“Müsabiqənin qaliblərinin təntənəli surətdə mükafatlandırılması mənə sözlə ifadə edə bilmədiyim hissləri yaşatdı”
- Oxunub 1029 dəfə
AMEA İqtisadiyyat İnstitutunun “Xidmət sahələrinin inkişafı problemləri” şöbəsinin müdiri vəzifəsinı icra edən, gənc iqtisadçılar arasında İqtisadiyyat İnstitutunun 60 illiyinə həsr olunmuş elmi məqalə müsabiqəsinin qalibi, i.f.d., Leyli Allahverdiyevanın economics.com.az saytına müsahibəsi
- Leyli xanım, ilk növbədə sizi “Xidmət sahələrinin inkişafı problemləri” şöbəsinin müdiri vəzifəsini icra edən təyin olunmağınız münasibətilə təbrik edirəm. Xeyirli olsun!
- Təşəkkür edirəm, çox sağ olun.
- Məncə üzərinizə çox məsuliyyətli iş götürmüsünüz...
- Bəli, üzərimə, həqiqətən də, məsuliyyətli bir işi götürdüm. Bundan əvvəl ancaq öz gördüyüm işlərə cavabdeh olmuşamsa, hazırda şöbədə görülən əksər işlərə görə məsuliyyət daşıyıram. Lakin mən işimi sevən insanam, sözün açığı, işin həcminin çox olmasından və məsuliyyətdən heç vaxt çəkinməmişəm. Əksinə, üzərimə götürdüyüm istənilən işə hər zaman məsuliyyətlə yanaşmışam.
- Eyni zamanda siz NBCBank-ın baş sponsorluğu və “Nicos” kosmetika şirkətinin sponsorluğu ilə keçirilmiş elmi məqalə müsabiqəsinin qalibisiniz. Bu sizin ilk “birinci yerinizdi”, yoxsa həyat fəaliyyətinizdə hər hansı müsabiqələrdə birinci yeri artıq “dadmışdınız”?
- Bəli, bu mənim böyük həvəslə qatıldığım və birinci yeri qazandığım ilk müsabiqədir.
- Müsabiqədə “Dövlətin iqtisadiyyata modelyaradıcı müdaxiləsi və turizmin inkişafı” adlı məqalənizlə iştirak etmisiniz. “Dövlətin modelyaradıcı müdaxiləsi” deyəndə, siz nəyi nəzərdə tutursunuz?
- Məlumdur ki, dövlət iqtisadiyyata müdaxilə edir. Bu müdaxilənin elə formaları mövcuddur ki, iqtisadi modellər bu müdaxilələrin səviyyələrinə görə fərqlənir. Bu cür formalardan biri – xarici ticarətin dövlət tənzimlənməsidir. Dövlət daxili bazarı qorumaq məqsədilə idxala qoyduğu məhdudiyyətləri artırır. Beləliklə də, xarici ticarətin və bunun nəticəsi olaraq bütövlükdə iqtisadi sisteminin liberallıq səviyyəsi aşağı düşür.
Həmçinin, onu da qeyd etmək lazımdır ki, dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilə formaları ikiqütblüdür. Dövlət xarici ticarətə müdaxilə səviyyəsini aşağı saldıqda idxalın sərbəstliyinə, artırdıqda isə - daxili bazarın qorunmasına nail olur. Daxili bazarın qorunması gücləndirildikcə, idxalın sərbəstliyi azalır. Və əksinə.
- Məqalədə liberallaşmanın turizmə müsbət təsirindən danışılır. Necə düşünürsünüz, turizm sahəsində liberallaşma hansı istiqamətlərdə aparılmalıdır?
- Məqalədə dövlətin iqtisadiyyata modelyaradıcı müdaxiləsinin turizmə təsiri təhlil olunub. Aldığım nəticələr onu göstərir ki, iqtisadiyyatın, xüsusilə də xarici ticarətin liberallaşdırılması - tariflərin aşağı salınması, qeyri-tarif ticarət baryerlərinin, xarici mülkiyyətə və investisiyalara qoyulan məhdudiyyətlərin aradan qaldırılması, xaricilərin ölkəyə gəlib-getmə sərbəstliyinin artırılması və s. turizm göstəricilərinə müsbət təsir göstərir. Lakin bu cür tədbirlərin görülməsi turizmin inkişafının zəruri şərti olsa da, kafi şərti deyil. Bu o deməkdir ki, həm bütövlükdə iqtisadiyyatın, həm də xarici ticarətin liberallaşdırılması turizmin inkişafını digər təsiredici amillərin nəzərə alınması şərtilə təmin edə bilər. Bütövlükdə turizm sahəsinin liberallıq səviyyəsini müəyyən etmək üçün, turizmin liberallıq səviyyəsinin həm sahənin, həm də ölkə iqtisadiyyatının inkişafına necə təsir etdiyini göstərmək üçün ayrıca bir tədqiqatın aparılması tələb olunur. Bunun üçün isə, ilk növbədə, turizm sahəsinin liberallıq-dirijistlik səviyyəsini müəyyən etməyə imkan verən bütün göstəricilər müəyyənləşdirilməlidir. Məsələn, turizm müəssisələrinin lisenziyalaşdırma prosesinin çətinliyi, müəssisələrin vergi yükü və s.
- Dünyanın müxtəlif ölkələrinin və Azərbaycanın tanınmış alimləri qarşısında təntənəli surətdə diplom və mükafatla təltif olundunuz. Bu anları yaşamaq çox az insanlara nəsib olur. Bəs bundan sonrakı planlarınız nədən ibarətdir?
- Müsabiqənin qaliblərinin bü cür təntənəli surətdə elan edilməsi və mükafatlandırılması, həqiqətən də, mənə sözlə ifadə edə bilmədiyim hissləri yaşatdı. Buna görə də institutumuzun rəhbərliyinə, müsabiqə komissiyasının üzvlərinə dərin minnətdarlığımı bildirirəm. Bundan sonrakı planlarıma gəldikdə isə məqsədim daim öz üzərimdə işləmək, tədqiqatları davam etdirmək və yeni nailiyyətləri əldə etməkdir.
- Sevincinizi və kədərinizi həyatda ən çox kiminlə paylaşmağı xoşlayırsıniz?
- Ailəmin bütün üzvləri mənə iş fəaliyyətimdə hər zaman mənəvi dəstək olurlar. Buna görə onlara təşəkkür etmək istəyirəm. Buna baxmayaraq, işimlə bağlı sevincimi, ilk növbədə, atamla bölüşürəm. Bu, atamın həm mənə ruhən yaxın, həm də onun alim olduğundan irəli gəlir. Atam tibb elmləri doktoru, professordur. Əslində, müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsilə informasiyanın eyni vaxtda bir neçə istiqamətdə yayılması mümkündür. Anam da, həyat yoldaşım da, bacım da, həyatımda baş verən yeniliklərlə demək olar ki, eyni vaxtda məlumatlandırılmış olurlar.
- Sizə gələcək elmi fəaliyyətinizdə uğurlar arzu edirik! Maraqlı müsahibəyə görə çox sağ olun.
Müsahibəni qələmə aldı Mətanət Abdalova