərlə kredit ayrılır ki, bu da sahibkarlığa dövlət dəstəyinin ən səmərəli formalarından biridir. SKMF-nun vəsaitləri hesabına verilən güzəştli kreditlər dövlət başçısının fərman və sərəncamlarında, dövlət proqramlarında müəyyən edilmiş, ölkənin sosia-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğun olaraq qeyri-neft sektorunun və regionların tarazlı inkişafı, sahibkarlığın dəstəklənməsi, yoxsulluğun azaldılması ilə bilavasitə əlaqəli olan sahələrdə iqtisadi inkişafın təmin edilməsinə yönəldilir.
- Kreditlər əsasən hansı sahələrə və layihələrə ayrılır? Bu layihələrdən gözləntilər nədən ibarətdir?
- Təkcə 2017-ci ildə SKMF tərəfindən sahibkarların 1953 layihəsinə 146 milyon manat güzəştli kredit ayrılıb. Nəticədə həmin layihələr çərçivəsində 6591 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Müxtəlif sənaye, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, turizm, xidmət sahələrinin inkişafı ilə bağlı layihələr maliyyələşdirilib. 2017-ci ildə SKMF fondu tərəfindən kredit ayrılmış 1953 layihədən 1875-i və ya 96%-i kiçik həcmli, 41-i və ya 2,1% orta həcmli, 37-si isə və ya 1,9%-i isə böyük həcmli layihələrdir.
2018-ci ildə fond tərəfindən sahibkarlıq subyektlərinə 170 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. Həmin kreditlər rayonlarda aqroparkların, ətlik və südlük istiqamətli cins heyvandarlıq komplekslərinin, logistik mərkəzlərin, meyvə-tərəvəz emalı müəssisələrinin, intensiv bağçılıq və tingçilik təsərrüfatlarının, idxaləvəzləyici məhsulların istehsalı və emalı müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. 2018-ci ilin əvvəlindən Fond tərəfindən geri qaytarılmış vəsaitlər hesabına 5,3 milyon manat güzəştli kredit verilib, bu layihələr hesabına 350-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin əsas hədəfləri regionlarda aqrar sektorun innovativ meyarlara uyğun qurulması, o cümlədən aqroparkların yaradılmasıdır. Ölkənin 28 rayonu üzrə 183 min hektar ərazidə 43 aqroparkın yaradılması işləri sürətlə davam etdirilir. 3 aqroparkda birinci mərhələ üzrə işlər başa çatdırılıb, 25 aqroparkda tikinti-quraşdırma, 15 aqroparkda isə layihələndirmə işləri aparılır. 2018-ci ildə 15 aqropark istifadəyə veriləcək. Ümumi dəyəri 386 milyon manat olan 15 aqroparkın yaradılmasına 103,6 milyon manat güzəştli kredit verilib. Aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin təmin olunmasına, emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və maya dəyəri aşağı olan xammalla təmin olunmasına, yerli məhsulların rəqabətqabiliyyətliliyinin daha da artmasına imkan verəcək. Məsələn, təkcə Qazax rayonunda hazırda 850 hektar ərazidə kartofçuluq üzrə aqropark yaradılır.
Bütün yuxarıda qeyd olunanlar regionlarda sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaradılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə və həyat səviyyəsinin yüksəlməsinə, məhsul və xidmətlər istehsalının artımına hədəflənmiş tədbirlərdir.
Yazı Azərbaycan Respublukiası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilmişdir.
"Olaylar" İA, 18 iyul 2018-ci il.