Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Regionların inkişafı həmişə diqqət mərkəzindədir

  • Oxunub 779 dəfə

 Müstəqil Azərbaycan dövlətinin dinamik inkişafı uğurla davam etdirilir. Bu inkişafda ölkənin regionlarının da xüsusi payı var. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə hazırlanıb təsdiq edilən üç dövlət proqramı son 15 ildə regionların simasını tamam dəyişib. Bölgələrdə aparılan abadlıq və quruculuq işlərindən söhbət açan iqtisad üzrə fəlsəfə doktoru Aqil Eyvazov dedi:

– Böyük uğurla icra edilən infrastruktur layihələri təkcə rayon mərkəzlərinin deyil, həm də kənd və qəsəbələrin abadlaşdırılması, onların su, qaz və elektrik enerjisi ilə təminatı, müasir və geniş yolların çəkilməsi istiqamətində dönüş yaratdı. Bir-birinin ardınca istifadəyə verilən hotellər və turizm mərkəzləri yerli iş adamları ilə yanaşı, xarici investorların da bölgələrə marağını artırdı. Nəticədə regionlara yatırılan sərmayələrin həcmi ilbəil artdı və orada yeni istehsal sahələrinin və sosial obyektlərin tikintisi geniş vüsət aldı. Bütün bunlar yerli istehsalın artırılması, bölgələrdə məhsul bolluğunun yaradılması və əhalinin məşğulluğunun təminatı sahəsində müsbət dəyişikliklərə səbəb oldu.

 Regionların inkişafı bu gün də dövlətimizin başçısı cənab İlham Əliyevin diqqət mərkəzindədir. O, bölgələrə səfərləri zamanı yeni müəssisələrin, yolların, turizm və sosial obyektlərin açılışlarında iştirak edir, Bakıya qayıdandan sonra isə səfərdə olduğu rayonların zəruri infrastruktur layihələri ilə bağlı sərəncamlar imzalayır.

 Ölkə Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Lənkəran, Astara və Lerik rayonlarına səfərləri çərçivəsində bir sıra obyektlərin – Lənkəran Olimpiya İdman Kompleksinin, İstisu və Sağlamlıq Mərkəzinin, “Lənkəran-2” yarımstansiyasının, “Azərxalça” ASC-nin Lənkəran filialının, Hirkan-Daştatürk-Biləsər avtomobil yolunun, Astara dənizkənarı park-bulvar kompleksinin, Lerik rayonunda Bayraq Muzeyinin və elektrik stansiyasının, Piran-Hamarat-Vijaker avtomobil yolunun, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən körpələr evi-uşaq bağçasının və digər obyektlərin açılışlarını etdilər.

 Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı zamanı çıxış edən dövlətimizin başçısı son illərdə regionların inkişafı sahəsində, o cümlədən ölkəmizin cənub bölgəsində əldə edilən uğurlardan geniş söhbət açmış, qarşıdakı illərdə görüləcək işlərdən danışmışdır. Çıxışının sonunda möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: “Gələn ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul ediləcək. Qalan bütün məsələlər o proqramda öz əksini tapacaq. Bilirəm ki, binaların dam örtükləri ilə bağlı problemlər var, biz onları həll edəcəyik. Proqramımızda hələ kənd yollarının çəkilişi, məktəblərin tikintisi var. Biz bütün bunları həll edəcəyik ki, Lənkəran rayonunda bir dənə də olsun problem qalmasın”.


“Xalq qəzeti”,

23 oktyabr 2018-ci il