“İcbari Tibbi sığorta sağlamlığınızın qarantıdır” layihəsinin məqsədi əhalini maarifləndirməkdir
- Oxunub 608 dəfə
Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri, AMEA İqtisadiyyat İnstitutunun “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayevanın economics.com.az saytıma müsahibəsi
- Rəsmiyyə xanım, sədri olduğunuz Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi “İcbari tibbi sığorta sağlamlığınızın qarantıdır” adlı bir layihə icra edir. Bu layihənin həyata keçirilməsində məqsəd nədən ibarətdir?
- Diqqətinizə çatdırım ki, 2019-cu ilin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 26 dövlət qurumu (o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi) ilə birgə qrant müsabiqəsi elan etmişdi. Biz də Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi olaraq həmin müsabiqədə iştirak etdik. Birliyimizin “İcbari Tibbi sığorta sağlamlığınızın qarantıdır” adlı layihəsi qalib oldu. Layihənin icrasında məqsəd əhali arasında icbari tibbi sığorta ilə bağlı məlumatlılıq səviyyəsini artırmaqdır. Bildiyimiz kimi, 2020-ci ildə bütün ölkə üzrə icbari tibbi sığorta sistemi mərhələli şəkildə tətbiq ediləcəkdi. COVİD-19 pandemiyası səbəbindən bu sistemin tətbiqində yubanmalar baş verdi. 2021-ci ildə isə ölkədə icbari tibbi sığortanın tətbiqinin tamamlanması nəzərdə tutulur. Sistem ölkəmiz üçün yeni olduğundan, əhali arasında maarifləndirmə işinə ehtiyac var. İnsanlar icbari tibbi sığorta çərçivəsində hansı xəstəliklərin müalicə olunduğunu, hansı qrupların dövlət tərəfindən sığortalandığını, işləyənlərin nə qədər icbari tibbi sığorta haqqı ödəməli olduğunu və digər məsələlər haqqında ətraflı məlumat almalıdırlar. Maarifləndirmə təkcə dövlət qurumlarının işi deyil, eyni zamanda vətəndaş cəmiyyəti institutlarının da üzərinə müəyyən vəzifələr qoyur.
- Layihənin icra vəziyyəti ilə bağlı məlumat verməyinizi istərdik.
- Layihəmizin icrası iyul ayının 1-dən etibarən başlamışdır. Layihə çərçivəsində maarifləndirmə xarakterli iki vebinarın keçirilməsi və bir kitabçanın nəşri nəzərdə tutulmuşdur.
- İyulun 24-də 1-ci vebinarı təşkil etmişdiniz, çox maraqla qarşılandı...
- Elədir. İcbari tibbi sığorta ilə bağlı maarifləndirmə vebinarımıza maraq böyük idi. Birinci vebinarda 4 ekspertimiz (AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., prof. Nazim Müzəffərli (İmanov), AMEA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini i.f.d., dos. Allahyar Muradov, tədqiqatçılar Samir Mahmudov və Mələk Əliyeva) icbari tibbi sığortanın müxtəlif istiqamətləri ilə bağlı təqdimatlar etdilər. İcbari tibbi sığortanın üstünlükləri, əhalinin sosial müdafiəsindəki rolu, dünya modeli və Azərbaycanda icbari tibbi sığortanın mövcud vəziyyəti ilə bağlı iştirakçılara ətraflı məlumat verildi. Əksər universitetlərin (Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Kooperasiya Universiteti) müəllim və tələbə heyəti, ziyalılar, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri vebinarda iştirak edirdi. Vebinarda çox maraqlı diskussiyalar oldu, bir sıra təkliflər verildi. Belə tədbirlərdən təkcə orada iştirak edənlər faydalanmırlar, həm də KİV, sosial şəbəkələr vasitəsi ilə daha çox insan məlumatlanmış olur.
- Vebinarda maraqlı təkliflərin səsləndirildiyini qeyd etdiniz. Həmin təklifləri müvafiq dövlət qurumlarına təqdim etməyi düşünürsünüzmü?
- Bəli, belə fikrimiz var. İkinci vebinardan sonra bunu etməyi qərarlaşdırmışıq. Çünkü orada da yeni təkliflərin olacağını düşünürük. Bütün təklifləri dəyərləndirdikdən sonra müvafiq qurumlara təqdim edəcəyik.
- Bu layihə çərçivəsində bir kitabçanın nəşrinin nəzərdə tutulduğunu qeyd etdiniz. Kitabça çapa hazırdırmı?
- Bəli, bu layihə çərçivəsində “İcbari tibbi sığorta” adlı bir kitabçanın nəşrini nəzərdə tutmuşuq. Kitabçanın ilkin versiyası artıq hazırdır və SƏLİS üzərindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim olunmuşdur.
- Kitabçada oxucular hansı məlumatları əldə edə biləcəklər?
- Kitabçada oxucular icbari tibbi sığorta ilə bağlı əsas məlumatları əldə edəcəklər. Kitabça iki fəsildən ibarətdir. Birinci fəsildə icbari tibbi sığortanın yaranması tarixinə nəzər salınmışdır. Onun əhalinin sosial müdafiəsindəki rolu haqqında geniş məlumat verilmişdir. Bu fəsildə, həmçinin icbari tibbi sığortanın dünya modeli şərh olunmuşdur. İkinci fəsil ölkəmizdə icbari tibbi sığortanın mövcud vəziyyətinə həsr olunmuşdur. Pilot rayonlar, xidmətlər zərfi, icbari tibbi sığortanın maliyyələşmə mənbələri, icbari tibbi sığorta haqları və s. haqqında ətraflı məlumat verilmişdir.
- Rəsmiyyə xanım, Birliyinizin gördüyü işlər təqdirəlayiqdir. Sizə fəaliyyətinizdə uğurlar arzu edirik.
- Mən də Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi adından fəaliyyətimizi işıqlandırdığınıza və bu maarifləndirmə işində dəstək olduğunuza görə Sizə təşəkkür edirəm!