Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Əhalinin sosial rifah halını yaxşılaşdıracaq növbəti addım

  • Oxunub 720 dəfə

 İqtisadçı alim Mahir Zeynalov: "Mayın 1-dən mavi yanacağın qiymətinə tətbiq edilən limitin dəyişdirilməsi haqqında qərar əhalinin xeyrinə atılmış mühüm addımdır"

  Əhalinin istehlak etdiyi mavi yanacağın güzəştli tariflərlə istehlak limiti Tarif Şurasının qərarı ilə dəyişdirilib. Aprelin 30-da bu barədə məlumat verən Tarif Şurasının sədri, iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrə qaldırılıb: "Müvafiq qərar Tarif Şurasının iclasında qəbul edilib. Bu günədək istehlak həcmi 1700 kubmetr olan tarifdən 1,5 milyon abonent və ya 6 milyon nəfər istifadə edirdi. Mövcud qərara əsasən, əlavə olaraq, 300 min abonent (1,2 milyondan çox vətəndaş) istifadə edəcək. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərin xüsusi çəkisi 70 faizdən 85 faizə yüksələcək”. Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qazın limiti ilə bağlı məsələyə yenidən baxılması üçün müvafiq tapşırıqlarını vermişdi. Bundan sonra Tarif Şurası mavi yanacağın güzəştli tariflərlə istehlak limitinin artırılması ilə bağlı qərar qəbil edib.

 Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında iqtisadçı alim Mahir Zeynalov bildirib ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Tarif Şurasının mayın 1-dən mavi yanacağın qiymətinə tətbiq edilən limitin dəyişdirilməsi haqqında qərarı istehlakçıların, xüsusən də əhalinin xeyrinə atılmış mühüm addımdır: "Belə ki, illik qaz sərfiyyatı üzrə limitin 1700 kubmetrdən 2200 kubmetrədək artırılması o deməkdir ki, istehlakçılar bu qədər qazın hər kubmetri üçün 10 qəpik ödəyəcəklər. Əgər il ərzində 170 manatlıq həcmində qazın qiyməti 10 qəpiklə ödənirdisə, mayın 1-dən 50 manat da artırılaraq bu rəqəm 220 manata yüksəldildi. 2018-ci ildə əhalinin 70,24 faizi ildə 1700 kubmetrə qədər, 29,76 faizi isə 1700 kubmetrdən çox qaz istehlak edib. Son dəyişiklikdən sonra güzəştli limitdən istifadə edən vətəndaşların sayı ümumi istehlakçıların 85 faizini əhatə edəcək”.

M.Zeynalov təkliflə çıxış edərək bildirdi ki, dağlıq və dağətəyi rayonlarda, kənd yerlərində qaz limitinin illik 3000 kubmetrədək artırılması və yaxud ləğvi daha məqsədəuyğun olardı: "Çünki dağlıq rayonlarda soyuq günlərin sayı daha çoxdur, əhali limitdən artıq qaz işlətməmək üçün meşələri, həyətlərindəki ağacları qırıb odun kimi istifadə edir. Hətta şimal rayonlarında elə kəndlər var ki, mavi yanacaq olsa da, yerli əhalinin yarısı ödəmə qabiliyyəti aşağı olduğu üçün qazdan istifadə etmir. Bu baxımdan, regionlar üzrə diferensiallaşdırılmış güzəştli tariflərin tətbiqi həm əhali üçün, həm də regionların inkişafı baxımdan səmərəli ola bilər.

 Nəzərə alsaq ki, Azərbaycanda hər il qaz hasilatı artır, daxili bazarda artıq müvafiq qaz infrastrukturu formalaşdırılıb, ölkənin 95 faizi qazlaşdırılıb, o zaman limitsiz tariflərlə regionlarda satışın həcmini artırmaqla gəlirləri yüksəltmək olar. Yəni, daxili bazarda mavi yanacağın satışı üzrə istehlakçıları əhatə etmə dairəsini genişləndirməklə, başqa sözlə yüz faizə çatdırmaqla satışdan gələn gəlirləri də artırmaq mümkündür. 2018-ci ildə əhali 3 milyard kubmetrə yaxın təbii qaz istehlak edib. Tarif Şurasının son qərarından - illik qaz sərfiyyatı üzrə limitin 1700 kubmetrdən 2200 kubmetrədək artırılmasından sonra 2019-cu ildə əhali tərəfindən istehlak olunan qazın həcminin artacağını proqnozlaşdırmaq olar. Çünki həm limitdən istifadə edən istehlakçıların sayı, həm də ona müvafiq olaraq mavi yanacaqdan istifadə və qaz sərfiyyatı 15-20 faiz artacaq”.

"Kaspi" qəzeti, 01 may 2019.