Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Yay fəslində su ilə bağlı problemlərin qarşısı alınacaq”

  • Oxunub 863 dəfə

 Professor Tərbiz Əliyev: “Bazarlarda qiymətlər əhalinin xeyrinə tənzimlənəcək”

  2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə geniş vüsət alan yenidənqurma tədbirləri meliorasiya və irriqasiya sahəsində də özünü göstərməkdədir. Son 15 ildə bu sahədə də böyük işlər görülüb, uğurlar əldə edilib. Bu illər ərzində ölkəmizdə Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları tikilib, 100 min hektardan çox suvarılmayan torpaqlara su xətləri, kanallar çəkilib ki, bu da nəticə etibarı ilə fermerlərə, sahibkarlara əlverişli şərait yaratmaqla yanaşı, kənd təsərrüfatının inkişafına da öz təsirlərini göstərib.

 Statistikaya əsasən, meliorasiya və su təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğı nəticəsində bu sahəyə ayrılan investisiya vəsaitinin həcmi 20 dəfə, istismar xərclərinə ayrılan vəsait 6 dəfəyə qədər, sistem üzrə işçilərin əməkhaqqı isə 7,4 dəfə artıb. Bu istiqamətdə həyata keçirilən növbəti uğurlu layihə ötən gün İmişlidə Araz çayının yeni qol-kanalının istifadəyə verilməsi ilə reallaşdı.

 AMEA İqtisadiyyat İnstitutunun “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin müdiri, i.e.d., professor Tərbiz Əliyev Səs İnformasiya Agentliyinə bildirib ki, su olan yerdə hər zaman inkişaf var: “Kanalın açılması məhsuldarlığı artıracaq, məhsuldarlıq növbəlilik məsələsinin həll edilməsi, eləcə də əhalinin gündəlik su tələbatı ilə bağlı problemləri həll olunacaq.

İndiyədək həmin ərazidə yerləşən ətraf rayonların çoxu, xüsusilə də fermerlər yay fəslində sudan əziyyət çəkirdilər. Bunun qarşısının alınması istiqamətində mühüm layihə həyata keçirildi. Lakin burada maraqlı məqam layihənin reallaşmasında ən müasir texnikalardan istifadə edilməsidir. Burada ən müasir suvarma sistemləri üçün vacib olan tikinti materialları, kanal üçün zəruri olan çöküntü saxlamayan drenaj hissələrindən istifadə olunub ki, bu da suyun itkisiz gedərək, son məhsula çatmasına müsbət səbəb olur ”.

Professor qeyd edib ki, layihənin iqtisadi əhəmiyyəti ilə yanaşı sosial əhəmiyyəti də var: “ Belə ki, insanlar sudan istifadə zamanı qənaət sisteminə riayət etməlidir. Quraqlıqda suya azaldığı təqdirdə, Araz çayının yeni qol-kanalında da suyun azalacağı təbiidir.

Uzun müddətli yağışlar nəticəsində Araz daşdıqda orada da suyun miqdarı çoxalacaq. Bunun tənzimləmək üçün xüsusi qurğular tikilib ki, bunun özü də müsbətdir.Amma burada vətəndaşlar da məsuliyyətli olmalıdırlar. Bu gün torpaqlarımızın hamısı ayrı-ayrı fermerlərin, sahibkarların mülkiyyətindədir. Kanal vasitəsilə onların suya olan tələbatı birbaşa ödəniləcək.

Mal-qaranın saxlanması, tənəkçilik, üzümçülük, taxılçılıq, kartofçuluq sahəsində suya tələbat çox olduğundan onların su ilə təmin olması bu sahələrdə məhsuldarlığın artmasına səbəb olacaq. Keyfiyyətli məhsul çoxluğu bazarlarda qiymətlərin əhalinin xeyrinə tənzimlənməsinə öz müsbət təsirini göstərəcək”.