Prezidentin Fərmanının icrası dövlət-özəl sektor münasibətlərinin və biznes mühitinin inkişafında əhəmiyyətli rol oynayacaq
- Oxunub 746 dəfə
Fevralın 25-də Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə dövlət başçısı əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində çox ciddi qərarların qəbul olunacağı anonsunu verdi. Bundan sonra isə, ölkə başçısının müvafiq fərman və sərəncamları ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, minimum əməkhaqqının, əmək pensiyalarının, bir sıra sosial müavinətlərin artırılmasının şahidi olduq. Bu tədbirlərin davamı olaraq, xarici valyutada kredit götürən vətəndaşlarımızı, onların ailə üzvlərini ciddi narahat edən problemli kreditlərlə bağlı dövlət başçısının fevralın 28-də imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı 2015-ci ildən bəri ən çox gözlənilən qərarlardan biri idi.
Bu sözləri AZƏRTAC-a AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Aqil Eyvazov deyib.
Ekspert bildirib ki, ölkə başçısı atdığı bu humanist addımı ilə son iki ildə vətəndaşları ciddi şəkildə narahat edən problemli kreditlər məsələsinə birdəfəlik aydınlıq gətirdi: “Son iki ildə manatın məzənnəsinin ABŞ dolları və avro qarşısında zəifləməsi fonunda banklardan xarici valyutada kredit götürən vətəndaşlarımız kreditlərin ödənilməsi ilə bağlı kifayət qədər ciddi problemlərlə üzləşmişdi. Bütün bunlar əhalinin yaşayış səviyyəsinə, eləcə də, bank sektorunun, işgüzar münasibətlərin inkişafına öz mənfi təsirini göstərmişdi. Fərmanda böyük məbləğdə dövlət vəsaiti hesabına, əsasən vətəndaşlarımızın, eyni zamanda, kredit təşkilatlarının da maraqlarının, hər iki tərəfin qarşılaşdıqları problemlərin həllinin təmin olunması üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Onu da vurğulamaq lazımdır ki, vətəndaşların devalvasiya nəticəsində əlavə ödəmiş olduğu vəsaitlərin geri qaytarılması sayəsində (700 milyon manat) onların əlində müəyyən məbləğdə vəsait formalaşacaq ki, bu pul kütləsinin istehlak ehtiyaclarının ödənilməsi və ya sərmayə şəklində dövriyyəyə daxil olması mal dövriyyəsinin, iqtisadi aktivliyin artmasına səbəb olacaq. Ölkədə sistemli şəkildə aparılan islahatların davamı olan bu mühüm əhəmiyyətli tədbirin icrası həm vətəndaşlarımızın sosial rifah halının yaxşılaşmasına, dövlətə inamının artmasına mühüm təsir göstərəcək, eyni zamanda, dövlət-özəl sektor münasibətlərinin və biznes mühitinin inkişafında əhəmiyyətli rol oynayacaq”.