Ölkədə aparılan islahatlar iqtisadi inkişafın yeni mərhələsidir
- Oxunub 1311 dəfə
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər. Bu görüşdə dövlətimizin başçısı ölkədə aparılan iqtisadi islahatlar və onların nəticələrindən geniş bəhs edib. Qeyd etmək istəyirəm ki, islahatların istiqamətinin və hədəflərinin düzgün müəyyənləşdirilməsi, qəbul olunan qərarların uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafını sürətləndirib və əhalinin rifahını yaxşılaşdırıb. Azərbaycanda aparılan islahatlar öz bəhrəsini bu gün də verməkdədir.
Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov AZƏRTAC-a müsahibəsində söyləyib.
O bildirib ki, 2014-cü ildə dünya bazarında neftin qiymətinin kəskin enməsi iqtisadiyyatında neftin üstün çəkiyə malik olduğu ölkələrdə ciddi problemlər yaratdı. Bu, həmçinin Azərbaycan iqtisadiyyatında inkişafın yeni mərhələyə keçməsi üçün ciddi siqnal oldu. Dövlət gələcəkdə belə problemlərin təkrarlanmaması və yaranan təhlükənin minimuma endirilməsi üçün post-neft iqtisadiyyatının quruculuğunun sürətləndirilməsi, biznes mühitinin və investisiya cəlbediciliyinin yaxşılaşdırılması istiqamətində islahatları sürətləndirdi.
2014-cü ilə qədər ölkəyə daxil olan neft gəlirləri iri investisiya layihələrinə, sosial infrastrukturun (təhsil, səhiyyə, idman, mədəniyyət) yenilənməsinə yönəldildi. İnfrastrukturla bağlı problemlər (istilik, elektrik su təchizatı və s.) əsasən həll olundu.
Təsadüfi deyil ki, 2019-cu ilin yanvar ayında əsas kapitala yönələn vəsaitlər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz azalıb. Bu bizə infrastrukturla bağlı respublika əhəmiyyətli problemlərin əsasən həll edildiyini, Azərbaycan dövlətinin sosial sahələrdə islahatların aparılmasına, sosial müdafiə sisteminin gücləndirilməsinə imkan yaratdığını deməyə əsas verir.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Sərəncamı və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanı Azərbaycanda qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı üçün əhəmiyyətli oldu.
Yeri gəlmişkən qeyd edim ki, AMEA İqtisadiyyat İnstitutu ölkə Prezidentinin sərəncam və fərmanlarını əsas götürərək Azərbaycanda post-neft iqtisadiyyatı quruculuğunun sürətləndirilməsi istiqamətində tədqiqatlar aparıb. 2019-2021-ci illərdə isə Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində fundamental və tətbiqi tədqiqatlar aparmağı planlaşdırır.
2019-cu il Azərbaycanda islahatlar ili kimi başladı. Prezidentin sosial problemlərin həllinə və dövlət idarəetməsinin təkmilləşdirilməsinə yönələn sərəncam və fərmanları öz müsbət nəticələrini göstərməkdədir. Belə ki, 2019-cu ilin ilk iki ayında 830 minə yaxın insanın minimum əməkhaqqı 40 faizə qədər, sosial müavinətlər isə orta hesabla 2 dəfə artıb. Ümumilikdə 2019-cu ilin ilk 2 ayında atılan addımlar təqribən 3 milyona yaxın insanı əhatə edir. Hesab edirəm ki, bütün bunlar Azərbaycanın inkişafında yeni bir mərhələnin başlanğıcıdır.