Azərbaycanın xarici borcu azaldılacaq
- Oxunub 566 dəfə
Oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib. Müşavirədə doqquz ayın sosial-iqtisadi göstəriciləri diqqətə çatdırılıb. Dövlət başçısı ötən 9 ay ərzində sosial-iqtisadi sahədə əldə edilən uğurlar barədə danışıb və ayrı-ayrı sahələrlə bağlı müsbət tendensiyanı vurğulayıb. O qeyd edib ki, iqtisadi göstəricilərimiz çox müsbətdir: "Bizim xarici dövlət borcumuz çox aşağı səviyyədədir - ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik. Onu da bildirməliyəm ki, bizdən daha yaxşı nəticəsi olan ölkələrin bəziləri o ölkələrdir ki, onlara, ümumiyyətlə, xaricdən heç bir kredit verilmir. Ona görə də onların yüksək pillədə olması, əlbəttə ki, obyektiv mənzərəni əks etdirmir. Beləliklə, biz dünya miqyasında xarici borcun aşağı səviyyəsinə görə qabaqcıl yerdəyik. Bunu bir daha demək istəyirəm, mən hökumət qarşısında vəzifə qoymuşam ki, biz xarici dövlət borcumuzu ildən-ilə azaldaq və gələn ilin büdcəsində bu, nəzərdə tutulur”.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında iqtisadçı alim Mahir Zeynalov bildirib ki, Azərbaycanın xarici dövlət borcu təxminən 9 milyard dollara yaxındır ki, bu da ölkənin iqtisadi imkanları ilə müqayisədə o qədər də böyük rəqəm deyil, ümumi daxili məhsulun 17 faizi qədərdir: "Xarici borc ümumi daxili məhsulun yarısından çox olanda, bu artıq narahatlıq doğuracaq hal sayılır. Bir çox ölkələrlə müqayisədə bu sahədə Azərbaycanda vəziyyət yaxşıdır. Digər tərəfdən, Azərbaycan ödəmə qabiliyyəti yüksək olan ölkədir, 50 milyard dollara yaxın strateji valyuta ehtiyatlarına malikdir ki, bu da borclardan 5 dəfə artıqdır. Onu da qeyd edim ki, xarici borclarımıza hökumətin birbaşa və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər daxildir. Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir. Hökumət çalışır ki, xarici kreditlərdən az istifadə etsin, borclar azaldılsın”.