Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Professor Tərbiz Əliyev: “Azərbaycanda pambıqçılıqla bağlı həyata keçirilən pilot layihələrin məqsədi qabaqcıl təcrübəni ölkəmizdə tətbiq etməkdir”

  • Oxunub 748 dəfə

 “Azərbaycanda pambıqçılıqla bağlı həyata keçirilən pilot layihələrin məqsədi qabaqcıl təcrübəni ölkəmizdə tətbiq etməkdir. Azərbaycanın çox böyük pambıqçılıq təcrübəsi var. Lakin müəyyən müddət bu sahədə müəyyən boşluqlar yarandığı üçün, biz pambıqçılıq sahəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin təcrübəsindən istifadə etməliyik”. Bu fikirləri Səs İnformasiya Agentliyinə açıqlamasında AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev deyib.

  İqtisadçı-alim söyləyib ki, bu yaxınlarda ölkə başçısının rəhbərliyi ilə keçirilən müşavirədə Prezdent İlham Əliyevin pambıqçılığın daha da inkişaf etdirilməsi üçün müəyyənləşdirdiyi vəzifələr müasir texnologiyaların tətbiqi, emal müəssisələrinin modernləşdirilməsi və yeni müəssisələrin yaradılması, yeni pilot layihələrin işə salınması, pambıqçılığa güzəştli kreditlərin artırılması ilə bağlı tapşırıqları ölkəmizdə aparılan islahatların tərkib hissəsidir.

O bildirib ki, pambıqçılıqla bağlı məsələlər arasında mütərəqqi texnologiyalara daha böyük meydan verilməlidir: “Ölkəmizdə Çin texnologiyası, o cümlədən türk texnologiyası vasitəsilə pilot layihələr həyata keçiriləcək. Bu layihələr aqro klassterlər vasitəsilə həyata keçirilsə, o zaman daha da müsbət iqtisadi, sosial səmərə ala bilərik. Bu, insanların həm maddi rifah halının yaxşılaşdırılması, əmək haqqının çoxalması, yeni iş yerlərinin artırılmasına daha çox şərait yara bilər”.

T.Əliyev qeyd edib ki, pambıq strateji məhsuldur və onun maddi-texniki bazası tam möhkəmləndirilənə qədər dövlətin dəstəyi birmənalıdır: “Lakin pambıqçılığın inkişaf etdirmək üçün fermer təsərrüfatlarının birləşdirilməsinə ehtiyac var. Onlar birləşməsə, bir yerə toplaşmasa, aqro klassterlər yaradılmasa pambıqçılığın inkişaf sürətini ləngidə bilər. Regionlarda heç olmasa rayonlararası, daha sonra isə iri rayonlarda klassterlərin yaradılması həm pambığın əkilməsi, həm becərilməsi, həm də istehsalı, emalı və satışının idarə edilməsinə çox müsbət təsir göstərə bilər”.

İnstitutun şöbə müdirinin sözlərinə görə, kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət tərəfindən subsidiyaların ayrılması, güzəştli kreditlərin verilməsində bəzi icra başçıları səhlənkar fəaliyyəti göstərərək sahibkarlara düzgün çatdırmırlar: “Əgər bu kreditlər vaxtında və düzgün şəkildə sahibkarlara çatdırılsa və həmin sahibkarlar onlara ayrılan maliyyə vəsaitindən qaydası üzrə istifadə etsələr biz pambıqçılığın inkişafında böyük uğurlar əldə edə bilərik. Sahibkarların üzərinə düşən məsuliyyət aqrotexniki qaydalara düzgün riayət etmək, torpaqlardan məqsədli şəkildə istifadə etmək, dövlətin onlara ayırdığı vəsaiti təyinatı üzrə düzgün şəkildə xərcləməkdən ibarətdir”.