Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Neft və qaz hasilatında yeni mərhələ

  • Oxunub 1051 dəfə

 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın sonrakı dövrdə sosial-iqtisadi inkişafının əsasını qoydu və mühüm baza rolunu oynadı. Ölkəmizə böyük investisiyaların cəlb olunmasına, neft sənayesinin dircəldilməsinə, yüz minlərlə yeni iş yerlərinin yaradılmasına, böyük gəlirlərin əldə olunmasına, siyasi sabitliyin bərqərar edilməsinə imkan verdi. Azərbaycan bu müqavilədən sonra özünü müstəqil dövlət və xarici investorlar üçün etibarlı tərəfdaş kimi təsdiq etdi, ölkənin qeyri-neft sektoruna da sərmayə axını üçün zəmin yarandı. 

 Həmin dövrdə ağır sosial-iqtisadi vəziyyətdən çıxmaq, dövlət büdcəsinin gəlirlərini artırmaq, əhalinin sosial durumunu yaxşılaşdırmaq, ordunu gücləndirmək və milli təhlükəsizliyi təmin etmək üçün ölkənin böyük maliyyə vəsaitlərinə ehtiyacı var idi. Belə bir mühüm, dayanıqlı maliyyə mənbəyini isə uğurla həyata keçirilən “Əsrin müqaviləsi” oynadı. 

 O dövrdə dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkətinin iştirak etdiyini nəzərə alsaq, layihənin ölkəmiz üçün əhəmiyyətini təsəvvür etmək olar. Bu saziş imzalandıqdan sonra xarici şirkətlərlə daha 35 saziş bağlandı, strateji əhəmiyyətə malik layihələr həyata keçirildi. Ölkədə neft hasilatı illik 9 milyon tondan hər il davamlı olaraq artırılaraq 2010-cu ildə 51 milyon tona çatdırıldı. Ötən dövrdə dünya bazarlarına 550 milyon tondan artıq Azərbaycan nefti çıxarıldı, “mənfəət nefti”nin satışından iri həcmdə gəlirlər əldə olundu. Dövlət Neft Fondu 2001-ci ilin əvvəlindən 2019-cu il avqustun 1-dək “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi layihəsindən 143,4 milyard dollar gəlir əldə edib. Bu gəlirlər müstəqillik illərində Azərbaycanın sosial-iqtisadi inkişafında əsas və mühüm maliyyə mənbəyi rolunu oynadı, ölkə inkişaf yoluna qədəm qoydu. Bu gün də Dövlət Neft Fondunun gəlirləri dövlət büdcəsinin formalaşmasında, iqtisadiyyata investisiya yatırılmasında, yeni neft-qaz və sosial layihələrin həyata keçirilməsində aparıcı rola malikdir. 

 “Əsrin müqaviləsi” uğurla həyata keçirilməsinin məntiqi davamı olaraq, 2017-ci il sentyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi üzrə Azərbaycan üçün daha sərfəli şərtlərlə yeni müqavilə imzalandı, “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadıldı. Bu isə gələcəyə qoyulmuş investisya, davamlı və dayanıqlı gəlirlər, iqtisadi inkişaf üçün etibarlı zəmin deməkdir. Bu gün Azərbaycan dünyada təkcə neft deyil, həm də Avropanın enerji təchizatında mühüm rola malik qaz ölkəsi kimi də qəbul olunur. İndiyədək “Şahdəniz” yatağından 110 milyard kubmetrdən çox qaz və 27 milyon tona qədər kondensat hasil edilib, Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 8,7 milyard kubmetr, Türkiyəyə 63 milyard kubmetr qaz verilib. Azərbaycanda qaz hasilatının növbəti illərdə ildə 50 milyard kub metrə çatdırılması nəzərdə tutulur. Yaxın vaxtlarda Azərbaycan qazının TANAP və TAP kəmərləri vasitəsilə Yunanıstan və Albaniyadan, Adriatik dənizinin dibindən keçməklə İtaliyaya ixracına başlanılacaq. 

 Bütün bunların əsası məhz 25 il əvvəl “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulub, keçən dövrdə neft-enerji sektoru böyük tərəqqi yolu keçib, ölkəmiz müstəqil enerji siyasəti yürütmək imkanları qazanıb. Bu siyasətin məntiqi davamı olaraq növbəti illərdə də Azərbaycanın neft və qazdan gəlirləri artacaq ki, bu da ölkənin iqtisadiyyatının inkişafına, əhalinin sosial rifanın yüksəlməsinə əhəmiyyətli təsir göstərəcək. Neft strategiyası qeyri-neft sektorunu inkişaf etdirmək, infrastrukturu müasirləşdirmək, iqtisadiyyatı şaxələndirmək, iqtisadiyyatın neft amilindən asılılığını azaltmaq, islahatları dərinləşdirmək, insan kapitalının inkişafına nail olmaq, ən əsası isə iqtisadi müstəqilliyimizi möhkəmləndirmək üçün müstəqil maliyyə mənbəyi kimi dövlətimiz üçün yeni imkanlar açacaq. 

 

Mahir ZEYNALOV, 

AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent

"Xalq qəzeti", 20 sentyabr 2019-cu il