Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

«İqtisadiyyatımız milyonlarla əlavə vəsaitlər qazanacaq»

  • Oxunub 1633 dəfə

 Aqil Əsədov: « 2003-cü ildən həyata keçirilən regional inkişaf proqramları Azərbaycan dövlətinin daxili iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib”

 Azərbaycanda «Bakı-2015» Avropa Oyunlarına hazırlıq prosesi davam edir. Artıq Avropa Oyunları ilə bağlı ayrı-ayrı sahələrdə müəyyən islahatlara da başlanıb. Müsahibimiz - AMEA İqtisadiyyat İnstitutunun “Xidmət sahələrinin inkişafı problemləri” şöbəsinin müdiri Aqil Əsədovla bu mövzu ətrafında söhbətləşmişik.


- “Bakı 2015” Avropa Oyunları Azərbaycan iqtisadiyyatına nə qazandıracaq?
- İlk növbədə I Avropa Oyunları ölkəmizin dünyaya tanıdılmasında mühüm rol oynayacaq. Təbii ki, oyunların Azərbaycanda keçirilməsi turizmin inkişafına öz müsbət təsirlərini göstərəcək. Ölkəyə müəyyən valyuta axını gözləniləndir və s. Yəni konkret olaraq, turizmin inkişafına, ölkəmizin turizm imkanlarının, turizm cəlbediciliyinin tanıdılmasına müsbət təsir göstərəcək. I Avropa Oyunlarının Bakı ilə yanaşı, müxtəlif regionları da əhatə etməsi bu baxımdan olduqca önəmlidir. Digər tərəfdən, hər bir turist canlı reklamçı və ya anti-reklamçıdır ki, bu da ölkəmizin gələcək inkişafı baxımından çox önəmlidir. Təqribi hesablamalara görə, hər bir nəfər turist kimi getdiyi məkan haqqında təəssüratlarını 2000-ə yaxın insanla birbaşa və ya digər insanların vasitəsilə bölüşür. Nəticədə, bir nəfər 2000 nəfəri ölkəyə gətirə də bilər və ya əksinə. Bundan başqa, oyunlar zamanı, oyunların keçirildiyi ərazilərdə müxtəlif sərgilər də olacaq ki, bu da olduqca önəmlidir. Yəni sərgilərdə biz öz tariximizi, kimliyimizi, mədəniyyətimizi və s. nümayiş etdirə biləcəyik. Bütün bunlarla yanaşı, mənə elə gəlir ki, I Avropa Oyunlarını iqtisadi baxımdan qiymətləndirdikdə yalnız oyunlar keçirilən zaman əldə edilən gəlirləri nəzərdə tutmaq və bunun əsasında da fikir söyləmək düzgün olmazdı. Bu oyunlar həm cari, həm də uzunmüddətli gəlirlər vəd edir. Əvvəla, oyunlar keçirilən zaman müəyyən sahibkarlar oyunlardan faydalanacaq. I Avropa Oyunları zamanı, xüsusilə iqtisadiyyatın ayrı-ayrı xidmət, nəqliyyat, bank sektorlarının daha çox faydalanmaq imkanları olacaq. Digər tərəfdən, qeyd edildiyi kimi, ölkəyə minlərlə turistin gələcəyi gözlənilir ki, bu da iqtisadiyyata əlavə vəsaitlərin yönəlməsinə imkan yaradacaq. Nəzərə alsaq ki, bir turistin həftəlik xərci, təqribən 1000 dollar üstündədir və I Avropa Oyunları iki həftə ərzində keçiriləcəkdir, onda hər bir turistin orta hesabla ölkədə 2000 dollar xərcləyəcəyini ehtimal edə bilərik. Bu isə iqtisadiyyata, onun ayrı-ayrı sahələrinə milyonlarla əlavə vəsaitlər qazandıracaq. Digər tərəfdən, burada bilet satışı var, oyunların yayımlanması məsələsi var, reklam məsələləri var və s. bütün bunlar müəyyən vəsaitlərin əldə olunmasına imkan verəcək. Eyni zamanda, qeyd edilənlər I Avropa Oyunlarından carı gözləntilərdir. Bu oyunlar isə ölkə iqtisadiyyatı üçün həm də strateji maraqlar kəsb edir. Belə ki, hazırda ölkəmizdə istənilən beynəlxalq yarışların keçirilməsi üçün, dünya standartlarına uyğun, müasir bir baza formalaşdırılıb. Bu isə gələcəkdə də beynəlxalq yarışlara ev sahibliyi etmək imkanı yaradacaq. Təbii ki, bu gün formalaşdırılan bazanı kiçik xərclə hazır vəziyyətə gətirmək mümkün olacaq ki, bu da gələcəkdə keçiriləcək yarışlardan daha çox gəlirlər əldə etməyə imkan yaradacaq. Artıq 2017-ci ildə İslam Ölkələri Həmrəylik Oyunlarının Bakıda keçiriləcəyi haqqında qərar qəbul edilib və təbii ki, bu sonuncu olmayacaq.
- Bu tədbirlə bağlı paytaxtda həyata keçirilən yenidənqurma işlərini necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, son illər nəinki paytaxtda, eləcə də bütün regionlarda genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, regionlarımız abadlaşır, inkişaf edir. Təbii ki, bütün bunlar paytaxtda daha çox nəzərə çarpır. Artıq Bakı Avropanın, dünyanın ən inkişaf etmiş, ən zəngin və gözəl şəhərləri ilə müqayisə olunur. I Avropa Oyunları ilə bağlı həyata keçirilən işlərin bir az da sürətləndirilməsi, genişləndirilməsi təbiidir. Ona görə ki, oyunlarda Avropanın 50-dən çox ölkəsi iştirak edəcək. Olduqca mötəbər bir beynəlxalq yarış ərəfəsindəyik və digər tədbirlərdə olduğu kimi, I Avropa Oyunlarını da uğurla keçirmək üçün ölkəmizdə hər bir şərait yaradılıb. Bir zamanlar, ölkə başçısı ayrı-ayrı iş adamlarını, icra başçılarını dünyanın inkişaf etmiş ölkələrinə, okeanın o tayına qədər səfərlərə göndərirdi ki, gedin, görün və gəlin burada – Azərbaycanda da yaradın. Artıq bütün bu səfərlər öz bəhrəsini verib və real nümunələr göz önündədir. Hazırda, Bakı şəhəri nəinki I Avropa Oyunlarına, dünya çempionatlarına, daha böyük olimpiya yarışlarına layiqincə ev sahibliyi etməyə qadir inkişaf etmiş gözəl bir şəhərdir.
- Artıq Avropa Oyunları ilə bağlı nəqliyyat sektorunda müəyyən islahatlara start verilib. Belə ki, bəzi marşrut xətləri ləğv olunub, bəzilərinin isə hərəkət qrafiki dəyişdirilib. Sizcə, mövcud nəqliyyat infrastrukturunu Avropa Oyunlarının sərnişin yukünü daşımağa hazır saymaq olarmı?
- Hesab edirəm ki, bu sahədə hər hansı problemlə qarşılaşmaq ehtimalı yoxdur. Buna həm həyata keçirilən infrastruktur layihələri, həm də paralel olaraq, I Avropa Oyunları ilə əlaqədar Nəqliyyat Nazirliyinin həyata keçirdiyi silsilə tədbirlər tam əsas verir. Yəni artıq oyunların keçiriləcəyi ünvanlara konkret yerlərdən xüsusi avtobuslar ayrılıb, oyunlarla bağlı, sizin də qeyd etdiyiniz kimi, marşrut sxemlərinə yenidən baxılıb, müəyyən təkmilləşdirmələr aparılıbdır. Bütün bunlar I Avropa Oyunları zamanı hər hansı nəqliyyat probleminin yaranmaması üçün kifayətdir. Eyni zamanda hələ oyunların başlanmasına bir aya yaxın vaxt qalır. Təbii ki, bu müddətdə də zəruri olan hər bir addım atılacaqdır ki, ölkəmiz I Avropa Oyunlarına ev sahibliyinin vəd etdiyi siyasi, iqtisadi və strateji dividendlərdən maksimum şəkildə yararlansın.
- Avropa Oyunları üzrə bəzi yarışlar Bakı ilə yanaşı, Mingəçevirdə də keçiriləcək. Bu tədbirlə bağlı bölgələrdə görülən işləri necə qiymətləndirirsiniz?
- Hələ 2003-cü ildən həyata keçirilən regional inkişaf proqramları Azərbaycan dövlətinin daxili iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Məhz həmin dövrdən başlayaraq ölkəmizdə ayrı-ayrı regionların inkişafı istiqamətində irimiqyaslı layihə və tədbirlər həyata keçirilməkdədir. O cümlədən, Mingəçevir şəhəri də bu tədbirlərdən kənarda qalmayıb və şəhərin infrastruktur sisteminin müasir tələblərə uyğun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Bütün bunların nəticəsində bu gün Mingəçevir şəhəri də, ölkəmizin əksər regionları kimi, bu və ya digər mötəbər yarışlara ev sahibliyi etməyə tam hazırdır. Eyni zamanda bir məsələni də qeyd etmək istərdim ki, gələcəkdə belə yarışların regionlararası paylanması, daha çox regionu əhatə etməsi olduqca mühüm əhəmiyyətə malikdir. Belə ki, bu həm regional inkişaf baxımından, həm də ağırlıq mərkəzinin paytaxtdan regionlara doğru dəyişməsi baxımından əlverişli hesab olunur.
- Avropa Oyunları zamanı Azərbaycana turist axınının olacağı proqnozlaşdırılır. Sizcə, Azərbaycanın turizm sektorunu bu axını qəbul etməyə hazır saymaq olarmı?
- Turizm sektoru insanlarla birbaşa ünsiyyətdə olan, əlaqəli olan bir sahədir. Bu sahənin inkişafında insanların zövq və tələbatında müşahidə edilən dəyişikliklər olduqca ciddi təsirə malikdir. Belə ki, bu günün turisti üçün yaxşı, keyfiyyətli olan turizm xidməti sabah gələcək turist üçün yetərli deyil. Turizm müəssisəsi, turizm xidmətləri daim turistlərin zövq və tələbatlarına uyğun təkmilləşməlidir. Nəzərə alsaq ki, turizm xidmətləri, bir çox digər xidmətlər kimi istehlakçı ilə birbaşa ünsiyyət zamanı reallaşır və zövqlər olduqca fərqlidir, bu halda sualınıza birmənalı cavab vermək bir az çətindir. Lakin nəzərə alsaq ki, ölkəmizdə olduqca müasir tələblərə uyğun otellər, istirahət və əyləncə mərkəzləri tikilib istifadəyə verilib, ayrılıqda “Turizm ili” elan edilib, turizmin inkişafı üçün genişmiqyaslı layihələr, proqramlar işlənib hazırlanıb və uğurla reallaşdırılıb, onda turizm sektorunu istənilən turist axınını qarşılamağa hazır saymaq olar. Hər halda, ümumilikdə bu belədir, eyni zamanda, turizm xidmətləri sahəsində mütəmadi təkmilləşdirmələr də zəruridir.

Sevinc Osmanova

“Həftə içi” qəzeti, 12.05.2015-ci il