Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“İnsanda inam hissi olmasa heç bir naliyyət əldə edə bilməz”

  • Oxunub 2204 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsinin elmi işçisi, gənc iqtisadçılar arasında İqtisadiyyat İnstitutunun 60 illiyinə həsr olunmuş elmi məqalə müsabiqəsində 3-cü yerin qalibi Ceyhun Hüseynovun economics.com.az saytına müsahibəsi

- Siz AMEA İqtisadiyyat İnstitutunun ən gənc əməkdaşlarından birisiniz. Yeri gəlmişkən, neçə yaşınız var?

- 28 yaşım var.

- Bu gənc yaşınıza baxmayaraq, NBCBank-ın baş sponsorluğu və “Nicos” kosmetika şirkətinin sponsorluğu ilə keçirilmiş elmi məqalə müsabiqəsinin qaliblərindən birisiniz. Qalib olacağınıza inanırdınızmı?

- Məncə, insanda inam hissi olmazsa heç bir nailyyət əldə edə bilməz. Bu nöqteyi nəzərdən, qalib olacağıma inanırdım.

- İqtisadiyyat İnstitutunun 60 illik yubileyinə həsr olunmuş təntənəli tədbirdə, coxsaylı tanınmış alimlərin qarşısında adınızın qaliblər siyahısında çəkilməsi sizə hansı hissləri yaşatdı?

- O hissləri sözlə ifadə eləmək çox çətindir. Xüsusi olaraq AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubileyində qalib elan olunduğumuz üçün təbii ki, bizə çox böyük fərəh hissi keçirdik.

- Müsabiqədə “Minimum əmək haqqı və işsizlik” adlı məqalənizlə iştirak etmisiniz. Azərbaycanda işsizliyin səviyyəsi minimum əmək haqqının səviyyəsinə görə nə dərəcədə elastikdir?

- Apardığımız tədqiqatlara əsasən deyə bilərik ki, işsizliyin səviyyəsi minimum əmək haqqının səviyyəsinə görə nəinki Azərbaycanda, eləcə də bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə də qeyri-elastikdir.

- Necə düşünürsünüz, hansı səbəblərə görə Azərbaycanda minimum əmək haqqı nisbətən aşağıdır?

- Ümumiyyətcə, bildiyimiz kimi “minimum əmək haqqı” dövlətin iqtisadiyyata müdaxilə formalarından biridir. Yəni minimum əmək haqqının artırılması və ya azaldılmasının sadəcə bir səbəbi var o da iqtisadi inkişafı sürətləndirmək üçün dövlətin iqtisadiyyata hansı istiqamətdə (liberal və ya dirijist) müdaxilə etməsidir.

- Minimum əmək haqqı (MƏH) sub-indeksi nəyin əsasında hesablanır?

- MƏH sub-indeksi dövlət tərəfindən müəyyən edilən illik minimum əmək haqqının adambaşına düşən ÜDM-in nisbətinin indeksləşdirilməsi əsasında hesablanır.

- Hazırda hansı istiqamətdə tədqiqatlar aparırsınız?

- Hazırda Azərbaycanda minimum əmək haqqı, biznes mühiti və iqtisadi artım arasında asılılığın ekonometrik qiymətləndirilməsi mövzusunda dissertasiya işimin üzərində işləyirəm.

- Bildiyimə görə, siz eyni zamanda İqtisadiyyat İnstitutunun futbol komandasının üzvüsünüz. Son çempionat nə ilə nəticələndi?

- Oktyabrın 1-dən AMEA Azad Həmkarlar İttifaqının (AHİ) təşkilatçılığı ilə təşkil olunan II Spartakiadanın futbol yarışlarına fəal şəkildə qatıldıq. AMEA İqtisadiyyat İnstitutunun futbol komandası yarımfinala qədər keçirilmiş 4 oyunda qalib gəlmiş, 1 oyunda uduzmuşdu. Yarımfinalda AMEA Rəyasət Heyətinin komandasına 3:1 hesabı ilə məğlub olduq, komandamız 4-cü yeri tutdu.

- Amma çox yaxşı başlamışdınız... Mən çox inanırdım ki, komandamız qalib gələcək. Nə mane oldu?

- Oyunçularımız fərdi olaraq güclü olsalar da, məncə, komanda şəklində oyun zamanı bəzi çatışmazlıqlar olmasından irəli gəlir. İnşallah növbəti çempionata daha yaxşı hazırlaşarıq .

- Ceyhun, sizə həm şəxsi həyatınızda, həm də elmi fəaliyyətinizdə uğurlar arzu edirik!

- Çox sağ olun, təşəkkür edirəm ki, economics.com.az saytında gənclərlə bağlı məsələlərə xüsusi diqqətlə yanaşırsınız.

Müsahibəni qələmə aldı Mətanət Abdalova