Aparılan islahatlar qeyri-formal məşğulluğun səviyyəsinin azaldılmasına müsbət təsir göstərəcək
- Oxunub 1052 dəfə
AMEA İqtisadiyyat İnstitutunun Elmi katibi, Türkdilli Dövlətlərin İqtidsadçıları İctimai Birliyinin sədri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayevanın economics.com.az saytına müsahibəsi
- Rəsmiyyə xanım, ölkəmizdə əhalinin məşğulluğunun təmin olunması ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?
- Hər bir ölkədə məşğulluğun təmin olunması sosial-iqtisadi siyasətin əsas tərkib hissələrindən biridir. Məşğulluq, təkcə işləyən əhalinin deyil, həmçinin işləyənlərin pensiyaya çıxdıqdan sonra sosial vəziyyətinin yaxşılaşdırılmasında da mühüm rol oynayır. Bu, əhalinin sosial təminatının yaxşılaşdırılması ilə bərabər, həm də dövlətin sosial yükünün azaldılması deməkdir. Odur ki, məşğulluq səviyyəsinin yüksəldilməsi ilə bağlı son illərdə ölkəmizdə də bir sıra islahatlar aparılır. Həm bu, həm də Azərbaycan iqtisadiyyatında baş verən müsbət sosial-iqtisadi dəyişikliklər məşğulluğa da öz təsirini göstərmişdir. Belə ki, 2005-ci illə müqayisədə 2018-ci ildə ölkəmizdə iqtisadi fəal əhalinin sayı 17,2% artaraq 4,380 milyon nəfərdən 5,133 milyon nəfərə, iqtisadi fəal əhalinin ümumi sayından məşğul olanların sayı isə 20,0% artaraq 4,062 milyon nəfərdən 4,879 milyon nəfərə çatmışdır. 2005-ci illə müqayisədə 2018-ci ildə iqtisadi fəal əhalinin ümumi sayından məşğul olanların xüsusi çəkisi artmış, işsizlərin xüsusi çəkisi isə azalmış və müvafiq olaraq 95 və 5,% təşkil etmişdir.
Dövlət mülkiyyətinin özəlləşdirilməsi nəticəsində iqtisadiyyatda məşğul olanların mülkiyyət növləri üzrə bölgüsündə də dəyişikliklər baş vermişdir. Əgər 2000-ci ildə iqtisadiyyatda məşğul olanların 34,5%-i dövlət, 65,5%-i qeyri-dövlət sektorunda çalışırdısa, 2018-ci ildə iqtisadiyyatda məşğul olanların 23,7%-i dövlət, 76,3%-i isə qeyri-dövlət sektorunun payına düşmüşdür. Müvafiq ildə təhsil, istirahət, əyləncə və incəsənət, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı kimi sahələrdə dövlət sektorunda, emal, mədənçıxarma sənayesində, tikintidə, turistlərin yerləşdirilməsi və ictimai iaşə, ticarət, nəqliyyat vasitələrinin təmiri kimi sahələrdə isə qeyri-dövlət sektorunda çalışanların xüsusi çəkisi daha yüksək olmuşdur.
- Son illərdə ölkəmizdə qeyri-formal məşğulluqla mübarizə güclənmişdir. Ümumiyyətlə, qeyri-formal məşğulluq nədir və ölkəmizdə qeyri-formal məşğulluqla bağlı vəziyyət necədir?
- “Məşğulluq haqqında” Qanuna görə qeyri-formal məşğulluq - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsidir. Ölkəmizdə qeyri-dövlət sektorunun xüsusi çəkisinin artması ilə yanaşı, bu sektorda qeyri-formal məşğul olanların da sayı yüksəlmişdir. Xüsusilə də, tikinti və xidmət sektorunda “gizli məşğullar”ın sayı daha çoxdur. Qeyd edim ki, tikinti və xidmət sektorunda qeyri-formal məşğulluğun xüsusi çəkisinin yüksək olması təkcə ölkəmiz üçün xarakterik deyil. Dünya Bankının hesablamalarına görə dünyada parəkəndə satış, tikinti və bu kimi bəzi sahələrdə məşğul olanların 80%-ni qeyri-leqal fəaliyyət göstərənlər təşkil edir.
Ümumiyyətlə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının araşdırmalarına görə dünyada 1 milyard 800 milyondan artıq insan qeyri-formal əmək bazarının iştirakçısıdır. Bu isə dünya üzrə iqtisadi fəal əhalinin 50%-indən çoxdur. Qeyri-formal məşğulluğun 93%-i inkişaf etməkdə olan ölkələrin payına düşür.
Ölkəmizdə isə 2018-ci ildə məşğul əhalinin sayı 4879 min nəfər, faktiki sığorta ödəyicilərinin sayı isə 1582 min nəfər olmuşdur. Qanunvericiliyə görə əmək müqaviləsi, xidməti müqavilə ilə çalışanlar, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, torpaq mülkiyyətçiləri daxil olmaqla qanuni əmək və yaxud sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs (ev təsərüfatı subyektləri) məcburi dövlət sosial sığorta ödənişi etməlidir. Deməli, məşğul əhalinin 3297 min nəfəri və ya 67,5%-i qeyri-formal əmək bazarının iştirakçısıdır.
- Qeyri-formal məşğulluğun hansı sosial nəticələri vardır?
- Qeyri-formal məşğullar bir sıra sosial təminat hüquqlardan (işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək, sosial məzuniyyət ala bilmək, pensiya almaq və s.) mərhumdurlar.
Qeyri-formal məşğulluq Dövlət Sosial Müdafiə Fonduna (DSMF) sosial sığorta ayırmalarının azalmasına və dövlətin sosial yükünün artmasına təsir göstərir. Bunun nəticəsidir ki, DSMF hələ də dövlət büdcəsindən ayrılan transfertlərlə fəaliyyət göstərir. Son illərdə Azərbaycanın dövlət büdcəsindən DSMF-ə transfertlərin həcmi artmışdır. 2010-cu illə müqayisədə 2019-cu ildə transfertlərin həcmi 2,8 dəfə yüksəlmişdir. Halbuki, Azərbaycanda 2006-cı ildən “bölüşdürücü” pensiya sistemi “yığım” pensiya sistemi ilə əvəzlənmişdir. Yeni sistem işləyənlərin əmək fəaliyyəti dövründə ödədikləri sosial sığorta haqlarına əsasən pensiya təminatı həyata keçirilməlidir. Odur ki, dövlət büdcəsindən edilən transfertlərin həcmi də ildən-ilə azalmalı idi. Lakin ölkədə qeyri-məşğulluğun xüsusi çəkisinin yüksək olması buna mane olur.
- Əhali arasında qeyri-formal məşğulluğun sosial nəticələri ilə bağlı məlumatlılıq nə vəziyyətdədir?
- Fikrimcə, əhali arasında bu məsələ ilə bağlı ciddi maarifləndirmə işlərinə ehtiyac var. Təəssüflər olsun ki, qeyri-formal məşğulların əksəriyyəti hansı sosial təminat hüquqlarından məhrum olduqlarını bilmir. Doğrudur, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə müəyyən işlər görür və bu işlər təqdirəlayiqdir. Nümunə üçün, sonuncu bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi elan etmişdir. Bu qrant müsabiqəsinin mövzularından bir neçəsi məhz qeyri-formal məşğulluğa həsr olunmuşdur. Düşünürəm ki, maarifləndirmə prosesinə vətəndaş cəmiyyəti institutlarının cəlb olunması işin səmərəliliyini daha da artıracaqdır.
- Ölkəmizdə qeyri-formal məşğulluğun səviyyəsinin azaldılması ilə bağlı nə təklif edirsiniz?
- Ölkəmizdə keçən ilə kimi işəgötürənlər üçün sosial sığorta haqları çox yüksək – 22% təşkil edirdi. Bu da qeyri-formal məşğulluğun xüsusi çəkisinin yüksək olmasına təsir göstərən ən ciddi faktor idi. Qeyri-formal məşğulluğun xüsusi çəkisinin azaldılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti 30 noyabr 2018-ci il tarixdə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq etdi. Bu qanuna görə məcburi sosial sığorta haqlarında bəzi dəyişikliklər edildi və neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqlarına 2019-cu il yanvarın 1-dən 7 il müddətində güzəştlər nəzərdə tutuldu. Fikrimcə, bu islahat qeyri-formal məşğulluğun səviyyəsinin azaldılmasına müsbət təsir göstərəcəkdir. Bu əsaslı dəyişiklik, ölkədə qeyri-formal məşğulluğun səviyyəsinin aşağı salmaqla yanaşı, eyni zamanda əhalinin sosial təminatının yaxşılaşdırılmasına gətirib çıxaracaqdır. Bunlarla yanaşı, əhali arasında maarifləndirmə işinin genişləndirilməsi zəruridir. Qeyri-formal məşğul olan insan hansı sosial təminat hüquqlarından məhrum olduğunu bilməlidir.
- Maraqlı müsahibəyə görə təşəkkür edirik.