Rəsmiyyə Abdullayeva: “YAŞAT” şəhid ailələrinin, qazilərimizin sosial təminatını yaxşılaşdıracaq"
- Oxunub 663 dəfə
Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda 44 gün davam edən Vətən Müharibəsində igid oğullarımız əsl qəhrəmanlıq nümunəsi, misilsiz rəşadət göstərərək tarix yazdılar. Bu savaşda 2783 nəfər Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə yüksəldi. II Qarabağ Savaşında çoxlu sayda insan yaralandı. Səhiyyə müəssisələrində 1245 hərbi qulluqçumuzun müalicəsi hələ də davam edir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti 8 dekabr 2020-ci il tarixdə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Fərman imzalayıb. Məqsəd post-konflikt dövründə hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial təminatı sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.
AMEA İqtisadiyyat İnstitutunun “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva economics.com.az saytına bildirib ki, vətən uğrunda savaşda yaralananların və şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritetlərindəndir. Bundan başqa, istər yaralıların, istərsə də şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi hər zaman cəmiyyətin də diqqət mərkəzində olub. Xeyriyyə təşkilatları, vətəndaş cəmiyyəti institutları, işadamları, müxtəlif şəxslər ayrı-ayrılıqda bu məsələyə həssas yanaşıblar. Lakin bu prosesdə dövlət-vətəndaş həmrəyliyinin daha da gücləndirilməsi yaralıların və şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir.
İqtisadçı ailm qeyd edib ki, Fondun yaradılması, şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlil olmuş şəxslərin təkcə sosial təminatının yaxşılaşdırılması, onlara yardım göstərilməsi nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşımır, bu, həm də Azərbaycan xalqının öz əsgərinə verdiyi maddi-mənəvi dəstəyin göstəricisidir: “Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müəyyənləşdirilməsi isə toplanacaq vəsaitlərin səmərəli istifadəsi və şəffaflığın təmin olunması nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə bağlı cəmiyyətdə məmnunluq və inam hissi mövcuddur. “YAŞAT” Fondunun Himayəçilik Şurasının tanınmış sənət adamlarından, ziyalılardan formaladırılması cəmiyyət tərəfindən razılıqla qarşılanmışdır.
Bir faktı xüsusi qeyd etmək istərdim ki, “YAŞAT” Fonduna 1 gündə 1,5 milyon manat vəsait ianə edilimişdir. Bunun özü də xalqımızın Vətən uğrunda yaralananların və şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılmasına nə qədər həssas yanaşmasından xəbər verir. Bizim xalqımız hər zaman yardımsevərliyi ilə fərqlənmişdir. Bu gün də bunu bir daha sübut edir. “YAŞAT” Fondu yaralıların və şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılmasında mühüm rol oynayacaq və mahiyyətindən irəli gələn missiyasını uğurla həyata keçirəcəkdir. Allahdan Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfa diləyirəm!” (economics.com.az).