Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Burada çalışdığım hər bir gün mənim üçün yeni biliklərə yiyələnmək imkanı deməkdir”

  • Oxunub 1515 dəfə

 Mirvari Qəzənfərli: “Gənc tədqiqatçı üçün yazdığı elmi işin müsbət qiymətləndirilməsi gələcək fəaliyyətinin uğurlu olması üçün stimullaşdırıcı faktordur”

  AMEA İqtisadiyyat İnstitutunun “İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsinin kiçik elmi işçisi, gənc iqtisadçılar arasında İqtisadiyyat İnstitutunun 60 illiyinə həsr olunmuş elmi məqalə müsabiqəsində 3-cü yerin qalibi Mirvari Qəzənfərlinin economics.com.az saytına müsahibəsi

- Mirvari xanım, öncə özünüz haqda qısa da olsa məlumat verməyinizi istərdik.

- Mən 1994-cü ildə Bakıda anadan olmuşam. 2011-ci ildə orta məktəbi bitirərək Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika fakültəsi”nin “Kompüter elmləri” ixtisasına qəbul olmuşam. 2015-ci ildə isə bakalavr pilləsini bitirərək həmin fakültənin “İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı” ixtisası üzrə maqistratura təhsilinə başladım. 2017-ci ilin noyabr ayından etibarən AMEA İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıram.

- İnstitutumuz sizin həyatınızda hansı rolu oynayıb?

- İnstitutumuzun həyatımda çox böyük rolu var, xüsusən də elmi fəaliyyətimdə dəyişiklikər hiss edirəm. Qeyd etmək istərdim ki, calışdığım 1 il ərzində gənc tədqiqatçı kimi maraqlı mövzular üzərində işləyirəm, İqtisadiyyat İnstitutunun alimlərinin zəngin təcrübəsindən yararlanıram. Bu sahədə həm şöbə müdirim, həm də elmi rəhbərim olan professor Akif Musayevin rolu əvəzsizdir. Burada çalışdığım hər bir dəqiqə mənim üçün yeni biliklərə yiyələnmək, elm öyrənmək üçün imkan deməkdir. Mən hər gün burada yeni nə isə öyrənirəm və bu məni çox sevindirir. Digər tərəfdən düşünürəm ki, institutumuzun direktoru, professor Nazim Müzəffərlinin gənclərin gələcəyin alimi kimi yetişməsində, onların inkişaf etməsində yatardığı şəraitin, daim onları dəstəkləməsinin əhəmiyyətli dərəcədə rolu vardır. Bütün bunlara görə onlara dərin təşəkkürümü bildirirəm.

- Hansı mövzuda dissertasiya işi yazmaq istərdiniz?

- Hələ disertant kimi rəsmi təsdiq almadığımdan dissertasiya işinin mövzusunu deqiqləşdirməmişik.

- Sizə təklif olunan dissertasiya mövzuları başqa, birdə məhz özünüzün arzu etdiyiniz dissertasiya mövzusu varmı?

- Bakalavr və maqistr pillələri üzrə təhsil alarkən qeyri-səlis nəzəriyyə çox diqqətimi çəkirdi. Ən çox bu istiqaməti özümə yaxın görmüşəm. AMEA İqtisadiyyat İnstitutuna gəldikdən sonra tədqiqat apardığım şöbənin işlərinin əsasən bununla bağlı olması məni daha çox sevindirir. Düşünürəm ki, tədqiqatlarımı bu istiqamətdə davam etdirmək mənim üçün çox maraqlı olardı. 

- Gələcəyə yönəlik hansı planları qurmusunuz? Bu barədə danismanızı istərdik...

- Gələcəyimiz  öz əlimizdədir və buna görə də gözəl gələcək üçün əsas məqsədim daim öz üzərimdə işləmək və inkişaf etməkdir. İlk öncə, qısa zamanda elmi işimi layiqincə müdafiə etmək istərdim. Artıq iki məqaləm xarici ölkələrdə ingilis dilində çap olunub, bu yaxınlarda Polşada  elmi konfransda da məruzə ilə çıxış etmişəm. Hətta həmin məqalə ilə gənc iqtisadçılar arasında İqtisadiyyat İnstitutunun 60 illiyinə həsr olunmuş elmi məqalə müsabiqəsində də iştirak edərək qaliblərdən biri oldum.

- Müsabiqədə qalibiyyətiniz sizdə hansı təəssüratlar yaratdı?

- Müsabiqənin qaliblərindən biri olmaq bir gənc tədqiqatçı kimi mənim həyatımda çox böyük nəaliyyətlərdən biridir. Çünki yeni elmi fəaliyyətə başlayan gənc tədqiqatçı üçün yazdığı elmi işin müsbət qiymətləndirilməsi gələcək fəliyyətinin uğurlu olması üçün stimullaşdırıcı faktordur, insanda böyük həvəs oyadır və motivasiyasını artırır. Bu mənada, qaliblərdən biri olmaq və bunun təntənəli şəkildə elan olunması mənə unudulmaz anlar yaşatdı.

- Müsabiqədə hansı mövzuda məqalə ilə iştirak etmişdiniz?

- Məqaləm “Vergi öhdəliyinin yerinə yetirilmə müddətinin dəyişdirilməsinin vergi daxilolmalarına təsirinin minmax kompozisiya metodu ilə qiymətləndirilməsi” adlanırdı. Bildiyimiz kimi, hər bir ölkənin iqtisadi inkişafında mühüm əhəmiyyətə malik olan və dövlət büdcəsinin formalaşmasında başlıca rol oynayan amillərdən biri vergi siyasəti və onun səmərəli şəkildə təşkil olunmasıdır. Səmərəli vergi siyasətinin təşkili üçün həyata keçirilən islahatlardan biri də vergi öhdəliyinin stimullaşdırılması formalarının tətbiq olunmasıdır.  Bu məqalədə, məhz bu tətbiq formalarından biri, yəni vergi ödəyicisinə müəyyən zərər dəydikdə qanunvericiliklə müəyyən olunmuş güzəştin vergi ödəyicilərinə tətbiqinin qeyri-səlis metodlarla qiymətləndirilməsi məsələsinə baxılmış və alınan nəticələrin dövlət büdcəsinə təsiri araşdırılmışdır. Belə ki, güzəştin tətbiq olunması üçün ən uyğun alternativin (vergi ödəyicisinin) seçilməsi məsələsi qeyri-səlis çoxluq nəzəriyyəsinin bir növü olan çoxkriteriyalı qərar qəbul etmə problemi vasitəsilə ifadə edilərək Minmax kompozisiya metodu ilə qiymətləndirilmişdir. Alınan nəticələr olduqca effektivdir. Belə ki, ən uyğun ödəyiciyə güzəştin tətbiq olunması dövlət büdcəsinin itkisini və riskləri azaldır.

- Sizi, bir daha müsabiqənin qalibləri sırasında olduğunuz üçün səmimi qəlbdən təbrik edirik, yaxın gələcəkdə gənc tədqiqatçı kimi daha böyük nəaliyyətlər əldə etmənizi diləyirik.

- Çox sağ olun, təşəkkür edirəm.

Müsahibəni qələmə aldı: Fatma Fərəcova